Laçını, Kəlbəcəri işğal edən "komandir" azadlığa çıxdı –Aşotun qanlı keçmişi

Laçını, Kəlbəcəri işğal edən "komandir" azadlığa çıxdı –Aşotun qanlı keçmişi

Ermənistanda Baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunmuş, “Dəmir Aşot” ləqəbi ilə tanınan Aşot Minasyan həbsdən azad edilib. Musavat.com xəbər verir ki, onun keçmişi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı cinayətkar fəaliyyət göstərmiş erməni separatçı silahlı birləşmələri ilə bağlıdır.

“Sisakan” adlı separatçı silahlı dəstənin komandiri Aşot Minasyanın vaxtından əvvəl şərti azadlığa buraxılması barədə qərarı onun vəkili Miqran Poqosyan təsdiqləyib.

Məhkəmə müvafiq qərarı oktyabrın 5-də qəbul edib.

Aşot Minasyan 1990-cı illərin əvvəllərindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı cinayətkar fəaliyyət göstərən erməni separatçı silahlı birləşmələrinin tərkibində iştirak edib. O, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalında iştirak etmiş “Sisakan” adlı cinayətkar separatçı silahlı dəstəyə komandirlik edib.

1992-ci ilin mayında Laçının işğalında birbaşa iştirak edib. Həmin əməliyyat zamanı çəkilmiş videokadrlarda onun da göründüyü bildirilir.

Minasyanın rəhbərlik etdiyi cinayətkar separatçı silahlı dəstə 1993-cü ilin aprelində Kəlbəcərin işğalına da cəlb olunub. Dəstə Vəng–Ağdaban–Narınclar–Zülfüqarlı–Kəlbəcər istiqamətində irəliləyən erməni silahlı birləşmələri arasında yer alıb. Həmin istiqamətdə Yuri Akopyanın rəhbərlik etdiyi batalyon da fəaliyyət göstərib.

Bundan başqa, “Sisakan” dəstəsi 1989–1994-cü illərdə Laçın, Ağdərə, Kəlbəcər, Zəngilan və Füzuli istiqamətlərində Azərbaycanın ərazi bütövlüyünə qarşı cinayətkar separatçı silahlı fəaliyyətdə iştirak edib.

Aşot Minasyan Ermənistan tərəfindən polkovnik rütbəsi və II dərəcəli “Döyüş xaçı” ordeni ilə təltif olunub.

Onun ailəsinin də Birinci Qarabağ müharibəsi ilə əlaqəsi olub. Qardaşı Ağvan Minasyan həmin müharibədə öldürülüb. 2021-ci ilin martında Minasyanın ata evindən həm özünə, həm də öldürülmüş qardaşına məxsus ordenlərin oğurlandığı barədə məlumat yayılıb.

2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində də Minasyan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı cinayətkar fəaliyyət göstərən separatçı silahlı birləşmələrin tərkibində iştirak edib. Bu dəfə o, iki oğlu və rəhbərlik etdiyi dəstə ilə birlikdə Qarabağa yollanıb.

2020-ci il sentyabrın 28-də Minasyanın rəhbərlik etdiyi “Sisakan” dəstəsi Qarabağa göndərilib. Sentyabrın 29-da dəstə cəbhənin cənub-şərq hissəsində mövqe tutub və Azərbaycan Ordusuna qarşı hərbi əməliyyatlarda iştirak edib.

Dəstə Cəbrayıl istiqamətində də cinayətkar separatçı silahlı fəaliyyətə cəlb olunub. Hərbi əməliyyatlar zamanı dəstənin dörd üzvü – Qarik Muradyan, Artur Qalstyan, Nerses Movsesyan və Artak Marqaryan öldürülüb.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra Aşot Minasyan Nikol Paşinyanı sərt tənqid etməyə başlayıb.

2020-ci il dekabrın 4-də keçirdiyi mətbuat konfransında o, Ermənistanın hərbi məğlubiyyətinə görə Paşinyanı məsuliyyətli hesab edib. Minasyan Ermənistan rəhbərliyini hərbi idarəetmədə ciddi səhvlərə yol verməkdə ittiham edib.

O, həmçinin Paşinyanın Gorus–Qafan yolunun müəyyən hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyini əvvəlcədən bildiyini söyləyib.

Minasyan Cəbrayıl istiqamətində hərbi əməliyyatların davam etdiyi vaxt Paşinyanın Zəngəzura səfər edərək bölgənin müdafiəsinə çağırış etməsini də tənqid edib. Onun sözlərinə görə, bu addım Cəbrayıl istiqamətində yerləşdirilmiş erməni separatçı silahlı birləşmələrinin üzvləri arasında çaşqınlıq yaradıb.

Minasyan daha bir açıqlamasında Paşinyanın Lələtəpəni ələ keçirmək əmri verdiyini bildirib. O, Ermənistanın məğlubiyyətini ölkə rəhbərliyinin qəbul etdiyi qərarlarla əlaqələndirib.

2020-ci ilin noyabrında Minasyan Paşinyana sui-qəsd hazırlamaq və hakimiyyəti ələ keçirmək ittihamları ilə saxlanılıb.

Onunla birlikdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, Respublika Partiyasının sabiq deputatı Vaqram Baqdasaryan və “Daşnaksütyun” partiyasının üzvü Aşot Avakyan da saxlanılıb.

Sonradan kifayət qədər sübut olmadığı üçün onlar azadlığa buraxılıb və həmin ittihamlar üzrə cinayət təqibinə xitam verilib.

Lakin Minasyan barəsində qanunsuz silah və sursat saxlamaqla bağlı ayrıca cinayət işi davam etdirilib. 2025-ci ilin oktyabrında o, iki il müddətinə azadlıqdan məhrum edilib.

2026-cı ilin oktyabrında isə Apellyasiya Cinayət Məhkəməsi onun vaxtından əvvəl şərti azadlığa buraxılmasına qərar verib.

Mənbə: musavat.com