Naxçıvanın Azərbaycanın vahid enerji sisteminə qoşulması və Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin yaradılması istiqamətində həyata keçirilən layihənin ilk mərhələsi başa çatmaq üzrədir.
“AzərEnerji” ASC-yə istinadən xəbər verilir ki, Cəbrayılın Ağbənd istiqamətində 74 kilometrlik 330 kilovoltluq yüksəkgərginlikli elektrik ötürmə xəttinin tikintisində işlərin 97 faizi tamamlanıb.
İkidövrəli xətt 1000 meqavatadək elektrik enerjisinin ötürülməsi gücünə malik olacaq. Layihə çərçivəsində ümumilikdə 296 ədəd anker və aralıq dayaq quraşdırılır. Dayaqların hər birinin çəkisi orta hesabla 30 tondan çox, hündürlüyü isə 45 metrə yaxındır.
Çətin relyef və müxtəlif hava şəraitinə baxmayaraq, layihə üzrə işlərin qrafikdən əvvəl aparıldığı bildirilib.
Layihənin növbəti mərhələsində Ordubad–Naxçıvan istiqamətində 100 kilometrlik, Zəngəzur dəhlizi ərazisindən keçməklə 44 kilometrlik, Naxçıvan–Türkiyə istiqamətində isə 230 kilometrlik elektrik ötürmə xətlərinin inşası planlaşdırılır.
Layihənin reallaşması ilə Naxçıvanın Azərbaycanın vahid enerji sisteminə tam inteqrasiyası, elektrik enerjisinin tezlik tənzimlənməsi üzrə xarici asılılığın aradan qaldırılması və Avropa enerji bazarlarına çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Bundan əlavə, layihə gələcəkdə “yaşıl enerji”nin ötürülməsi baxımından da mühüm rol oynayacaq.
Mənbə: yenisabah.az