İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb.
Agentlikdən “Qafqazinfo”ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Çağrı Mərkəzinə İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisi zamanı kütləvi zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.
Məlumat əsasında AQTA əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 40 nəfər zərər çəkib.
Araşdırmalar zamanı ilkin şübhəli qida məhsulları kimi buğlama və düyü müəyyən edilib. Həmin məhsullardan, istehlaka təqdim olunan digər qidalardan, eləcə də zərərçəkən şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək analizə cəlb olunub.
Laborator müayinələrin nəticələrinə əsasən, bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb.
Staphylococcus aureus normal hallarda dəri və selikli qişa mikroflorasında mövcud olan bakteriyadır. Termiki emaldan keçmiş hazır qida məhsullarında bu bakteriyanın aşkar olunması həmin məhsulların hazırlanması və ya sonrakı mərhələdə sanitariya-gigiyena tələblərinin pozulduğunu, o cümlədən çarpaz çirklənmənin baş verdiyini və ya saxlanma şəraitinə riayət edilmədiyini göstərir.
Qeyd edək ki, toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb.
Mənbə: qafqazinfo.az