Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ukraynalı həmkarı Andrey Sibiqaya müraciət edərək, Qara dənizdə ölkəsinə məxsus gəmilərə yönəlmiş PUA hücumlarına son qoymağa çağırıb.
Bu barədə ulysmedia.kz nəşri M.Tleuberdinin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində A.Sibeqa ilə görüşündən sonrakı açıqlamasına istinadən məlumat yayıb.
"İlk növbədə, biz Ukrayna tərəfi ilə Qara dənizdəki gəmilərimizə qarşı pilotsuz uçuş aparatlarının hücumlarının gələcəkdə təkrarlanmamasına ehtiyac olduğunu müzakirə etdik", - deyə Qazaxıstanın xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Nazir əlavə edib ki, Nyu-Yorkda bir sıra ölkələrin, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Andrey Sibiqa ilə ikitərəfli görüşlər keçirib.
"Biz onlarla hazırkı münaqişə fonunda münasibətlərimizi nəzərdən keçirdik", - deyə Tleuberdi bildirib.
Bundan əvvəl Qazaxıstanın baş diplomatı bəyan etmişdi ki, Astana ölkə neftinin ixrac infrastrukturuna mütəmadi olaraq PUA-larla zərbələr endirilməsini pisləyir. Onun sözlərinə görə, bu cür hallar mülki gəmiçilik üçün təhlükə yaratmaqla yanaşı, beynəlxalq ticarət qaydalarını pozur və qlobal enerji təchizatının sabitliyinə xələl gətirir.
Qeyd edək ki, 2026 və 2025-ci illər ərzində Qara dəniz sahilində yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) infrastruktur obyektləri dəfələrlə Ukraynaya məxsus pilotsuz aparatların hədəfinə çevrilib.
Mənbə: oxu.az