“Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə ölkədə attraksionların, xüsusilə də kanat və digər yüksək riskli əyləncə qurğularının təhlükəsizliyi məsələsini gündəmə gətirib. İlkin məlumata görə, hadisə güclü külək zamanı “zipline” qurğusunun roliklərinin çıxması nəticəsində baş verib.
Lakin bu, son dövrlərdə istirahət mərkəzləri və əyləncə məkanlarında baş verən ilk belə hadisə deyil. Təkcə ötən ay bir neçə oxşar hadisə qeydə alınıb. Belə ki, avqustun 14-də Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində hovuzun su nasosunda sıxılı vəziyyətdə qalan 4 yaşlı Abdullayev Akif Cavid oğlu həyatını itirib.
Avqustun 19-da Ağdaş rayonundakı istirahət parkında attraksion qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan yeniyetmələrin anası İlahə Baxışova bildirib ki, hadisə zamanı 16 yaşlı qızı daha ağır xəsarətlər alıb, oğlunun isə omba sümüyü çıxıb.
Avqustun 24-də isə Bakı Bulvarında 10 yaşlı qızın mindiyi attraksion təhlükəsizlik kəməri bağlanmadan işə salınıb. Valideynin sözlərinə görə, yelləncək hərəkətə başladıqdan sonra təhlükəsizlik kəmərinin bağlanmadığını görüb. O, qışqıraraq attraksionun dayandırılmasını tələb edib və bundan sonra qurğu saxlanılıb.
Bəs belə qurğuların texniki vəziyyətinə və təhlükəsizliyinə kim nəzarət etməlidir? Onların saz vəziyyətdə olmasına görə məsuliyyəti hansı qurum və ya şəxslər daşıyır? Vətəndaş istifadə etdiyi attraksionun texniki baxışdan keçib-keçmədiyini, təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini necə müəyyən edə bilər?
Digər tərəfdən, belə hadisələr zamanı sığorta məsələsi necə tənzimlənir? İnkişaf etmiş ölkələrdə attraksionların təhlükəsizliyinə hansı mexanizmlərlə nəzarət olunur?
Təhlükəsizlik eksperti Orxan Musayev “Bakupost”a bildirib ki, turizm və istirahət mərkəzlərində istifadə olunan kanat, zipline və digər ekstremal əyləncə qurğuları birbaşa insan həyatı və təhlükəsizliyi ilə bağlı olduğundan ciddi nəzarət tələb edən texniki qurğulardır.
Onun sözlərinə görə, ölkədə qüvvədə olan normativ qaydalara əsasən, sərnişin daşıyan bu sistemlər təhlükə potensiallı obyekt statusuna malikdir və dövlət reyestrində qeydiyyata alınmalıdır:
“Bu o deməkdir ki, həmin qurğuların istismarı heç kimin şəxsi istəyinə deyil, dövlətin təsdiq etdiyi konkret texniki reqlamentlərə və qaydalara tabe edilməlidir. İnsan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki tutuma və canlı yüklərə görə ən azı 3-4 qat artıq ağırlığa hesablanmalıdır.Nəzərə almaq lazımdır ki, polad tros adi bir məftil deyil, xüsusi görülmüş, dözümlü materialdır. Belə troslar heç vaxt qəfil, bir saniyə içində durduq yerdə qırılmır. Polad tros qırılmazdan xeyli əvvəl siqnal verir: telləri tək-tək zədələnir, korroziyaya uğrayır, bərkidilmə nöqtələrində əyilmələr baş verir”.
Qaydalarda da aydın şəkildə göstərilir ki, trosun diametri sürtünmədən və ya paslanmadan 7 faiz kiçilərsə, yaxud daxili metal kəsiyinin 10 faizi yeyilərsə, o tros üzdən bötöv və təzə görünsə belə, dərhal yararsız sayılmalı və istismardan çıxarılmalıdır.Yaxud kəskin hava təsirindən və ya ildırım vurmasından sonra belə tros xüsusi diaqnostik cihazla yoxlanılmalıdır. Yəni qurğu dərhal işə salınmamalıdır”.
Ekspert dünya təcrübəsində tətbiq olunan təhlükəsizlik prinsiplərindən də danışıb:
“Dünya təcrübəsində bu cür troslarla bağlı əsas prinsip var: insan daşınan yerdə təhlükəsizlik bircə trosa etibar edilməməlidir. Mütləq paralel işləyən ikinci ehtiyat xətt olmalıdır ki, əsas trosda hər hansı bir qırılma baş verərsə, ondan istifadə edən insan hər hansı bədbəxt hadisə ilə üzləşməsin”.
