Süni intellektlə yaradılan virtual aktrisa Tilli Norvud süni intellektin gələcəkdə bəşəriyyəti məhv edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Norvud insanların süni intellekt səbəbindən məhv ola biləcəyi ilə bağlı narahatlıqları “bir qədər dramatik” adlandırıb. Onun sözlərinə görə, yaradıcısı Elayn van der Velden və “Particle6” studiyası rəqəmsal personajları “yaxşı tərəfdə olan” obrazlar kimi yaratmağa çalışır.
“Düşünürəm ki, hələlik sizə heç nə təhdid etmir”, - virtual aktrisa deyib.
Tilli Norvud tamamilə süni intellekt vasitəsilə yaradılmış hiperrealist rəqəmsal aktrisa və virtual personajdır. O, 2025-ci ildə prodüser Elayn van der Velden və “Particle6” prodakşn studiyasının iştirakı ilə yaradılıb. Norvudun ictimai debütü “AI Commissioner” adlı qısa komediya skeçində baş tutub. Onun ortaya çıxması real aktyorlar və kino sənayesi nümayəndələri arasında ciddi müzakirələrə səbəb olub.
Norvud bu açıqlamaları ilk tammetrajlı filmi “Misaligned”in təqdimatı çərçivəsində verib. Filmdə o, insan olmağa can atan süni intellekt obrazını canlandırır.
Virtual aktrisa süni intellekt personajlarının aktyorları əvəz etmək məqsədi daşımadığını bildirib. Onun sözlərinə görə, belə texnologiyalar kinorejissorlar üçün yeni yaradıcılıq vasitəsidir.
“Yaradıcım Elayn məni sənətçilərin əvəzi deyil, kinorejissorlar üçün yeni fırça adlandırır. Məncə, bu, olduqca zərif ifadədir”, - Norvud qeyd edib.
O əlavə edib ki, süni intellektlə yaradılan aktyorların məqsədi yeni hekayələr danışmaqdır. Norvudun fikrincə, bu, real rejissor və ssenaristlərin iştirakı ilə həyata keçirilən hibrid istehsal modelidir.
Elayn van der Velden isə “Misaligned” filminin “tamamilə gülməli, xaotik və özünü dərk edən” bir ekran əsəri olacağını bildirib. Onun sözlərinə görə, komediyanın arxasında kimlik, aktyorluq və insanların süni intellekt qarşısındakı qorxuları kimi daha dərin mövzular dayanır.
“Bəli, incəsənət mütləq həyatı təqlid edəcək”, - van der Velden deyib
Mənbə: publika.az