Erməni uşaq onkoloqu Gevorq Tamamyan Botsvana Respublikası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vəzifəsinə namizəd göstərilib. Bu barədə o özü bildirib və Facebook-da kampaniyaya başlayıb. Tamamyan Botsvana prezidenti Duma Bokoya və ölkə hökumətinə etimada görə təşəkkür edib. O, seçiləcəyi təqdirdə əsas məqsədinin üzv dövlətlərlə daha sıx əməkdaşlıq edə bilən və dünyanın bütün bölgələrində insanların səhiyyə xidmətlərinə çıxışını təmin edə bilən daha məsuliyyətli və effektiv ÜST yaratmaq olduğunu deyib. Həmçinin dezinformasiyanın yayılması və beynəlxalq qurumlara olan inamın azalması fonunda ÜST-ə olan etimadı gücləndirməyin vacibliyini qeyd edib.
Onun namizədliyi ÜST-ə rəhbərlik etmək üçün hazırkı yarışda adı elan edilən altıncı namizəddir. Tamamyandan əlavə, bu vəzifəyə namizəd olan digər namizədlər arasında Hans Kluge, Hanan Balxi, Hanan Məhəmməd Əl-Kuvari, Budi Qunadi Sadikin və Maria Neira da var. Yeni baş direktor seçkisi 2027-ci ilin mayında Ümumdünya Səhiyyə Assambleyasında planlaşdırılır. Bundan əvvəl namizədlər bir neçə seçim mərhələsindən keçəcək və proqramlarını təşkilatın üzv dövlətlərinə təqdim edəcəklər.
Bəs Azərbaycan erməniyə səs verərmi? Ümumiyyətlə, bu qurum lazımdırmı?
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı son dövrlərdə öz vəzifəsinin öhdəsindən yetərincə gələ bilmir. “Xüsusən də COVID-19 pandemiyası zamanı qurumun müəyyən mənada çökdüyünün şahidi olduq. Dünyada baş verən proseslərə, tibbi yönləndirmə işlərinə, inteqrasiyaya, əlavə və zəruri dəstəyin vaxtında göstərilməsi və s. kontekstindən baxdıqda, Ümumdünya Səhiyyə Təşkilatının kifayət qədər produktiv çalışmadığı görünür”, - mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, bu təşkilatın maliyyə resurslarının əhəmiyyətli hissəsi ABŞ tərəfindən təmin edilirdi: “ABŞ-nin üzvlük haqqını ödəməməsi fonunda isə təşkilatın daha kritik duruma düşdüyü müşahidə olunur. Belə situasiyada qurumun yenilənməsinə, fəaliyyətinə və iş prinsiplərinə yenidən baxılmasına ehtiyac var. Bu, təkcə Ümumdünya Səhiyyə Təşkilatına aid deyil. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı da bənzər bir taleyi yaşamaqdadır. Bu onu göstərir ki, bir neçə onillik əvvəl yaranmış bu təşkilatların vaxtaşırı yenilənməyə ehtiyacı var. Onların bəlli dövlətlərin təsirindən çıxaraq daha mobil, daha nəzarətolunan və daha produktiv şəkildə fəaliyyət göstərməsi üçün müəyyən qərarların vaxtında qəbul olunması lazımdır”.
O ki qaldı rəhbərlik məsələsinə, həkim qeyd edib ki, hazırda bir neçə namizəd var: “Əgər əlavə 6 namizədin olduğunu nəzərə alsaq, hələlik erməni namizədin şanslarını riyazi olaraq 15 faizə qədər qiymətləndirmək olar. Namizədlərin irəli sürülməsi və kampaniyaya qoşulan insanların sayı müxtəlif ola bilər. Onlar müxtəlif millətlərdən və dövlətlərdən ola bilərlər. Əlbəttə ki, burada da proseslərin arxasında müəyyən tibbi, milli və digər iqtisadi lobbiçiliklərin durması istisna olunmur. Əgər ehtimallardan danışsaq və erməni namizəd həmin təşkilata rəhbər seçilərsə, bunun da bizlər üçün xüsusi bir narahatlıq doğuracağını düşünmürəm.
Yenə deyirik, təşkilatın özünün yetərincə işlək vəziyyətdə olmaması və hazırda baş verən hadisələrə əhəmiyyətli təsir göstərməməsi bu məsələni artıq avtomatik şəkildə müəyyən mənada həll olunmuş vəziyyətə gətirir. Bir də beynəlxalq təşkilatlarda müəyyən qaydalar var. Hətta istəsə belə, bəzən ayrı-ayrı şəxslərin bu qurumları müəyyən istiqamətlərə, xüsusən də neqativ istiqamətlərə yönəltməsi çətin olur. Növbəti faktor ondan ibarətdir ki, bu gün Azərbaycan da artıq köhnə Azərbaycan deyil. Azərbaycanın kifayət qədər gücü var. Bu gün istər Ümumdünya Səhiyyə Təşkilatı olsun, istər Avropanın digər tibbi və siyasi təşkilatları, onlarla üz-üzə dura bilirik, öz sözümüzü deyə bilirik, öz tələblərimizi irəli sürə bilirik və müstəqil şəkildə öz siyasətimizi yürüdərək ehtiyaclarımızı ödəmək gücündəyik. Bu baxımdan da narahatlığa çox ehtiyac yoxdur”.
Afaq Mirayiq
Mənbə: musavat.com