ABŞ vitse-prezidenti Cey Di Vens bəyan edib ki, iqtisadi təzyiq İrana qarşı mübarizədə ən təsirli vasitədir.
O qeyd edib ki, Tehran ABŞ-dən daha çox təzyiq hiss edir. Lakin Vens "neft qiymətlərinin açıq-aydın artdığını və insanların bunu yanacaqdoldurma məntəqəsində gördüklərini" etiraf edərək, ABŞ administrasiyasının gəmilərin Hörmüz boğazından keçməsini təmin etmək üçün əlindən gələni etdiyini vurğulayıb:
"Onlar Hörmüz boğazını bağlamağa çalışırlar və əgər biz nəinki işləri yoluna qoya bilsək, həm də amerikalılar üçün yanacaq qiymətlərini bir az da olsa aşağı salmaq üçün kifayət qədər neft və qaz tədarükünü təmin edə bilsək, bu, yaxşı bir şey olardı".

Onun sözlərinə görə, güclü iqtisadi təzyiq Tehranın razılaşmaya yanaşmasını dəyişdirir.
Bəs Vensin bəyan etdiyi iqtisadi təzyiqlər vasitəsi İranı məğlub edə biləcəkmi?

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Cey Di Vensin dediyi xətt ABŞ-nin İranla mübarizəsində hazırda əsas istiqamətə çevrilir. Amma iqtisadi təzyiq İranı ciddi şəkildə zəiflədə bilər, lakin onu avtomatik olaraq məğlub etməyə və siyasi kapitulyasiyaya məcbur etməyə bilər:
"Vensin açıqlaması da təsadüfi deyil. O, ABŞ-İran qarşıdurmasının yeni mərhələsindən iqtisadi təzyiqi ən effektiv vasitə adlandırır. ABŞ maliyyə sistemini, neft ixracını və İranla işləyən üçüncü ölkələri hədəfə almaqla Tehranın müharibəni maliyyələşdirmək imkanlarını daraltmağa çalışır. Bugünkü nəticəyə baxsaq, vəziyyət heç də ABŞ-nin tam istədiyi nöqtəyə gəlib çatmayıb. Düzdür, İran iqtisadi baxımdan artıq ağır vəziyyətdədir. ABŞ-nin blokadası və sanksiyaları nəticəsində İranın neft ixracı azalıb. "Financial Times"ın peyk və gəmiçilik məlumatlarına əsaslanan son xəbərinə görə, İranın əsas neft ixrac terminalı olan Xarq adasında iyulun 31-dən etibarən tanker fəaliyyəti faktiki olaraq dayanıb. Bu, Tehran üçün çox ciddi problemdir. Çünki İran iqtisadiyyatının ən böyük xarici valyuta mənbəyi neftdir. Üstəlik, ABŞ indi yalnız İran şirkətlərini deyil, İranla işləyən xarici şirkət və dövlətləri də hədəfə almaq istəyir. Bu, sanksiyaların əvvəlki mərhələlərindən daha təhlükəli ola bilər. Vaşinqtonun Çin banklarını və İran neftini alan Çin emal zavodlarını belə hədəfə almağı nəzərdən keçirdiyi barədə bu yaxınlarda xəbərlər yayılmışdı".
Bununla belə, professor onu da qeyd edib ki, iqtisadi təzyiqlərlə qısa müddətdə ABŞ-nin İranla bağlı hədəfinə çatması ehtimalı yoxdur:
"İran sanksiyalara yeni başlayan ölkə deyil. Tehran son illərdə sanksiyalardan yayınmaq üçün paralel maliyyə və logistika mexanizmləri yaradıb. ABŞ-nin iqtisadi təzyiqlərinə baxmayaraq, İran neftinin alıcıları var. Çinin rolu xüsusilə böyükdür. Əgər Pekin İran neftini almaqda davam edərsə, ABŞ-nin iqtisadi təzyiqinin nəticələri Vaşinqtonun ümid etdiyi səviyyədə olmayacaq. Sanksiyalar İranı boğsa da, uzun illər ərzində İranın immuniteti yaranıb. Buna görə də iqtisadi təzyiqlər onun məğlubiyyət bayrağı qaldırmasına gətirib çıxara bilmir. ABŞ İranın neft gəlirlərini azaltmaq istəyir, amma eyni zamanda neftin dünya bazarına çıxmasını təmin etməlidir. Çünki Hörmüz boğazında nəqliyyat tam dayanarsa, təkcə İran yox, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, BƏƏ və Qətərin enerji ixracı da riskə düşür. Nəticədə İranın gəlirlərini azaltmaq üçün tətbiq edilən təzyiq dünya neft qiymətlərini artırır. Yəni ABŞ İranı iqtisadi cəhətdən sıxarkən öz iqtisadiyyatına da zərbə dəyə bilər".
Etibar Seyidağa
Mənbə: musavat.com