Xəzər dənizinin yüzlərlə kilometrlik sahili, Kür və Araz kimi böyük çayları, çoxsaylı su anbarları və zəngin su ehtiyatları olan Azərbaycan balıqçılıq və akvakultura sahəsində dənizə çıxışı olmayan Ermənistanla rəqabətdə geridə qalır.
Son statistik göstəricilər isə bu fərqi daha aydın göstərir. Rusiyanın kənd təsərrüfatı nəzarəti qurumu – "Rosselxoznadzor" Ermənistandan diri balıq idxalına məhdudiyyət tətbiq etdikdən sonra Ermənistan ixrac istiqamətini sürətlə dəyişərək Gürcüstan bazarına yönəlib. İlin ilk yarısında Ermənistan Gürcüstana 500 min dollardan artıq dəyərdə diri balıq satıb və qonşu ölkənin bu məhsul üzrə idxalının təxminən 82 faizini təmin edib.
Bu rəqəm Azərbaycan üçün sadəcə statistik göstərici deyil. Əslində, iqtisadi imkanlarımızla real nəticələrimiz arasındakı uçurumu göstərən ciddi siqnaldır.
Bəs dənizi olmayan Ermənistan bunu necə bacarır? Ermənistan dənizsiz halda balıq ixracatçısına necə çevrilib?
Ermənistanın balıqçılıq sektorundakı uğurunu yalnız Göyçə gölü ilə izah etmək düzgün olmazdı. Burada əsas amil akvakulturanın inkişaf etdirilməsi, intensiv istehsal texnologiyalarının tətbiqi və məhsulun ixrac bazarlarına yönəldilməsidir.
Ölkədə, xüsusilə Ararat vadisində müxtəlif balıq təsərrüfatları fəaliyyət göstərir. Forel və digər növlərin süni şəraitdə yetişdirilməsi geniş yayılıb. Beləliklə, balıq istehsalı təbii su hövzələrindən asılı olan ənənəvi sahə olmaqdan çıxaraq sənaye xarakteri almağa başlayıb.
Başqa sözlə, Ermənistanın dənizə çıxışının olmaması balıq istehsalının qarşısını almır. Müasir akvakultura üçün əsas məsələ dənizin mövcudluğu deyil, su, texnologiya, yem, enerji, investisiya və düzgün qurulmuş logistika sistemidir.
İrəvanın digər üstünlüyü isə çevik bazar siyasətidir. Rusiya bazarında problemlə üzləşən istehsalçılar alternativ istiqamət axtarmağa məcbur olduqda Gürcüstan ən yaxın və əlverişli bazarlardan birinə çevrilib. Nəticədə logistika marşrutunun dəyişdirilməsi böyük vaxt itkisi olmadan həyata keçirilib.
Bu, Azərbaycan üçün də mühüm dərsdir. İxrac bazarında uğur qazanmaq üçün yalnız məhsul istehsal etmək kifayət etmir. Həmin məhsulu vaxtında, rəqabətli qiymətlə və uyğun keyfiyyət standartlarına cavab verən formada xarici bazara çatdırmaq lazımdır.
Azərbaycanın balıqçılıq imkanlarını Ermənistanla müqayisə etdikdə vəziyyət daha da paradoksal görünür. Xəzər dənizi, Kür və Araz çayları, Mingəçevir və Şəmkir kimi böyük su anbarları, müxtəlif rayonlarda mövcud olan göllər, kanallar və digər su hövzələri ölkənin akvakultura sektorunun inkişafı üçün ciddi baza yaradır.
Bunun üzərinə Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarını da əlavə etmək olar. İşğaldan azad edilmiş ərazilərdə yeni kənd təsərrüfatı və aqropark layihələri həyata keçirilərkən balıqçılıq və akvakultura da bu prosesin tərkib hissəsinə çevrilə bilər. Ancaq böyük potensial avtomatik olaraq böyük istehsal demək deyil. Azərbaycanın əsas problemi də məhz budur.
Xəzər var, amma balıq ixracında niyə geridəyik?
Azərbaycanın balıqçılıq sektorunda ən böyük problemlərdən biri istehsalın miqyası ilə bağlıdır. Ölkədə müxtəlif balıq təsərrüfatları fəaliyyət göstərsə də, onların böyük hissəsi iri və sistemli ixrac şəbəkəsinin elementinə çevrilə bilməyib.
Daxili bazarda balığa olan tələbatın yüksək olması da istehsalçını ilk növbədə yerli bazara istiqamətləndirir. Əgər daxildə məhsula yüksək qiymətə alıcı tapılırsa, fermer üçün əlavə logistika, sertifikatlaşdırma və ixrac prosedurlarına girmək hər zaman cəlbedici görünmür.
Nəticədə Azərbaycan Gürcüstan kimi coğrafi baxımdan ən yaxın bazarlardan birində belə ciddi pay əldə edə bilmir.