O.Musayevin sözlərinə görə, təhlükəsizliyin təmin edilməsində digər mühüm amil personal və bələdçi heyətinin hazırlığıdır:
“Qanunvericilik birbaşa tələb edir ki, bu qurğularda çalışan bələdçilər, təlimatçılar və nəzarətçilər xüsusi komissiya qarşısında bilik yoxlanışından, yəni attestasiyadan keçmiş şəxslər olmalıdır.Təlimatçının vəzifəsi təkcə sərnişinə kəmər taxmaqdan ibarət deyil. O, vətəndaşa texniki qaydaları izah etməli, çəki limitini dəqiq nəzərə almalı və ən əsası, qurğuda, kəmərdə və ya trosda ən kiçik nasazlıq görsə, dərhal prosesi dayandırmalıdır.
Göründüyü kimi, normativ sənədlərdə hər bir detal hər səhər keçirilməli olan gündəlik vizual baxışla, test yoxlamaları və sınaqla, bələdçilərin hazırlığı, dövlət orqanları tərəfindən aparılan ilkin və dövri müayinələr birmənalı şəkildə təsbit olunub”.
Orxan Musayev vurğulayıb ki, burada əsas məsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin üzərinə düşür:
“ Hər bir istirahət mərkəzi anlamalıdır ki, təhlükəsizlik qaydaları formal sənəd deyil, birbaşa insan həyatı deməkdir və bu standartlar hər zaman ön planda dayanmalıdır”.
Təhlükəsizlik ekspert Samir Nəbiyev isə bildirib ki, müəssisə təhlükəsiz istismarı təşkil etməli, məsul şəxsləri müəyyənləşdirməli və onların vəzifələrini daxili əmrlə rəsmiləşdirməlidir:
“Hazırlıqlı operatorlar işləməli, əməkdaşlara istifadə etdikləri sistemin xüsusiyyətlərinə uyğun təlim keçirilməli, qanunvericiliklə tələb olunan hallarda attestasiya və digər uyğunluq prosedurları təmin edilməlidir. Texniki xidmət, gündəlik nəzarət və dövri texniki müayinələr təşkil olunmalıdır. Təhlükə potensiallı obyektlərə münasibətdə işçi heyətinin hazırlığı, avadanlığın diaqnostikası, sınaqları və daxili nəzarət öhdəlikləri ‘Texniki təhlükəsizlik haqqında’ Qanunda da nəzərdə tutulur”.
Samir Nəbiyev vurğulayıb ki, təhlükəsizlik öhdəliyi yalnız obyektin xüsusi texniki nəzarət kateqoriyasına daxil olub-olmaması ilə məhdudlaşmır. “Turizm haqqında” Qanunun 16.1-ci maddəsi turizm xidməti göstərən şəxslərin turistlərin təhlükəsizliyi üçün zəruri tədbirlər görməsini tələb edir. Qanunun 4.2-ci maddəsinə əsasən, onun müddəaları birgünlük ziyarətçilərə də şamil olunur.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9-cu maddəsinin 10-cu bəndi də təhlükəsizliyi təmin etməyən avadanlıq və digər vasitələrdən istifadə nəticəsində zərər yarandıqda xidmət göstərənin məsuliyyətini nəzərdə tutur. Yəni sistemin hansı adla təqdim edilməsi müəssisəni təhlükəsiz xidmət göstərmək öhdəliyindən azad etmir.
FHN-in nəzarət səlahiyyəti sistemin hüquqi və texniki təsnifatından asılıdır”.
Ekspert bildirib ki, dövlət nəzarətindən danışarkən bütün əyləncə vasitələrini eyni hüquqi kateqoriyaya aid etmək düzgün deyil:
“Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Əsasnaməsinin 8.20-ci bəndində sərnişin və yük asma kanat yollarının, funikulyorların, mexanikləşdirilmiş attraksionların və digər göstərilən avadanlıqların qeydiyyatı və təhlükəsiz istismarına nəzarət nəzərdə tutulur. Burada hüquqi baxımdan əhəmiyyətli ifadə məhz ‘mexanikləşdirilmiş attraksionlar’dır”.
