İranın İraqla sərhədə hərbi texnika yerləşdirməyə başladığına dair iddialar narahatlıq doğurub. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Tehran nəyə hazırlaşır? Növbəti İran–İraq müharibəsi başlaya bilərmi?
Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İranın İraq sərhədinə hərbi texnika yerləşdirməsi ilə bağlı yayılan görüntülər təbii olaraq regionda yeni müharibə ehtimalı ilə bağlı suallar doğurur:
“Ancaq mövcud vəziyyəti təhlil etdikdə görünür ki, Tehranın bu addımı hələlik İraqa qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlıq kimi qiymətləndirilə bilməz.
İran hazırda eyni vaxtda bir neçə təhlükəsizlik problemi ilə üz-üzədir. Bir tərəfdən ABŞ və İsraillə davam edən gərginlik, digər tərəfdən isə İraqın şimalında fəaliyyət göstərən silahlı kürd qrupları və sərhəd təhlükəsizliyi məsələləri Tehranı qərb istiqamətində hərbi hazırlığını gücləndirməyə vadar edir. Buna görə də sərhədə əlavə zirehli texnika və canlı qüvvənin cəmləşdirilməsi daha çox preventiv xarakter daşıyır və mümkün təxribatların qarşısını almağa hesablanmış addım kimi görünür.

Vüqar Zifəroğlu
Yaxın perspektivdə yeni İran-İraq müharibəsinin başlanacağı ehtimalı isə yüksək deyil. Çünki hazırda Tehran və Bağdad arasında siyasi münasibətlər kifayət qədər sıxdır və hər iki tərəf təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirir. Bundan əlavə, İran üçün əsas strateji prioritet ABŞ və İsraillə qarşıdurmanın idarə olunmasıdır. Belə bir şəraitdə İraqla yeni cəbhənin açılması həm iqtisadi, həm də hərbi baxımdan Tehran üçün ciddi yük yaradardı.
Bununla yanaşı, risk tamamilə aradan qalxmış hesab edilə bilməz. Əgər İran sərhədyanı bölgələrdən öz təhlükəsizliyinə yönəlmiş təhdidlərin artdığını düşünərsə, İraqın şimalındakı silahlı qruplara qarşı məhdud hərbi əməliyyatlar, raket və ya pilotsuz uçuş aparatları ilə zərbələr endirə bilər. Lakin belə əməliyyatlar İran–İraq dövlətləri arasında klassik müharibə anlamına gəlmir”.
Turan Rzayev
Mənbə: globalinfo.az