İran səfirliyinin ağlasığmaz açıqlaması – Naxçıvanda nələr baş verir?

İran səfirliyinin ağlasığmaz açıqlaması –

Sosial şəbəkələrdə İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika yığması haqda xəbərlər yayılıb.

İranın Azərbaycandakı səfirliyi görüntülərin çəkildiyi vaxt və məkan barədə məlumatın olmamasını əsas gətirərək, fikir bildirməyin mümkün olmadığını açıqlayıb.

Səfirlik vurğulayıb ki, “hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir”.

Azərbaycana qarşı qurulacaq cümlədir bu?

Bu cümlənin “tərcüməsi” belədir: “Qorxuruq ki, bizi arxadan vurarsınız”.

Təəssüf, amma bunun başqa açıqlaması yoxdur!

Elə düşünmürlərsə, bəs İran özünü Naxçıvandan niyə müdafiə etmək zərurəti duysun?

Ermənistan ABŞ,Avropa İttifaqı kontingentini İranın düz burnunun dibinə gətirir, amma nədənsə “zəruri hazırlıq tədbiri görmək” Tehranın yadına düşmür.

Maraqlıdır, niyə?

Azərbaycan heç bir hərbi fəaliyyət icra etmir, əksinə işğaldan azad edilmiş ərazilərin bərpası ilə məşğuldur. Amma baxırsan ki, İran hələ də üzü şimala “snayperin optik nişangahından” baxır.

Yeri gəlmişkən, İran Naxçıvanı dronla hədəfə alanda Azərbaycan dövləti də, cəmiyyət də mümkün qədər təmkinli davranmağa çalışdı.

Məsələyə eskalasiya prizmasından yanaşmadıq.Müharibə şəraitində olan qonşu ölkədə hansısa başıpozuq qrupun təxribat törətmiş ola biləcəyini nəzərə aldıq, gərginliyi daha da artıracaq addımlardan çəkindik.

Hətta Naxçıvanı dronlarla hədəfə alan ölkəyə Azərbaycan TIR-larla humanitar yardım göndərdi.

Bəs qarşılığında aldığımız cavab budur?

Bu illər ərzində Azərbaycan ərazisindən İrana qarşı istifadəyə dair bircə sübut da tapılmayıb. Əksinə, İran siyasi rəhbərliyi ali səviyyədə bəyan edib ki, qonşular, eləcə də Azərbaycan öz ərazisindən İrana qarşı istifadəyə imkan verməyib.

İran və Azərbaycan təkcə qonşu ölkələr deyil, həm də ortaq tarixə, müştərək mədəniyyətə və bir-birinə yaxın mənəvi dəyərlərə malik iki toplumdur.

Azərbaycan Prezidenti dəfələrlə “Qardaş İran xalqı” ifadəsini işlətməklə cənub qonşumuza münasibətimizi göstərib. Görünür, qonşuluq münasibətlərinin, qardaşlıq və dostluq prinsiplərinin mahiyyətini dərk etməyənlərin İlham Əliyevdən öyrənəcəyi hələ çox şey var.

İkinci Tamerlan

Mənbə: globalinfo.az