UEFA Fransa Futbol Federasiyasını gözlənilməz səbəbə görə 10 min avro məbləğində cərimələyib. Buna səbəb milli komandanın Belçika ilə oyununda futbolçuların corablarına vurulan rəngli lentlərlə bağlı qayda pozuntusu olub.
Bu barədə Fransanın “L’Équipe” nəşri məlumat yayıb.
Hadisə sentyabrın 28-də UEFA Millətlər Liqası çərçivəsində keçirilən Fransa – Belçika matçında baş verib. Fransa yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşma saat 20:45-də başlamalı olsa da, futbolçuların geyimindəki uyğunsuzluq səbəbindən start bir neçə dəqiqə gecikib.
Məlumata görə, oyunçuların corablarına vurulan rəngli lentlər UEFA-nın tələblərinə uyğun olmayıb. Matçdan əvvəl bu detalın yoxlanılmaması təşkilatçıların həmin ləvazimatları qəbul etməməsinə səbəb olub. Nəticədə futbolçular meydana çıxmazdan əvvəl problemi aradan qaldırmağa məcbur qalıblar.
UEFA baş verənləri Millətlər Liqasının reqlamentinin 6.07-ci maddəsinin pozulması kimi qiymətləndirib. Həmin maddəyə əsasən, milli federasiyalar oyun geyimləri ilə bağlı tələb olunan məlumatları qarşılaşmalardan əvvəl qurumun “TIME” platformasına daxil etməlidirlər.
Qeyd edək ki, bu, Zinəddin Zidanın Fransa millisində baş məşqçi kimi ilk toplanışında yaşanan yeganə təşkilati problem olmayıb. Türkiyə ilə 1:0 hesablı qələbə ilə başa çatan görüşdə də Fransa himninin səsləndirilməsi zamanı protokolla bağlı anlaşılmazlıq yaşanıb. Bundan başqa, komandanın bayrağının unudulması səbəbindən nümayəndə heyətinin soyunub-geyinmə otağına qayıtmalı olduğu bildirilir.
“L’Équipe” yazır ki, məşqçilər korpusu bu nöqsanları oktyabrın 6-da keçirilən toplantıda müzakirə edib və gələcək oyunlarda oxşar halların təkrarlanmaması üçün tədbirlər görüb.
Mənbə: publika.az