O qeyd edib ki, Nazirlər Kabinetinin 15 may 2025-ci il tarixli 159 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”nın 3-cü bəndində də kanat yolları və mexanikləşdirilmiş attraksionları olan obyektlər göstərilir. Lakin bu müddəaların konkret əyləncə sisteminə tətbiqi onun faktiki konstruksiyası və iş prinsipi əsasında qiymətləndirilməlidir:
“FHN-in 24 oktyabr 2016-cı il tarixli 20/01-006 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Sərnişin kanat yollarının və funikulyorların texniki təhlükəsizlik Qaydaları’nın da ayrıca tətbiq dairəsi var. Həmin sənədin 1.5.2-ci yarımbəndi müəyyən kanatla hərəkətə gətirilən attraksionları bu Qaydaların tətbiqindən kənarda saxlayır. Deməli, hər troslu əyləncə sistemini avtomatik sərnişin kanat yolu hesab etmək olmaz. Eyni zamanda, kanat yolu qaydalarının tətbiq edilməməsi digər nəzarət kateqoriyalarına aidiyyət məsələsini öz-özünə həll etmir”.
Samir Nəbiyevin fikrincə, konkret sistemin kanat yolu, mexanikləşdirilmiş attraksion və ya başqa növ əyləncə vasitəsi olması texniki sənədlər və əsaslandırılmış qiymətləndirmə ilə müəyyən edilməlidir. Nazirlər Kabinetinin 21 may 2025-ci il tarixli 163 nömrəli Qərarı ilə təsdiqlənmiş reyestr Qaydasında da obyektlərin təhlükə potensiallı kateqoriyaya və müvafiq tipə aid edilməsini nəzərdə tutan identifikasiya anlayışı mövcuddur:
“Hadisədə istifadə olunan sistemin texniki sənədləri və təsnifatı aydınlaşdırılmadan onun mütləq FHN-in həmin Agentliyinin nəzarətinə aid olduğunu və ya bütün müvafiq nəzarət kateqoriyalarından kənarda qaldığını qəti söyləmək düzgün olmaz”.
Ekspertin sözlərinə görə, xüsusi texniki nəzarətlə yanaşı, təhlükəsiz xidmət göstərilməsi və istehlakçı hüquqlarının qorunması məsələləri də nəzərə alınmalıdır:
“Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsinin 3.1.26-cı yarımbəndi texniki tənzimləmə və müvafiq normativ tələblərə cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan malların, işlərin və xidmətlərin təqdim edilməsinin və istifadəsinin qarşısının alınması üzrə tədbirləri nəzərdə tutur. Buna görə təhlükəli əyləncə xidmətinə münasibətdə istehlakçıların müdafiəsi mexanizmi də hüquqi əhəmiyyət daşıyır”.
O əlavə edib ki, Dövlət Turizm Agentliyinin Əsasnaməsində turizm sahəsində dövlət tənzimlənməsi, nəzarət və əlaqələndirmə, habelə standartlaşdırma, sertifikatlaşdırma və xidmət keyfiyyəti sisteminin təkmilləşdirilməsində iştirak nəzərdə tutulur.
“Ancaq bu səlahiyyətlər qarışdırılmamalıdır. Antiinhisar Agentliyinin təhlükəli xidmətə qarşı tədbir görmək səlahiyyəti onu avtomatik olaraq tros sistemlərinin daimi texniki müayinə orqanına çevirmir. Dövlət Turizm Agentliyinin sahəvi tənzimləmə səlahiyyəti də konkret sistemin texniki nəzarətinin avtomatik onun üzərinə keçməsi demək deyil. Hər qurumun funksiyası öz hüquqi əsasına uyğun müəyyənləşdirilməli, arada cavabsız qalan təhlükəsizlik məsələsi olmamalıdır”.
Samir Nəbiyev bildirib ki, dövlət yoxlaması müəssisənin gündəlik nəzarət öhdəliyini əvəz etmir:
“Burada üç prosesi fərqləndirmək lazımdır: müəssisənin gündəlik əməliyyat nəzarəti, avadanlığın dövri texniki müayinəsi və dövlət nəzarəti çərçivəsində aparılan yoxlama. Xüsusi texniki nəzarətə aid obyektlərdə pozuntuların aradan qaldırılması üçün yazılı göstərişlərin verilməsi, insanların həyatı üçün təhlükə yarandıqda isə işlərin dayandırılması FHN-in müvafiq Agentliyinin səlahiyyətləri sırasında nəzərdə tutulur. Amma bu, müəssisənin gündəlik nəzarətini əvəz etmir”.
Ekspert gündəlik baxışın sistemin istismar təlimatı və tətbiq olunan tələblər əsasında təşkil edilməsini vacib hesab edir:
“Praktik olaraq, ziyarətçilərin istifadəsindən əvvəl səriştəli əməkdaş tərəfindən nəzərdə tutulan yoxlamalar aparılmalı və nəticələr qeydə alınmalıdır. İlkin mərhələdə vizual yoxlama mühüm yer tutur. Daha dərin müayinələrdə isə sistemin növünə və texniki vəziyyətinə uyğun digər üsullar seçilməlidir. Qeyri-dağıdıcı nəzarət gündəlik vizual baxışla eyni prosedur deyil və bütün sistemlər üçün hər gün aparılmalı universal tələb kimi təqdim edilməməlidir. Təhlükəsizliyə təsir edən qüsur aşkarlandıqda istifadə dayandırılmalıdır”.
