Ermənistanda müxalifət birləşir – Azərbaycana da qarşı ümumi cəbhə yaradılır

Ermənistanda müxalifət birləşir – Azərbaycana da qarşı ümumi cəbhə yaradılır

11 siyasi qüvvə milli birlik bəyanatı ilə çıxış etdi – Azərbaycanın mövqeyinə istinad edilən konstitusiya dəyişikliklərinə və birtərəfli güzəştlərə qarşı birləşirlər

Ermənistanda hakimiyyətə qarşı müxalif siyasi qüvvələrin birgə fəaliyyət istiqamətində yeni addımı diqqət çəkir. Ölkənin 11 siyasi qüvvəsi ortaq bəyanatla çıxış edərək milli birlik və ümumerməni həmrəyliyi çağırışı edib.

Musavat.com xəbər verir ki, bəyanatı «Ermənistan» bloku, «Ayakve», «Yaşamaq üçün ölkə», «Çiçəklənən Ermənistan», Ermənistan Respublika Partiyası, Erməni Milli Konqresi, «İrs», «Birlikdə», «Demokratik Alternativ», «Yeni Dövr» və «Birləşmiş ermənilər» siyasi qüvvələri imzalayıb.

Bəyanatda qeyd olunur ki, Ermənistan və erməni xalqı taleyüklü çağırışlarla üz-üzədir. Siyasi qüvvələr bir sıra məsələlərdə fikir ayrılıqlarının olmasına baxmayaraq, ümummilli səviyyədə birləşməyin zəruriliyini vurğulayıblar.Müxalifətin qarşıya qoyduğu əsas hədəflər sırasında Azərbaycanın diktə etdiyi iddia olunan konstitusiyadan imtina, birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülhün təmin edilməsi, milli kimliyin və Erməni Apostol Kilsəsinin müdafiəsi, demokratik azadlıq və hüquqların bərpası yer alıb.İmzalanmış sənəddə siyasi qüvvələr milli prioritetlər ətrafında ictimai birliyin formalaşdırılması və ölkənin üzləşdiyi çağırışlara qarşı birgə mübarizə aparılması barədə razılığa gəldiklərini bildiriblər. Onlar digər siyasi qüvvələri, ictimai və tanınmış şəxsləri də bu təşəbbüsə qoşulmağa çağırıblar.Diqqətçəkən məqam odur ki, bəyanatın iştirakçıları arasında Ermənistanın keçmiş hakimiyyətini təmsil edən Respublika Partiyası, sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi, eləcə də digər müxalif siyasi qurumlar var.

Nikol Paşinyan Brüsselə yollanıb

Beləliklə, müxtəlif siyasi baxışlara malik qüvvələr ən azı bir sıra ümumi milli və xarici siyasət məsələləri ətrafında ortaq mövqe nümayiş etdirirlər.Bəyanatın əsas siyasi mesajlarından biri Azərbaycanın və Ermənistanın sülh gündəliyi çərçivəsində müzakirə olunan konstitusiya məsələsinə münasibətdir. Müxalif qüvvələr bu məsələdə güzəştə getməyəcəklərini nümayiş etdirirlər. Eyni zamanda, ərazi itkiləri olmadan sülh tələbi Ermənistan daxilində sülh prosesinə münasibətdə fərqli yanaşmaların mövcudluğunu göstərir.

Mənbə: musavat.com