Paşinyandan erməni diasporuna şok mesaj: Ermənistan illərdir söykəndiyi gücdən imtina edir...

Paşinyandan erməni diasporuna şok mesaj: Ermənistan illərdir söykəndiyi gücdən imtina edir...

Ermənistanın baş naziri Nikol Paşinyanın diasporla münasibətlər barədə son açıqlamaları İrəvanın bu sahədə əvvəlki yanaşmasından uzaqlaşmağa çalışdığını göstərir. Onun diasporu yalnız Ermənistan üçün xaricdə təsir və dəstək mexanizmi kimi deyil, eyni zamanda müəyyən hallarda öz ölkəsinin maraqlarına təsir göstərə bilən ayrıca güc mərkəzi kimi təqdim etməsi diqqət çəkir.

Bu yanaşma təsadüfi görünmür. Çünki Ermənistan uzun illər ərzində diaspor faktorundan həm siyasi, həm maliyyə, həm də informasiya istiqamətində geniş şəkildə istifadə edib. İndi isə Paşinyan həmin münasibətin qarşılıqlı xarakter daşıdığını və diasporun da Ermənistana müəyyən təsir imkanları qazandığını açıq şəkildə etiraf edir.

Paşinyanın,- “tez-tez diaspor deyirik, amma onun başqa ölkəyə bağlı olduğunu unuduruq”,- fikri əslində, Ermənistanın diaspor siyasətinin əsas paradokslarından birinə toxunur. Ermənistan üçün xaricdəki erməni icmaları uzun müddət milli maraqların müdafiəsində mühüm vasitə hesab olunub. Müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları həmin dövlətlərin siyasi dairələrində Ermənistanın və erməni lobbi təşkilatlarının mövqelərinin gücləndirilməsinə çalışıblar. Lakin Paşinyanın sözlərindən belə nəticə çıxır ki, bu mexanizm yalnız bir istiqamətdə işləmir. Diasporun yerləşdiyi ölkələrin də müəyyən hallarda diaspor üzərindən Ermənistan daxilində təsir imkanları formalaşa bilər.

Burada “ikinci əl mallar” ifadəsi isə xüsusilə diqqətçəkəndir. Paşinyan Ermənistanın artıq bu cür yardımlara ehtiyac duymadığını bildirərkən, bir tərəfdən keçmişin sosial-iqtisadi reallığını xatırladır, digər tərəfdən isə ölkəsinin indiki vəziyyətini tamamilə başqa müstəvidə təqdim etməyə çalışır. Baş nazir hesab edir ki, artıq bu səhifə bağlanmalıdır.

Ermənistan həqiqətən diasporun təsirindən uzaqlaşa bilərmi?

Çünki diaspor Ermənistanın yalnız humanitar və sosial ehtiyaclarını qarşılayan struktur deyil. Onun müxtəlif ölkələrdə formalaşmış siyasi, maliyyə və lobbi imkanları var. Xüsusilə ABŞ, Fransa və digər Qərb ölkələrində fəaliyyət göstərən erməni təşkilatları uzun illər ərzində Ermənistanın və erməni maraqlarının təbliğində mühüm rol oynayıblar. Qarabağ məsələsi, Azərbaycan əleyhinə kampaniyalar və erməni iddialarının beynəlxalq platformalarda gündəmə gətirilməsi də bu fəaliyyətin mühüm istiqamətlərindən olub.

Ermənistan illərdir diasporun siyasi və maliyyə dəstəyindən istifadə etdiyi halda, indi həmin mexanizmdən hansı həddə qədər imtina edə bilər? “İkinci əl mallar”dan imtina bəyanatı yalnız humanitar yardımlara aiddir, yoxsa daha geniş siyasi kursun başlanğıcıdır?

Politoloq Həsən Məmmədov Musavat.com-a dedi ki, bu bəyanatların arxasında real siyasi dönüşdən daha çox, Ermənistanın diasporla münasibətlərinə yeni nəzarət mexanizmi yaratmaq cəhdi görünür: “Paşinyanın “diaspor deyirik, amma onun başqa ölkəyə bağlı olduğunu unuduruq” fikri Ermənistanın illərdir istifadə etdiyi siyasi mexanizmin ziddiyyətini ortaya qoyur. İrəvan diasporun ABŞ, Fransa və digər ölkələrdəki lobbi imkanlarından Ermənistanın maraqları üçün istifadə edib, xüsusilə Azərbaycan və Türkiyəyə qarşı siyasi kampaniyalarda bu resurslara arxalanıb. İndi isə həmin diasporun Ermənistanın daxili və xarici siyasətinə təsir göstərməsindən narahatlıq ifadə olunur. Bu, əslində illərlə qurulan sistemin yaratdığı siyasi paradoksdur. Paşinyanın “ikinci əl mallar” ifadəsi də sadəcə humanitar yardımla bağlı deyil. Ermənistan uzun müddət diasporun maliyyə, siyasi və informasiya resurslarından faydalanıb. İndi isə Paşinyan ölkəsini bu asılılıq modelindən çıxmış dövlət kimi təqdim etməyə çalışır. Ancaq diasporun siyasi və maliyyə imkanlarından tam imtina edilmədiyi halda, bu bəyanat daha çox siyasi ritorika təsiri bağışlayır”.

Politoloq hesab edir ki, əgər Paşinyan həqiqətən Ermənistanın xarici təsirlərdən azad, suveren və praqmatik dövlət modelinə keçməsini istəyirsə, bunu yalnız bəyanatlarla deyil, real xarici siyasətdə də göstərməlidir: “Bunun əsas göstəricilərindən biri Azərbaycan və Türkiyə ilə münasibətlərdə diasporun illərlə formalaşdırdığı sərt siyasi narrativlərdən nə dərəcədə uzaqlaşacağı olacaq. Nəticədə, Paşinyanın diasporla bağlı açıqlamaları mühüm siyasi mesajdır, lakin hələlik konkret siyasətdən çox siyasi manevr təsiri yaradır. Ermənistan illərlə diasporun imkanlarından istifadə etdikdən sonra onun siyasi təsirini məhdudlaşdırmaq istəyirsə, əvvəlcə özünün yaratdığı bu asılılıq mexanizminin məsuliyyətini də qəbul etməlidir. Əks halda “yeni Ermənistan” və “real dövlətçilik” barədə ritorika köhnə siyasətin sadəcə yeni formada təqdim edilməsindən ibarət olacaq”.

Cavanşir Abbaslı

Mənbə: musavat.com