Əsgərlərə GTA 6 üçün xüsusi məzuniyyət verəcəklər

Əsgərlərə GTA 6 üçün xüsusi məzuniyyət verəcəklər

ABŞ Ordusunun Corciya ştatında yerləşən bölmələrindən biri çoxdan gözlənilən GTA 6 videooyununun buraxılışı ilə əlaqədar əsgərlərə dörd günlük xüsusi məzuniyyət vəd edib.

“Qafqazinfo” xəbər verir ki, Fort Stüartda xidmət edən 2-ci Zirehli Briqada Döyüş Komandasının tərkibindəki 9-cu Briqada Mühəndislik Batalyonu bu təşviqi müqaviləsini yeniləyən əsgərlər üçün nəzərdə tutub.

Belə ki, avqustun 1-dən noyabrın 14-dək xidmət müqaviləsini yeniləyən uyğun hərbçilərə dörd günlük xüsusi məzuniyyət veriləcək.

Məzuniyyətin dəqiq vaxtı isə GTA 6-nın rəsmi buraxılış tarixinə uyğun olaraq əsgərlərlə onların komandirləri arasında müəyyənləşdiriləcək.

Bölmənin rəsmisi, polkovnik-leytenant Ancel Tomkonun sözlərinə görə, 130 uyğun əsgərdən 20-si artıq bu təşviqdən yararlanmaq qərarına gəlib.

ABŞ Ordusunun açıqlamasına görə, məqsəd əsgərləri xidmət müqavilələrini yeniləməyə həvəsləndirmək və şəxsi heyətin orduda saxlanılmasına kömək etməkdir. Uyğun hərbçilərdən müqavilələrini minimum iki, maksimum altı il müddətinə uzatmaları tələb olunur.

Bölmə rəhbərliyi bu təşviqin əsgərlərin marağına uyğun, fərqli və yaradıcı üsul olduğunu düşünür.

GTA 6-nın noyabr ayında buraxılması planlaşdırılır. Oyunun rəsmi buraxılış tarixi 19 noyabr olaraq göstərilir və ilk mərhələdə “Xbox” və “PlayStation” platformalarında satışa çıxacağı bildirilir.

Buna görə də əsgərlərə veriləcək dörd günlük məzuniyyətin məhz oyunun buraxılışına yaxın günlərdə olması gözlənilir. Bununla belə, son qərar komandirlərin razılığı ilə veriləcək.

ABŞ Ordusunda şəxsi heyətin xidmətini davam etdirməsini təşviq etmək üçün müxtəlif üsullardan istifadə olunur. Bunlara müəyyən vəzifələrdən müvəqqəti azadolmalar, parklanma imtiyazları və fəaliyyət göstəricilərinə əsaslanan əlavə ödənişlər daxildir.

GTA 6 ilə bağlı məzuniyyət isə bu təşviqlər arasında ən qeyri-adi nümunələrdən biri kimi diqqət çəkib.

Tomko bu təşəbbüsü karyera məsləhətçisinin yaradıcılığının göstəricisi kimi qiymətləndirib və bölmənin ən bacarıqlı hərbçilərini orduda saxlamaq üçün yeni yanaşmalar axtardığını bildirib.

Mənbə: qafqazinfo.az