Almaniya Bundestaqında “Almaniya üçün Alternativ” (AfD) fraksiyası kansler Fridrix Mertsin partiya ilə bağlı açıqlamalarından sonra polisə müraciət edib.
Buna səbəb Mertsin Almaniya parlamentində büdcə müzakirələri zamanı səsləndirdiyi fikirlər olub.
Kansler çıxışında AfD-nin “remiqrasiya” siyasətini tənqid edərək, bunun mahiyyət etibarilə “dərinin rənginə və mənşəyinə görə etnik təmizləməni” təbliğ etdiyini bildirib.
AfD fraksiyasının parlament katibi Ştefan Brandner Mertsin ittihamını tamamilə qəbuledilməz adlandırıb. O, kanslerin bu ifadələrinin cinayət məsuliyyəti çərçivəsində qiymətləndirilə biləcəyini deyib.
AfD nümayəndələri isə bildiriblər ki, “remiqrasiya” dedikdə Almaniyanı tərk etməli olan əcnəbilərin öz ölkələrinə qaytarılması nəzərdə tutulur. Partiya bunun xarici mənşəli Almaniya vətəndaşlarının ölkədən çıxarılması anlamına gəlmədiyini vurğulayır.
AfD-nin mövqeyinə görə, belə bir siyasət yalnız Almaniya Konstitusiyasına uyğun şəkildə həyata keçirilməlidir.
Müəllif: Adəm
Mənbə: publika.az