Baş nazirin maaşı 1 milyon dollar artdı

Baş nazirin maaşı 1 milyon   dollar artdı


Sinqapurun Baş naziri Lourens Vonqun illik maaşına 1,1 milyon ABŞ dolları əlavə edilib.

Sinqapur hökuməti baş nazir, nazirlər və yüksək vəzifəli dövlət məmurlarının əməkhaqlarını artırıb.
Yeni qərardan sonra dünyanın ən yüksək maaş alan siyasi lideri olan Lourens Vonqun illik gəliri 3,6 milyon Sinqapur dollarına yüksəlib. Bu məbləğ təxminən 2,8 milyon ABŞ dollarına bərabərdir.
Baş nazirin əvvəlki illik gəliri 2 milyon Sinqapur dolları olub. Beləliklə, onun gəliri 1,4 milyon Sinqapur dolları, yəni təxminən 1,1 milyon ABŞ dolları artıb. Bu isə 60 faizdən çox artım deməkdir.
Lourens Vonq maaşındakı artımdan əldə etdiyi məbləği qarşıdakı beş il ərzində xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlayıb.
Sinqapur hökuməti yüksək maaşların korrupsiyanın qarşısının alınmasına və dövlət idarəçiliyinə peşəkar kadrların cəlb edilməsinə xidmət etdiyini bildirir. Bununla belə, ölkədə yaşayış xərclərinin artması fonunda qərar sosial mediada geniş müzakirələrə səbəb olub.
Məlumata görə, Sinqapurda nazirlərin əsas illik əməkhaqqı paketi də 1,1 milyon Sinqapur dollarından 1,2 milyon dollara yüksəldilib. Müxtəlif göstəricilər əsasında hesablanan əlavə ödənişlərlə nazirlərin illik gəliri 1,35 milyon Sinqapur dollarına çatır.

Mənbə: www.bakupost.az