Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq

Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq

Avropa İttifaqı (Aİ) Ukraynaya əlavə 4,36 milyard avro vəsait ayıracaq. Vəsait ölkənin dövlət büdcəsinə və ordunun ehtiyaclarına yönəldiləcək.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində bildirib.

“Ukrayna hərbi vəziyyət şəraitində beşinci qışa qədəm qoymaq üzrədir. Ukraynada ədalətli və davamlı sülhün əldə olunması istiqamətində səylər davam edərkən, Aİ-nin sarsılmaz dəstəyi qüvvədə qalır”, – deyə o qeyd edib.

Avropa Komissiyasının saytında bildirilib ki, yeni yardım 90 milyard avroluq kredit çərçivəsində ayrılıb. Bunun 3,7 milyard avrosu makroiqtisadi maliyyə yardımı, daha 660 milyon avrosu isə müdafiə sahəsinə yönəldiləcək.

Oktyabrın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski dövlət büdcəsindəki 70 milyard avroluq kəsirin qarşılanması üçün Avropa İttifaqından əlavə maliyyələşmə istəyib.

Daha sonra Avropa Şurasının sədri Antonio Koşta Aİ-nin bu məbləğin üçdə ikisini (təxminən 46,7 milyard avro) qarşılamağa hazır olduğunu bildirib.

Mənbə: bizim.media