Bu vəziyyət daha çox düşündürücüdür. Çünki Gürcüstana balıq ixrac etmək üçün uzaq dəniz marşrutlarına, mürəkkəb beynəlxalq logistika sistemlərinə və böyük nəqliyyat xərclərinə ehtiyac yoxdur. Söhbət quru sərhədi ilə bir neçə saatlıq məsafədə yerləşən bazardan gedir.
Belə bir bazarı rəqib ölkəyə uduzmaq artıq təkcə kənd təsərrüfatı məsələsi deyil. Bu, logistika, marketinq, istehsal və dövlət dəstəyi siyasətinin birlikdə qiymətləndirilməsini tələb edən məsələdir.
Balığın qiyməti niyə bu qədər yüksəkdir?
Azərbaycanın daxili bazarında balıq məhsullarının qiyməti də ayrıca problemdir. Yerli istehsalın maya dəyəri yüksək olduqda məhsulun xarici bazarda rəqabət qabiliyyəti avtomatik olaraq zəifləyir.
Balıq təsərrüfatında yem, enerji, su, avadanlıq, logistika və texniki xidmət xərcləri istehsalın son qiymətinə ciddi təsir göstərir. Əgər fermer bu xərcləri aşağı sala bilmirsə, onun Gürcüstan bazarında daha ucuz Ermənistan məhsulu ilə rəqabət aparması çətinləşir.
Deməli, məsələ yalnız “daha çox balıq yetişdirək” çağırışı ilə həll olunmur.
Əsas sual budur: balığı hansı maya dəyəri ilə yetişdiririk?
Əgər Azərbaycan istehsalçısı balığı qonşu ölkənin istehsalçısından daha baha başa gətirirsə, Xəzərin və çayların mövcudluğu özü-özlüyündə üstünlük yaratmayacaq.
Gürcüstan bazarı niyə əldən çıxır?
Gürcüstan Azərbaycan üçün yalnız qonşu ölkə deyil, həm də mühüm regional ticarət və logistika məkanıdır. Bu ölkədə Azərbaycan məhsullarının müxtəlif kateqoriyalar üzrə mövcudluğu kifayət qədər genişdir.
Lakin balıq bazarında mənzərə fərqlidir.
Ermənistanın Gürcüstanın diri balıq idxalında 82 faizlik paya çatması göstərir ki, bu bazarda boşluq var və həmin boşluğu kimsə doldurur.
Niyə həmin boşluğu Azərbaycan dlldurmur?
Cavab üçün yalnız fermeri günahlandırmaq düzgün olmaz. İstehsalçıya ixrac bazarına çıxmaq üçün logistika, sertifikatlaşdırma, baytarlıq nəzarəti, soyuq zəncir, topdansatış infrastrukturu və marketinq imkanları lazımdır.
Kiçik fermerin bütün bunları təkbaşına qurması isə real deyil.
Azərbaycan nə etməlidir?
Əgər Azərbaycan balıqçılığı real ixrac sektoruna çevirmək istəyirsə, ilk növbədə akvakultura təsərrüfatlarının sənaye miqyasında inkişafına şərait yaradılmalıdır.
Su ehtiyatlarının olduğu rayonlarda müasir balıq fermalarının yaradılması, enerji və yem xərclərinin azaldılması, güzəştli maliyyələşmə mexanizmlərinin genişləndirilməsi, məhsuldarlığı artıran texnologiyaların tətbiqi əsas istiqamətlərdən ola bilər.
Bununla yanaşı, ixrac üçün xüsusi logistika zənciri formalaşdırılmalıdır. Diri və soyudulmuş balığın daşınması adi kənd təsərrüfatı məhsulunun daşınmasından fərqlənir. Burada temperatur rejimi, sürət və məhsulun təhlükəsizliyi həlledici əhəmiyyət daşıyır.
Gürcüstan bazarı bu baxımdan ilk hədəflərdən biri ola bilər.
Daha sonra Türkiyə, Orta Asiya, Rusiya və digər regional bazarlara çıxış imkanları genişləndirilə bilər.
Ən böyük təhlükə nədir?
Ən böyük təhlükə Azərbaycanın potensialının rəqiblər tərəfindən daha effektiv istifadə edilməsidir.
Biz Xəzərin sahilində dayanıb “dənizimiz var” deyə bilərik. Amma müasir iqtisadiyyat coğrafi üstünlüyə görə deyil, həmin üstünlükdən necə istifadə etdiyinə görə qalibləri müəyyənləşdirir.
Ermənistanın dənizə çıxışı yoxdur. Amma akvakultura qurur, balıq yetişdirir və Gürcüstanda bazar əldə edir.
Azərbaycanın isə Xəzəri, çayları, su anbarları və yeni iqtisadi inkişaf imkanları var. Buna baxmayaraq, qonşu ölkənin balıq idxal bazarında əsas payı başqa bir ölkə tutur.
Bu, artıq düşünmək üçün kifayət qədər ciddi səbəbdir.
Əgər zəngin su ehtiyatlarımızı real istehsala, real istehsalı rəqabətli qiymətə, rəqabətli qiyməti isə ixraca çevirə bilmiriksə, xəritədəki su potensialının iqtisadi əhəmiyyəti çox da böyük deyil.
Mənbə: musavat.com