Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün hökumət binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycana səfəri dekabrın əvvəlində baş tutacaq. O, səfərin Bakıya olmayacağını vurğulayıb.
“Ehtimal edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, lakin Bakı olmayacaq”, – Simonyan bildirib.
Simonyan bəlkə Şuşa şəhərinə gəlsin və görüş orada keçirilsin. Bu mümkünmü? Onun Şuşanın azad edildikdən sonra necə qurulduğunu öz gözləri ilə görüb xalqına bu şəhərin əsl sahiblərinin azərbaycanlılar olduğunu bir daha deməsi üçün məhz Şuşaya səfəri daha məqsəduyğun ola bilərmi?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Alen Simonyanın Azərbaycana gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfərinin cavabı kimi bir səfərdir: “Azərbaycan tərəfinin Ermənistana səfəri paytaxt İrəvanda baş tutmadığı üçün özü-özlüyündə diplomatik bərabərlik məntiqindən çıxış etdikdə Simonyanın da Bakıya gəlməsi mümkün görünmür.
Belə olan halda bir neçə alternativ yaranır. Azərbaycan Prezidentinin köməkçisi Dilicanda Ermənistan rəsmiləri ilə görüşmüşdü. Dilican Azərbaycanla sərhəd rayonlarından biridir. O zaman Simonyanın Azərbaycan rəsmiləri ilə görüşün Qazaxda, Şuşada, ya da Laçında keçirilməsi mümkün ola bilər. Hər üç şəhər sərhəd şəhəri, sərhədə çox yaxın şəhərdir. Yaxşı olar ki, Simonyanla görüş ya Laçında, ya Şuşada keçirilsin. Çünki hazırda Ermənistanla Azərbaycan arasında sülh inşa olunmaqdadır, kövrək addımlar atılmaqdadır. Alen Simonyan bu prosesdə iştirak eləyən diplomatlardan biridir.
Ermənistan diplomatı qəti əmin olmalıdır ki, ermənilər Azərbaycanda işğalçı idilər, bu torpaqlar onlara aid deyildi. Ona görə də onlar insanlarımızdan tutmuş, evlərimizə, tarixi abidələrimizə, ekologiyamıza, qəbirsanlıqlarımıza qədər hər şeyə qarşı bir terror eləmişdilər. İndi isə torpağın sahibinin azad edilmiş şəhər və kəndlərinə münasibətinin necə olmağını görmək üçün məncə hər bir erməni diplomatı Azərbaycana gəlməlidir və sülhün gerçək əsaslarda necə qurulduğunu görməlidir.
Bu, əslində sülh danışıqlarına da kömək edə bilər. Ona görə də düşünürəm ki, Alen Simonyanın səfəri Şuşada təşkil olunsa daha yaxşı olar. Hətta Azərbaycan musiqisi ilə tanış olmaq istəsə orada Cıdır düzündə bir muğam da dinləyə bilər. Biz bilirik ki, Nikol Paşinyan Azərbaycan musiqilərini çox sevir. Yəqin ki, Alen Simonyan da Azərbaycan musiqisinin heyranıdır. Çünki erməni mahnılarının böyük əksəriyyəti Azərbaycan mahnılarının təsiri altında formalaşan musiqidir”.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu ilin iyun ayında ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək, həmin vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Armen Qriqoryanla görüşmüşdü. Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumatda bildirilmişdi ki, növbəti görüş Azərbaycanda keçiriləcək.
Etibar Seyidağa,
Musavat.com
Mənbə: musavat.com