Samir Nəbiyev xatırladıb ki, FHN nümayəndəsinin 25 iyun 2025-ci ildə mətbuatda dərc edilmiş açıqlamasında attraksionların ən azı 12 aydan bir texniki yoxlamadan keçirilməsi bildirilib. Həmin açıqlama mexanikləşdirilmiş attraksionların nəzarəti kontekstində verilib. Bu, Şəkidəki konkret sistemin təsnifatını müəyyən edən bəyanat və ya bütün növ əyləncə vasitələrinə avtomatik tətbiq edilən vahid norma deyil.
“İldə bir dəfə yoxlama aparılması ilin qalan günlərində nəzarətə ehtiyac olmadığı demək deyil. Konkret müayinə proqramı və dövrilik tətbiq olunan normativ tələblərə, istehsalçı sənədlərinə, istismar intensivliyinə və şəraitinə uyğun müəyyənləşdirilməlidir. Təhlükəsizliyə təsir edən təmir, dəyişiklik və ya hadisədən sonra sistemin yenidən istifadəyə verilməsi üçün hansı əlavə yoxlamaların tələb olunduğu ayrıca qiymətləndirilməlidir”.
Ekspertin fikrincə, təhlükəsiz istismar sənədlərlə faktiki texniki vəziyyətin birlikdə qiymətləndirilməsini tələb edir:
“Mexanikləşdirilmiş attraksion və ya digər müvafiq kateqoriyaya aid sistem üçün qanunvericiliklə tələb olunan texniki pasport, ekspertiza, qeydiyyat və istismara dair sənədlər təmin edilməlidir. Lakin sənədin mövcudluğu həmin gün sistemin faktiki sazlığını yoxlamaq ehtiyacını aradan qaldırmır. Sənəd ola bilər, amma sonradan yaranmış nasazlıq sistemin istifadəsini təhlükəli edə bilər”.
Samir Nəbiyev təhlükəsiz istismar üçün aşağıdakı praktiki yanaşmanı vacib hesab edir:
“Texniki nəzarət yalnız trosla məhdudlaşdırılmamalıdır. Dayaqlar, bünövrələr, bərkitmə nöqtələri, birləşmələr, hərəkət və əyləc mexanizmləri, iştirakçını qoruyan sistemlər kompleks qiymətləndirilməlidir. Müvafiq hallarda qeyri-dağıdıcı nəzarət üsulları tətbiq edilməli, aşınmış və zədələnmiş komponentlər müəyyən edilmiş meyarlara əsasən dəyişdirilməlidir.
İcazə verilən çəki, iştirakçı sayı və hava şəraiti ilə bağlı məhdudiyyətlərə əməl edilməli, hər istifadədən əvvəl şəxsin düzgün bərkidilməsi yoxlanılmalıdır. İstifadəçilər qaydalar barədə təlimatlandırılmalı, operatorlar isə yalnız avadanlığı işə salmağı deyil, təhlükəli vəziyyəti müəyyən etməyi və müdaxilə qaydasını da bilməlidirlər”.
Ekspert əlavə edib ki, sistemin növünə uyğun təhlükəsiz dayandırma, təxliyə və hündürlükdən xilasetmə planı olmalı, onu icra edəcək hazırlıqlı şəxslər və lazımi avadanlıq əvvəlcədən müəyyənləşdirilməlidir:
“Xilasetmə planı yalnız kağız üzərində qalmamalıdır. Onun real şəraitdə icrası mümkün olmalıdır. Təhlükəsizliyə təsir edən nasazlıq aradan qaldırılmadan və tələb olunan yoxlamalar tamamlanmadan istismar bərpa edilməməlidir”.
