Milyarderlərin dəhşət saçan süni intellekt bəyanatlarının ŞOK GİZLİNLƏRİ

Milyarderlərin dəhşət saçan süni intellekt bəyanatlarının

Son günlərdə ABŞ-nin süni intellekt (Sİ) nəhəngləri - “Claude”un yaradıcısı “Anthropic”, “ChatGPT”nin arxasında duran “OpenAI” və İlon Maskın “xAI” şirkəti birdən-birə həyəcan təbili çalmağa başladılar.

Biri deyir ki, “10 faiz ehtimalla hamımız öləcəyik”, o biri iddia edir ki, “Süni intellekt gələn il bütün interneti ələ keçirib dünyanı məhv edə bilər”.

Hətta təklif edirlər ki, gəlin bütün dünyada, o cümlədən Çində süni intellektin inkişafını təcili dayandıraq və xarici ekspertlərin yoxlamasına icazə verək.

İlk baxışdan elə gəlir ki, milyarderlər birdən-birə insanlığı fikirləşməyə başlayıblar. Lakin gəlin məsələyə adi vətəndaşın anlayacağı prizmadan baxaq - böyük biznesin olduğu yerdə göz yaşlarına və filantropiyaya yer yoxdur.

Bəs bu həyəcanın arxasında nə dayanır?

Birincisi, “qorxu satmaq” ən köhnə marketinq hiyləsidir. İnsanlığın psixologiyası belədir ki, qorxan insan məntiqini söndürür, emosiyalarına təslim olur və təklif olunan istənilən xilasedici ideyadan yapışır.

“Süni intellekt dünyanı dağıdacaq” xəbərdarlığı edənlər əslində diqqəti öz üzərlərinə çəkir və dövlətlərə deyirlər: “Bizi tənzimləyin, bizə xüsusi status verin, çünki bu canavarı yalnız biz idarə edə bilərik”.

İkincisi, pul tükənir və köpük partlayır. Süni intellekt modullarını saxlamaq və inkişaf etdirmək üçün inanılmaz dərəcədə böyük pullar - yüz milyardlarla dollar lazımdır. Nəhəng məlumat mərkəzləri, güclü prosessorlar və dəhşətli dərəcədə böyük elektrik enerjisi!

eeea8c39-be7a-3c69-bf61-e591fca97402_1200.jpg (160 KB)

İnvestorlar isə artıq soruşmağa başlayıblar: “Biz milyardlar yatırırıq, bəs gəlir hardadır?”

Süni intellekt hələ ki yatırılan xərcləri çıxara bilmir. İnvestisiya axını zəifləyəndə bu iqtisadi köpük partlamaq təhlükəsi ilə üzləşir. Şirkət rəhbərləri inkişafı özləri saxlamalıdırlar, amma bunu “batarıq” deyə yox, “dünyanı xilas edirik” adı altında etmək daha yaxşı görünür.

Əsas məsələ, bu haray-həşirin əsl məğzi Çin nəfəsini onların kürəyində hiss etdirməsidir. ABŞ şirkətləri başa düşür ki, pulları bitdiyi üçün tempi yavaşlatmaq məcburiyyətindədirlər. Amma onlar dayansa, Çin dayanan deyil. Çin süni intellekt şirkətləri dövlət dəstəyi ilə sürətlə irəliləyir. ABŞ nəhənglərinin “Gəlin Çin də daxil olmaqla hamımız inkişafı dayandıraq və bir-birimizi yoxlayaq” təklifi əslində rəqibin ayağından çəkmək cəhdidir. Təbii ki, Çin bu təklifi qəbul etmədi.

Bundan başqa, yeni oyunçuların yolunu bağlamaq və monopoliya yaratmaq niyyəti var. Əgər dövlətlər sərt qaydalar və “təhlükəsizlik sertifikatları” tətbiq etsələr, bu qaydaları yalnız imkanı çatan nəhənglər ödəyə biləcək. Kiçik startaplar və açıq kodlu, yəni hər kəsə pulsuz olan süni intellekt layihələri sıradan çıxacaq. Yəni böyük şirkətlər bazarı tamamilə öz aralarında bölüşdürmək istəyirlər. Nəticə etibarilə, arının baldan şikayət etməsi absurd olduğu kimi, kapitalistin deyilən risklərə görə öz mənfəətindən imtina etməsi də qeyri-real görünür. Həyəcanlı bəyanatların arxasında insanlığı xilas etmək yox, bazar üstünlüyünü qorumaq, Çini ləngitmək və maliyyə böhranını gizlətmək dayanır.

Süni intellektin inkişafı dayandırılmasa, bu proses bəşəriyyətə həm böyük imkanlar, həm də ciddi təhlükələr vəd edir. Müsbət tərəfdən, süni intellekt elmdə və səhiyyədə inqilab edir. Xərçəng kimi ağır xəstəliklərin erkən diaqnostikası, yeni dərmanların aylar ərzində kəşf olunması, dəqiq cərrahiyyə əməliyyatları məhz bu texnologiya sayəsində mümkün olur. İqtisadiyyatda istehsalat sürətlənir, insanların vaxtını alan rutin və ağır işlər avtomatlaşdırılır, təhsildə isə hər bir fərdə uyğunlaşdırılmış öyrənmə metodları yaranır.

Mənfi tərəfdən ən böyük təhlükə əmək bazarında kütləvi işsizlik riskidir. Müştəri xidmətləri, proqramlaşdırma, dizayn və mətn tərtibatı kimi sahələrdə milyonlarla insan işini itirmək təhlükəsi ilə üz-üzədir. Bundan əlavə, “deepfake” texnologiyaları vasitəsilə dezinformasiyaların yayılması, seçkilərə müdaxilə, kiberhücumların mürəkkəbləşməsi və avtonom hərbi silahların idarəolunmaz hala gəlməsi ciddi təhlükəsizlik böhranı yarada bilər. Böyük süni intellekt şirkətlərinin apardığı “qorxu marketinqi” insanlığı xilas etmək yox, maliyyə çətinliklərini ört-basdır etmək və Çin rəqabətini ləngitmək məqsədi daşıyır.

Texnologiyanın özü isə nə tamamilə bəla, nə də möcüzədir, onun gələcək təsiri bəşəriyyətin bu güclü vasitəni hansı qaydalarla tənzimləyəcəyindən asılı olacaq.

E.Məmmədəliyev

Mənbə: musavat.com