Ukraynada qış kabusu: Azərbaycan Kiyevin enerji cəbhəsinə qoşuldu

Ukraynada qış kabusu: Azərbaycan Kiyevin enerji cəbhəsinə qoşuldu

Rusiya ilə müharibənin davam etdiyi bir vaxtda Ukraynanın enerji infrastrukturu yenidən ciddi sınaq qarşısındadır. Elektrik şəbəkəsinə dəyən zərər, enerji obyektlərinin bərpası zərurəti və qarşıdan gələn qış mövsümü Kiyevin əsas problemlərindən birinə çevrilib. Belə bir şəraitdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardım — transformatorlar, elektrik panelləri, kabellər və digər avadanlıqlar — ölkənin enerji sisteminin dayanıqlığının gücləndirilməsinə töhfə verir.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev də ölkəmizin dəstəyinin zədələnmiş infrastrukturun bərpasına və yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsinin təmin olunmasına kömək etdiyini bildirib. Bu dəstək təkcə humanitar yardım deyil, həm də müharibənin ağır nəticələri ilə üzləşən insanların gündəlik həyatının qorunmasına yönəlmiş mühüm töhfədir.

Azərbaycanın bu istiqamətdə atdığı addımlar qış yaxınlaşdıqca daha böyük əhəmiyyət qazanır. Çünki enerji infrastrukturuna hücumlar yalnız elektrik təchizatını deyil, istilik sistemlərini, xəstəxanaların fəaliyyətini və əhalinin gündəlik yaşayışını da təhlükə altına qoyur.

Rusiyanın hücumları fonunda Ukraynanın enerji təhlükəsizliyi nə dərəcədə təmin oluna biləcək və Azərbaycanın humanitar dəstəyi qarşıdakı çətin dövrdə Kiyevin dayanıqlığının artırılmasına necə təsir göstərəcək?

Politoloq Züriyə Qarayeva Musavat.com-a açıqlamasında bildirdi ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı davam etdirdiyi hücumlar göstərir ki, Moskva hərbi əməliyyatlarla yanaşı, ölkənin iqtisadi və sosial dayanıqlığını da zəiflətməyə çalışır: "Xüsusilə qış mövsümü ərəfəsində elektrik stansiyalarının, yarımstansiyaların və ötürücü xətlərin sıradan çıxarılması Ukrayna üçün ciddi təhlükələr yaradır. Çünki enerji təminatında yaranan fasilələr təkcə əhalinin işıqsız qalması demək deyil, həm də istilik sistemlərinin, xəstəxanaların, sənaye müəssisələrinin və digər həyati əhəmiyyətli xidmətlərin fəaliyyətinin məhdudlaşması deməkdir. Ukrayna beynəlxalq tərəfdaşlarının dəstəyi hesabına enerji sistemini bərpa etməyə çalışsa da, davamlı hücumlar bu prosesi çətinləşdirir. Burada əsas problem yalnız dağıdılmış obyektlərin yenidən qurulması deyil, bərpa olunan infrastrukturun növbəti hücumlardan qorunmasıdır. Ona görə də qarşıdakı qışda Ukraynanın enerji təhlükəsizliyinin tam təmin ediləcəyini söyləmək çətindir. Bununla belə, alternativ enerji mənbələrinin genişləndirilməsi, ehtiyat avadanlıqların təmin olunması və beynəlxalq enerji yardımlarının davam etdirilməsi mümkün böhranın miqyasını əhəmiyyətli dərəcədə azalda bilər. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım isə bu baxımdan həm praktik, həm də siyasi əhəmiyyət daşıyır. Göndərilən transformatorlar, elektrik panelləri, kabellər və digər avadanlıqlar zədələnmiş enerji şəbəkəsinin ayrı-ayrı hissələrinin bərpasını sürətləndirməyə, yaşayış məntəqələrində elektrik təchizatının yenidən təşkilinə imkan yaradır. Xüsusilə diqqətə alınmalıdır ki, müharibə şəraitində enerji infrastrukturunun bərpası yalnız iqtisadi məsələ deyil, həm də humanitar təhlükəsizlik məsələsidir. Azərbaycan bu yardımları ilə müharibənin siyasi tərəflərindən birinə çevrilmədən, onun mülki əhali üçün yaratdığı ağır nəticələrin aradan qaldırılmasına töhfə verir. Bu, Bakının Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstək mövqeyi ilə yanaşı, humanitar diplomatiyasının da mühüm göstəricisidir. Əlbəttə, Azərbaycanın göndərdiyi avadanlıqlar Ukraynanın bütün enerji problemlərini həll etmək gücündə deyil. Lakin konkret yaşayış məntəqələrinin elektriklə təminatının bərpası, kritik xidmətlərin fəaliyyətinin davam etdirilməsi və əhalinin qış aylarında üzləşəcəyi çətinliklərin azaldılması baxımından əhəmiyyətli nəticələr verə bilər. Bu mənada Azərbaycanın yardımı həm Ukrayna cəmiyyətinin dayanıqlığının qorunmasına, həm də iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir".

Cavanşir Abbaslı

Mənbə: musavat.com