Samir Nəbiyevin fikrincə, bu hadisədən sonra yalnız konkret qəzanın səbəbləri deyil, müxtəlif əyləncə sistemləri üzrə hüquqi tənzimləmə və nəzarət mexanizminin yetərliliyi də qiymətləndirilməlidir:
“Azərbaycanda təhlükəsiz xidmət göstərmək barədə ümumi hüquqi öhdəliklər mövcuddur. Ona görə bütün sahəni tamamilə qaydasız və nəzarətsiz elan etmək düzgün deyil. Aydınlaşdırılmalı məsələ ziplaynların, troslu keçidlərin, kəndir parklarının və digər yüksək riskli əyləncə sistemlərinin hər biri üzrə texniki təsnifatın, məcburi təhlükəsizlik tələblərinin və konkret nəzarət səlahiyyətinin birmənalı müəyyən edilib-edilməməsidir. Ayrı-ayrı sistemlər üzrə normativ boşluq və ya səlahiyyət qeyri-müəyyənliyi aşkar edilərsə, bu, təxirə salınmadan aradan qaldırılmalıdır”.
Ekspert vurğulayıb ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddəsinin 2-ci bəndi təhlükə yarada bilən xidmət üçün təhlükəsizlik tələblərini müəyyən edən normativ sənəd olmadığı halları da nəzərə alır. Həmin müddəa müvafiq icra hakimiyyəti orqanlarının belə sənədlərin təxirəsalınmadan hazırlanmasını və qəbulunu təmin etməsini, təhlükəli xidmətin göstərilməsini dayandırmasını nəzərdə tutur. Deməli, ayrıca normanın olmaması təhlükəli fəaliyyəti davam etdirmək üçün hüquqi əsas deyil.
Samir Nəbiyev problemin həlli üçün Nazirlər Kabinetinin əlaqələndirməsi ilə FHN, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi və aidiyyəti texniki mütəxəssislərin iştirakı ilə kompleks qiymətləndirmə aparılmasını təklif edir:
“İlk növbədə belə əyləncə sistemləri inventarlaşdırılmalı, hər birinin texniki növü, risk səviyyəsi və tətbiq edilən hüquqi rejim müəyyənləşdirilməlidir. Təhlükəsizliyi təsdiqlənməyən və ciddi risk daşıyan sistemlər üzrə qanunvericiliyə uyğun təxirəsalınmaz tədbirlər görülməlidir.
Hər kateqoriya üzrə layihələndirməyə, quraşdırmaya, istismara buraxılmaya, dövri müayinəyə və təhlükəli fəaliyyətin dayandırılmasına kimin cavabdeh olduğu açıq göstərilməlidir. Nəzarət yanaşması hazırlanarkən yalnız mühərrikin mövcudluğu deyil, hündürlükdən düşmə, toqquşma, daşıyıcı elementin sıradan çıxması və xilasetmənin çətinliyi kimi risklər də əsas götürülməlidir.
Normativ sənədlərdə gündəlik baxışların, dövri müayinələrin, təmir və hadisədən sonrakı yoxlamaların həcmi və müddətləri, operatorların hazırlığı, komponentlərin dəyişdirilmə meyarları və xilasetmə imkanları dəqiq müəyyənləşdirilməlidir. Müayinələri aparan şəxslərin və təşkilatların müvafiq sistem üzrə səriştəsinə, müstəqilliyinə və nəticələrə görə məsuliyyətinə aydın tələblər qoyulmalıdır”.
Ekspert normativ bazanın təkmilləşdirilməsində kəndir parklarının konstruksiyası və təhlükəsizliyi üzrə EN 15567, macəra turizmində təhlükəsizliyin idarə edilməsi üzrə ISO 21101 kimi sənədlərin uyğun müddəalarının nəzərə alınmasını da məqsədəuyğun hesab edir. Onun sözlərinə görə, bu sənədlər avtomatik Azərbaycan qanunvericiliyinin məcburi tələbi kimi təqdim edilməməli; milli tənzimləmədə necə tətbiq olunacağı ayrıca müəyyənləşdirilməlidir.
“Vahid məlumat sistemi də qurulmalıdır. Mövcud reyestrlərlə əlaqələndirilən bu sistemdə əyləncə vasitəsinin identifikasiyası, məsul istismarçı, son və növbəti müayinə, istifadə məhdudiyyətləri və istismar statusu görünməlidir. Ziyarətçi istifadəyə yararlılığı barədə əsas məlumatı rahat yoxlaya bilməlidir.
Vətəndaşın həyatı "bu sistem hansı qurumun səlahiyyətinə aiddir?" sualının cavabsız qalmasının bədəlini ödəməməlidir. İnsanlar istirahətə gedib qarşısı alına bilən təhlükələr üzündən həyatlarını itirməməlidirlər.
Əsas prinsip budur: texniki yoxlama sadəcə sənəddə imza deyil, insan həyatını qoruyan real nəzarət mexanizmi olmalıdır. Hüquqi təsnifat və səlahiyyət bölgüsü də məhz bu məqsədə xidmət etməlidir”.
Mənbə: www.bakupost.az