Məhkəmədən Əkrəm İmamoğlu ilə bağlı qərar

Məhkəmədən Əkrəm İmamoğlu ilə bağlı qərar

Türkiyə Konstitusiya Məhkəməsi (AYM) İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun fərdi müraciətini rədd edib.

Türkiyə mətbuatına istinadla xəbər verilir ki, məhkəmə onun şəxsi azadlıq və təhlükəsizlik hüququnun, eləcə də seçilmək və siyasi fəaliyyətlə məşğul olmaq hüququnun pozulduğu barədə iddialarını əsassız hesab edib.

İmamoğlu həbs qərarının hüquqi olmadığını, həbs müddətinin ağlabatan həddi keçdiyini, istintaq materialları ilə tanış olmaq imkanının məhdudlaşdırıldığını və məhkəmə orqanlarının müstəqil, qərəzsiz olmadığını iddia edərək Konstitusiya Məhkəməsinə müraciət edib.

O, həmçinin həbs müddətinin uzadılması ilə bağlı qərarların ona bildirilmədiyini və buna qarşı etirazının araşdırılmadığını bildirib.

Müraciətdə bu halların şəxsi azadlıq və təhlükəsizlik hüququnu pozduğu, həbs tədbirinin isə seçilmək və siyasi fəaliyyətlə məşğul olmaq hüququna müdaxilə olduğu vurğulanıb.

Konstitusiya Məhkəməsi iddiaları açıq-aşkar əsassız hesab edərək fərdi müraciətin rədd olunmasına qərar verib.

Zümrüd Abidqızı

Mənbə: publika.az