Metronun “28 May”–“Nizami” xəttində yeni hərəkət qaydası turistlər üçün xarici dildə səsləndiriləcək?

Metronun “28 May”–“Nizami” xəttində yeni hərəkət qaydası turistlər üçün xarici dildə səsləndiriləcək?

Avqustun 15-dən etibarən Bakı Metropoliteninin “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılıb. Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində aparılan tikinti işlərinin 10–11 ay davam edəcək.

Dəyişiklik paytaxt sakinləri ilə yanaşı, Bakı metrosundan istifadə edən xarici turistlər üçün də aktualdır. Xüsusilə “Dərnəgül” istiqamətindən hərəkət edərək “Nizami” stansiyasına getmək istəyən əcnəbi sərnişinlərin yeni hərəkət qaydasını düzgün anlaması vacibdir. Azərbaycan dilini bilməyən turistlər üçün stansiyalarda və qatarlarda marşrut dəyişikliyi, keçid və hərəkət istiqaməti barədə məlumatların ingilis dilində səsləndirilməsi onların metrodan rahat istifadəsində mühüm rol oynaya bilər.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, paytaxta gələn turistlər şəhər planlamasına uyğun olaraq əsasən Qırmızı xətdən istifadə edirlər.

“Bununla belə, qeyd etdiyiniz məsələ və zərurətə uyğun olaraq tədbirlərin görülməsi diqqətdə saxlanılır”, – deyə qurumdan bildirilib.

Məlumat üçün qeyd edək ki, Qırmızı və Yaşıl xətlərin ayrılması nəticəsində xətlər arasındakı mövcud asılılığın aradan qaldırılması, stansiyalarda sərnişin sıxlığının azaldılması, qatarlararası intervalın minimuma endirilməsi və metroda hərəkətin daha dayanıqlı təşkili nəzərdə tutulur.

Hazırda “28 May” stansiyasının platformasından müxtəlif istiqamətlərə hərəkət edən sərnişinlər birgə istifadə edir. Xüsusilə pik saatlarda bu vəziyyət platformada normadan artıq sıxlıq yaradır və sərnişinlərin qatarlara minib-düşməsini çətinləşdirir.

İşlər başa çatdıqdan sonra “İçərişəhər” istiqamətində hərəkət edən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedən sərnişinlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.

Bundan əlavə, “28 May” ilə “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək ikinci sərnişin pilləkəninin tikintisi də yekunlaşmaq üzrədir. Bu keçidin istifadəyə verilməsi sərnişinlərin iki stansiya arasında daha rahat və sürətli hərəkətinə şərait yaradacaq.

Metroda hərəkətin dayandırılması fonunda sərnişin axınının bir hissəsinin avtobus nəqliyyatına yönələcəyi nəzərə alınaraq əlavə tədbirlər də görülüb. AYNA tərəfindən avqustun 14-dən 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib.

Mənbə: az.trend.az