Son illər Xəzər dənizində suyun səviyyəsi sürətlə enir. Xüsusilə 1995-ci ildən başlayan bu azalma trendi müxtəlif regional amillərlə bağlıdır. Hazırkı vəziyyət Xəzərin ekosisteminə və iqtisadiyyatına mənfi təsir göstərir, dənizin gələcək taleyi ilə bağlı ciddi suallar doğurur.
Mövzu ilə bağlı IDEA İctimai Birliyinin Xəzər dənizi üzrə tədqiqatlar eksperti, CASPISNET-in Kordinatoru, ETN Coğrafiya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Elnur Səfərov İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- Elnur bəy, hazırda Xəzər dənizinin ekoloji vəziyyətini necə qiymətləndirirsiniz? Onun ən ciddi ekoloji problemləri hansılardır?
- Xəzər dənizinin ekoloji problemləri çoxşaxəlidir: su səviyyəsinin azalması, biomüxtəlifliyin itirilməsi, antropogen təsirlər və çirklənmə riskləri.
- Son illərdə dənizin səviyyəsinin aşağı düşməsinin əsas səbəbləri nələrdir?
- Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklər onun su balansı ilə müəyyən olunur. Su balansının gəlir hissəsini əsasən çayların gətirdiyi suyun həcmi (axım) və dəniz səthinə düşən yağıntı təşkil edir, çıxar hissəsini isə dənizin səthindən buxarlanma və dəniz suyunun Qara Boğaz Qol körfəzinə axını formalaşdırır.
Aparılan tədqiqatlar göstərir ki, 1995-ci ildən etibarən dəniz səviyyəsinin azalmasının əsas səbəbləri çay axımında, xüsusilə də Volqa çayının gətirdiyi suda nəzərəçarpacaq azalma və eyni zamanda dəniz səthindən buxarlanmanın artmasıdır.
.jpg)
- Çıxışlarınızın birində atmosfer yağıntılarının Xəzərin su balansındakı payına toxunmusunuz. Məlumdur ki, dəniz səthinə düşən yağışlar ümumi su gəlirinin təxminən 20 faizini təşkil edir. Hazırda ölkə ərazisində, xüsusilə, sahil zonalarında arabir leysan yağışları müşahidə olunsa da, dənizin səviyyəsi enməkdə davam edir. Regional yağıntıların Xəzərin xilasına təsiri niyə yetərsiz qalır?
- Bunun bir neçə səbəbi var. Əvvəla, çayların dənizə gətirdiyi suyun 80%-dən çoxu Volqaya aiddir. Bu səbəbdən onun hövzəsindən kənarda, o cümlədən Azərbaycanın sahil ərazilərinə düşən yağıntıların artıb-azalması ümumi su balansına əhəmiyyətli təsir etmir. İkinci səbəb isə bu ilin birinci yarısında çay hövzələrinə və hətta Volqa çayı hövzəsinə normadan artıq yağıntılar düşsə də səviyyənin gözlənilən artımı baş verməyib. Bunun da əsas səbəbi havanın isti keçməsi ilə əlaqədar çaylar üzərində tikilmiş su anbarlarının səthindən buxarlanmanın intensivləşməsi, həmçinin çayların, hidroloji rejiminə antropogen təsirlərin kəskin artmasıdır. Bu təsirlərin miqyası son dövrlərdə o qədər artıb ki, hətta yağıntıların miqdarının normaya yaxın və ondan bir qədər artıq olduğu şəraitdə belə dəniz səviyyəsinin nəzərəçarpacaq artacağını gözləmək çətindir.
- İqlim dəyişikliyi Xəzər dənizinə hansı konkret təsirləri göstərir?
- İqlim dəyişiklikləri Xəzər dənizinə birbaşa təsir göstərir. Son dövrlərdə dəniz üzərində havanın temperaturunda, eyni zamanda su səthi temperaturunda nəzərəçarpacaq artım qeydə alınıb ki, bu da səthdən buxarlanmanın intensivləşməsinə səbəb olub. Digər tərəfdən, dəniz səthinə düşən yağıntıların miqdarında azalma müşahidə olunur. İqlimin istiləşməsi çay hövzələrindəki su anbarlarında buxarlanmanı artırır və suya olan tələbatı kəskin yüksəldir. Bütün bu amillər dəniz səviyyəsinin aşağı düşməsinə təsir edən əsas faktorlar kimi çıxış edir.
Su səthinin temperaturunun artması Şimali Xəzərdə buz qatının sahəsinin və qalınlığının azalmasına gətirib çıxarır ki, bu da suitilərin populyasiyasına mənfi təsir göstərir. Yay aylarında, xüsusilə sahil sularında temperaturun kəskin artması oksigen çatışmazlığına səbəb olur və nəticədə körpə balıqların məhv olmasına gətirib çıxarır. Beləliklə, iqlim dəyişiklikləri Xəzərin ekosisteminə həm fiziki, həm də bioloji baxımdan ciddi zərbə vurur.
.jpg)
- Siz peyk metodları ilə Xəzərin səviyyəsini və ekologiyasını araşdırırsınız. Kosmosdan baxanda Xəzərdə ən qorxulu və kritik dəyişiklik hansı görünür?
