Bakının Asiya nəhənglərinə qapısı açılır – BRİKS-ə üzv oluruq?

Bakının Asiya nəhənglərinə qapısı açılır –

Azərbaycan Prezidenti oktyabrın 23-də Bakıda Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Hindistan Azərbaycanla ticarəti, o cümlədən enerji sahəsindəki əlaqələri genişləndirmək istəyir. Cayşankarın “Hindistan şirkətləri neft-qaz sektoruna investisiya yatırmağa maraq göstərir” cümləsi də bundan xəbər verir. Hindistan bir neçə il əvvəl Azərbaycan neftinin əsas alıcılarından biri idi.

Subrahmanyam Cayşankar — Buta.tv

İki ölkə arasında ticarətin həcmi 1 milyard dollara yaxınlaşmışdı. İran və Hörmüz boğazı ətrafındakı gərginlik Hindistanın neftə olan tələbatını artırıb. Hindistan İran və Körfəz ölkələrinin əvəzinə Rusiyadan ucuz neft alsa da, alternativlərin axtarışını davam etdirir. Bu mənada Hindistan Azərbaycandan daha çox neft almaq istəyir. Ancaq qeyd etmək lazımdır ki, indiyə qədə Yeni Delhi ilə Bakı arasında zaman-zaman gərginlik yaşanıb. Hindistanın Ermənistana dəstəyi, silah satışı, o cümlədən ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün əleyhinə səs verməsi bunu təsdiqləyir. Amma Hindistan təkcə ŞƏT üzvü deyil, eləcə də iqtisadi blok olan BRİKS-in tamhüquqlu üzvüdür.

Hind nazirin Azərbaycana səfəri, xüsusən neft alışı ilə bağlı istəyi dilə gətirməsi də məhz ölkəmizin BRİKS təşkilatına üzvlüyü mövzusunu aktuallaşdırır. Qeyd edək ki, Azərbaycan hökuməti 2024-cü ilin avqust ayında təşkilata tam üzv olmaq üçün rəsmi müraciət ünvanlayıb. Hazırda müraciət baxılma statusundadır və üzvlüklə bağlı proses davam edir.

BRİKS-ə yeni üzvlərin qəbul edilməsi yalnız mövcud üzv dövlətlərin tam konsensusu (yekdil razılığı) əsasında mümkündür. Təşkilatın hazırda 11 tamhüquqlu üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və Səudiyyə Ərəbistanı. Bu ölkələrdən yalnız Hindistanla müəyyən gərginliklər yaşanıb. Ancaq nazirin səfəri Bakının BRİKS-ə yolunun açılacağı ehtimalının gücləndirir. Üstəlik, təşkilatın digər nəhəng üzvü Çinlə strateji tərəfdaşlıq sənədi imzalamışıq. Hər iki nüvə dövləti ilə əlaqələrdə yeni səhifənin açıldığını demək mümkündür.

Quruma üzv ölkələrdən yalnız Hindistan Azərbaycanın üzvlüyünə mənfi yanaşırdı. Bundan sonra Hindistan bu məsələdə əvvəlki mövqeyindən çəkə və Azərbaycanın BRİKS-ə üzvlüyü reallaşa bilərmi?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, avqustun 31-də Düşənbədə Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Hindistan baş naziri ilə görüşü iki ölkə arasında uzun müddətdən bəri davam edən soyuqluğun aradan qaldırılması üçün bir addım oldu: “Bunun nəticəsi olaraq Hindistan xarici işlər naziri Azərbaycana səfər etdi. Hindistan uzun müddətdən bəri Azərbaycanla bağlı siyasətinə düzəlişlər etmək qərarına gəlib. Hindistan anlayır ki, Cənubi Qafqazda yerləşmək və Azərbaycanla əlaqələri gücləndirmək lazımdır. Ona görə də Delhi Bakı ilə münasibətləri inkişaf etdirmək və yeni səhifə açmaq xəttini seçir. Hindistan-Azərbaycan münasibətlərinin yaxşılaşması hər iki ölkənin maraqlarına uyğundur. Hindistanın Orta Asiyada da maraqları var. Azərbaycanın Orta Asiya ölkələri ilə çox yaxın münasibətləri var. Hindistan bunu da nəzərə alır. Münasibətlərin normallaşması gələcəkdə Azərbaycanın BRİKS-ə üzvlüyü məsələsinə Hindistanın süni əngəllər yaratmaq xəttindən imtina imkanı verə bilər. Münasibətlər inkişaf etsə Azərbaycan gələcəkdə BRİKS-ə üzvlüklə bağlı yenidən müraciət edərsə Hindistan əngəli qaldıra bilər. Bu, tərəflərin münasibətlərinin inkişaf səviyyəsindən asılı olacaq”.

Mənbə: musavat.com