Prezidentin "sirdaş"ına rəsmən vətənə xəyanət ittihamı – Kiyevdə kritik qərar!

Prezidentin "sirdaş"ına rəsmən vətənə xəyanət ittihamı – Kiyevdə kritik qərar!

Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə qarşı dövlətə xəyanət ittihamı üzrə rəsmi şübhə elan edilib.

Musavat.com xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq noyabrın 3-də Mendelə qiyabi qaydada dövlətə xəyanət və Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə haqq qazandırmaq şübhəsi irəli sürüldüyünü açıqlayıb.

İstintaqın məlumatına görə, Mendel dövlət kommunikasiya sahəsindəki təcrübəsindən və ictimai nüfuzundan istifadə edərək Ukraynanın beynəlxalq nüfuzuna zərbə vuran, ölkəyə xarici dəstəyi zəiflətməyə yönəlmiş məlumatlar yayıb.

Ukrayna Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, ittihamın əsasını Mendelin xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr və sosial şəbəkələrdəki paylaşımları təşkil edir.

Xüsusilə onun amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Ukraynanın yox olmaq təhlükəsi ilə üzləşdiyini, ölkədə demokratiya və söz azadlığının mövcud olmadığını bildirməsi istintaq materiallarına daxil edilib.

Prokurorluğun məlumatına əsasən, Mendelin açıqlamaları Rusiya dövlət mediası və Kremlə yaxın informasiya resursları tərəfindən geniş istifadə olunub. Aparılan ekspertizalarda həmin çıxışların Ukraynanın informasiya təhlükəsizliyinə zərər vurmaq əlamətləri daşıdığı qənaətinə gəlinib.

Mendelə Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin ikinci hissəsi – hərbi vəziyyət şəraitində dövlətə xəyanət, həmçinin 436-2-ci maddəsinin ikinci və üçüncü hissələri – Rusiyanın hərbi təcavüzünə haqq qazandırılması ilə bağlı şübhələr irəli sürülüb.

Hazırda Ukraynadan kənarda olan Mendelin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Yuliya Mendel 2019-cu ilin iyunundan 2021-ci ilin iyuluna qədər Zelenskinin mətbuat katibi vəzifəsində çalışıb. Vəzifəsindən ayrıldıqdan sonra o, Ukrayna prezidentinin fəaliyyətini sərt tənqid etməyə başlayıb.

2026-cı ilin mayında Taker Karlsona müsahibə verən Mendel Zelenski və onun idarəçilik üsulları haqqında kəskin fikirlər səsləndirib.

Sentyabrın 13-də isə Zelenski keçmiş mətbuat katibinə qarşı sanksiyaların tətbiq edilməsi barədə qərarı qüvvəyə mindirib.

Mənbə: musavat.com