- Kosmosdan baxanda ən kritik görüntülər səviyyənin sürətli enişi, dəniz səth sahəsinin kəskin azalması, sahil xəttinin dənizə doğru yerdəyişməsi, buz örtüyünün azalması, çirklənmiş ərazilərin sahəsinin getdikcə artması ilə əlaqədardır. Bu, regionun ekosisteminin gələcəkdə ciddi təhlükə altında olduğunu göstərir.
- Xəzərin dayazlaşması daha çox Azərbaycanın hansı sahil zonalarına vizual zərbə vurub?
- Xəzər dənizinin səviyyəsinin azalması Azərbaycanda ən çox Abşeron yarımadası, Bakı-Sumqayıt sahil zolağı, Neftçala və Lənkəran bölgələrinə ziyan vurub. Bu ərazilərdə limanlar, balıqçılıq təsərrüfatları, kənd təsərrüfatı sahələri və enerji infrastrukturu ciddi təsirlərə məruz qalıb.
Bakı və digər dəniz limanlarında səviyyənin enməsi gəmilərin giriş-çıxışını çətinləşdirib, kanalların dərinləşdirilməsi üçün əlavə xərcləri qaçılmaz edib. Bütün bunlar Bakı və Sumqayıt limanlarında həm logistika, həm də enerji infrastrukturu üçün ciddi problemlər yaradıb.
Son illərdə Xəzərin səviyyəsinin sürətli enişi Neftçala sahillərində çay mənsəblərinin geri çəkilməsinə səbəb olub ki, bu da balıqçılıq təsərrüfatlarının fəaliyyətini çətinləşdirib. Suyun temperaturunun artması və Kür çayının mənsəbində suyun azalması balıq ehtiyatlarının kəskin azalmasına gətirib çıxarıb.
Lənkəran sahil zonasında isə səviyyə enişi kənd təsərrüfatı və ekosistemə ziyan vurur. Beləliklə, Xəzərin dayazlaşması Azərbaycanın sahil zonalarında həm təbii mühitə, həm də insanların gündəlik həyatına mənfi təsir göstərir.
.jpg)
- Xəzər suitilərinin və nərə balıqlarının populyasiyasında kritik azalma var. Hazırda dənizin çirklənməsi və dayazlaşması bu nəsli kəsilməkdə olan növlərin areallarına necə təsir edir? IDEA-nın bu istiqamətdə hansı layihələri var?
- Hazırda endemik növlərə aid olan Xəzər suitisi və nərə balıqları populyasiyaları kritik azalmanın astanasındadır: dənizin dayazlaşması onların yaşayış areallarını daraldır, təbii və əsasən antropogen çirklənmə isə həm onların çoxalma sahələrini, həm də qida zəncirini zəiflədir. İqlimin istiləşməsi və dəniz səviyyəsinin enməsi nəticəsində suitilərin buz üzərində doğum sahələri 80%-ə qədər azalıb. Çirklənmə nəticəsində ağır metallar və pestisidlərin suiti orqanizmlərində bioakkumulyasiyası, həmçinin balıq ehtiyatlarının azalması nəticəsində baş verən qida çatışmazlığı onların populyasiyalarının azalmasının əsas səbəblərindəndir.
Son dövrlərdə dənizin dayazlaşması, çirklənmə və qanunsuz ovlama nəticəsində nərə balıqlarının populyasiyasında da kəskin azalma baş verməkdədir. Dayazlaşma nəticəsində çoxalma dövründə çay mənsəblərinə çıxışın məhdudlaşması nərə balıqlarının təbii çoxalma areallarını daraldır, kürü ehtiyatlarını azaldır.
2011-ci ildən etibarən IDEA tərəfindən keçirilən balıqburaxma aksiyaları çərçivəsində 10 milyondan çox balıq körpəsi təbii su hövzələrinə buraxılıb. Bundan əlavə, ötən dövr ərzində minlərlə könüllünün iştirakı ilə çoxsaylı sahilyanı təmizlik aksiyaları keçirilib. Sözügedən tədbirlər balıqların, suitilərin və digər su canlılarının torlara ilişərək tələf olması riskini azaldır.
- Biz növbəti 10-20 ildə Xəzəri xilas edə bilməsək, regionu hansı ekoloji və iqtisadi fəsadlar gözləyir?
- Əgər Xəzər dənizinin qorunması üçün növbəti 10-20 ildə real addımlar atılmasa, region ekoloji böhranla üz-üzə qala bilər. Dəniz səviyyəsinin kəskin aşağı düşməsi, iqlimin istiləşməsi və çirklənmənin artması yalnız sahil zonalarını deyil, bütün regionun ekoloji tarazlığını və gələcək dayanıqlı inkişafını ciddi təhlükə altına salır. Bu baxımdan görüləcək tədbirlər həm gözlənilən risklərin qarşısının qismən alınmasını, həm də yarana biləcək əlverişsiz şəraitə adaptasiyanı nəzərdə tutur. Lakin regional əməkdaşlıq mexanizmləri olmadan adaptasiya strategiyaları yalnız milli səviyyədə məhdud qalır. Tehran Konvensiyası, yeni protokollar və ərsəyə gələn yeni təşəbbüslər Xəzərin qorunması üçün vahid yanaşma formalaşdıra bilər. Əgər bu mexanizmlər gücləndirilərsə, Xəzərin ekoloji sabitliyi və regionun sosial-iqtisadi gələcəyi üçün real və davamlı nəticələr əldə etmək mümkündür.
Mənbə: publika.az