Sabah qadın voleybolçulardan ibarət “Turan” komandası Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində növbəti vacib sınağına çıxacaq. Tovuz təmsilçisi Bolqarıstanın “Maritsa” klubu ilə üz-üzə gələcək. Rəqib klubun oyunçuları Tovuzda böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, qarşılaşma “Turan” üçün Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan təmsilçisi bu mərhələni uğurla adlayacağı təqdirdə növbəti mərhələyə yüksəlmək və Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək şansını qoruyacaq. Qarşılaşma ərəfəsində “Turan” klubunun prezidenti Həsən Zeynalov və komandanın baş məşqçisi Ziya Rəcəbov jurnalistlər üçün brifinq keçirərək oyuna hazırlıq, komandanın fiziki və psixoloji durumu, heyətin komplektləşdirilməsi, rəqibin imkanları və qarşıdakı hədəflərlə bağlı sualları cavablandırıblar.
Klub prezidenti Həsən Zeynalov qrup mərhələsinə yüksəlməyin birbaşa maliyyə gəliri gətirmədiyini bildirib. Onun sözlərinə görə, əksinə, bu mərhələdə iştirak üçün klubun müəyyən ödənişlər etməsi tələb olunur. Bununla belə, Zeynalov əsas qazancın “Turan”ın Avropada tanınması olacağını vurğulayıb. O, komandanın heyətinin tam komplektləşdirildiyini, motivasiyanı azarkeşlərin dəstəyindən aldığını qeyd edib. Prezident futbol və voleybol istiqamətlərində paralel mübarizənin komandaya mane olmadığını, əsas məqsədin oyunçuları zədələrdən qorumaq olduğunu da diqqətə çatdırıb. Zeynalov 16 ildən sonra belə bir mərhələdə çıxış etməyin məsuliyyətini hiss etdiklərini və baş məşqçi ilə birlikdə uğurlu nəticələrə ümid etdiklərini söyləyib.
Baş məşqçi Ziya Rəcəbov isə komandanın qarşılaşmaya ciddi hazırlaşdığını və futbolçular arasında arxayınlığın olmadığını bildirib. Onun sözlərinə görə, Bolqarıstandakı ilk oyunda qazanılan qələbəyə baxmayaraq, “Maritsa”nı zəif rəqib hesab etmək olmaz. Rəcəbov səfər qarşılaşmasında uzun yolun və saat fərqinin oyunçulara təsir etdiyini, Tovuzdakı matçda isə komandanın maksimum gücünü ortaya qoymalı olduğunu deyib. Baş məşqçi heyətin hazırkı durumunu yaxşı qiymətləndirib, bir voleybolçunun zədəli olduğunu, lakin alternativlərin mövcudluğunu vurğulayıb. Ayşənin ilk oyunda meydanda olmamasını taktiki qərarla izah edən Rəcəbov rəqibin səfərdə daha aqressiv oynaya biləcəyini də istisna etməyib. O, “Maritsa”nın baş məşqçisinin inamlı açıqlamalarına münasibət bildirərkən voleybolda hər şeyin mümkün olduğunu və komandasının qələbə üçün əlindən gələni edəcəyini söyləyib.
Qeyd edək ki, “Turan” Bolqarıstanda keçirilən ilk qarşılaşmada “Maritsa”nı 3:0 hesabı ilə məğlub edib. Bu nəticə Tovuz təmsilçisinə cavab görüşü öncəsi ciddi üstünlük qazandırır. İndi əsas məsələ həmin üstünlüyü doğma meydanda qorumaq və Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməkdir.
Mənbə: musavat.com