Polşa çempionatında “Rakuv”un səfərdə “Legiya”nı 4:2 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra Mahir Emrelinin çıxışı yerli mətbuatda müzakirə olunub.
“Sport.pl” nəşri matçdan sonra jurnalist və ekspertlərin fikirlərini dərc edib. Komandanın yeni baş məşqçisi David Şvarqanın rəhbərliyi altında göstərdiyi oyun müsbət qiymətləndirilib.
“naWylotTV”nin şərhçisi Kamil Qlemboçki isə Azərbaycan millisinin üzvü Mahir Emrelinin performansına xüsusi diqqət çəkib. O, hücumçunun qol vurmasa da, qələbədə mühüm pay sahibi olduğunu bildirib:
“Etiraf etməliyəm ki, belə başlanğıca inanmırdım. “Legiya” öz meydanında məğlub edildi. Möhtəşəm oyun idi. Bu gün komandanı yalnız tərifləmək olar. Otienoya, Kvyatkovskiyə və müdafiə xəttinə afərin. Tudor da əla oynadı, təcrübəsi açıq-aydın görünürdü. Emreli qol vurmasa da, qələbədə çox vacib rol oynadı”.
Qeyd edək ki, görüşə start heyətində başlayan Mahir Emreli “Rakuv”un ikinci qolunun ötürməsini verib. Azərbaycanlı futbolçu 73-cü dəqiqədə əvəzlənib.
Mövsümə uğursuz başlayan “Rakuv” yeni baş məşqçi David Şvarqanın rəhbərliyi altında nəticələrini yaxşılaşdırmağa çalışır. Komanda 14 turdan sonra 12 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
Mənbə: publika.az