Ana ehtiyatsızlıqdan körpəsinin ölümünə səbəb olarsa, cinayət məsuliyyəti daşıyırmı? – HÜQUQİ İZAH

Ana ehtiyatsızlıqdan körpəsinin ölümünə səbəb olarsa, cinayət məsuliyyəti daşıyırmı? –

Bu günə qədər dəfələrlə və ürək ağrısı ilə belə xəbərlərə rastlaşmşıq: körpəni əmizdirərkən yuxuya gedən və uşağınını boğulmasına səbəb olan, uşaq qucağında pilləkəndən yıxılan, hündürmərtəbəli evin pəncərəsinin qarşısında azyaşlını nəzarətsiz qoyan ana... Saniyələr içində baş verən hadisə ailənin həyatını alt-üst edir.

Belə vəziyyətdə – uşağın ölümündə ananın ehtiyatsızlığı varsa, o, cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Hüquqşünas Namiq Rəfiyev bildirdi ki, körpənin ölümünün bədbəxt hadisə olması avtomatik ilə ananın cinayət törətməsi demək deyil. Məsələn, uşaq ananın qucağından yıxılıb və nəticədə həyatını itiribsə, hadisənin necə baş verdiyi araşdırılmalıdır.

“Ananın həmin anda hansı vəziyyətdə olduğu, təhlükəni əvvəlcədən görüb-görməməsinin mümkünlüyü araşdırılıb müəyyən edilir. Burada məhkəmə-tibbi ekspertizasının rəyi, şahid ifadələri mühüm əhəmiyyət daşıyır. Körpənin ananın ehtiyatsızlığı nəticəsində vəfat etməsi təkcı hüquqi deyil, həm də ictimai baxımdan həssas məsələdir. Belə məqamda ictimai qınaq dərhal ananın üzərinə düşür, onu ehtiyatsızlıqda, səhlənkarlıqda qınayırlar. Bəzi məqamlarda sosial qınağın haqlı olan tərəfi də var, amma ümumilikdə hər bədbəxt hadisə cinayət sayılmır”.

Bəs ehtiyatsızlıq hansı hallarda cinayət hadisəsi hesab edilir?

Hüquqşünasın sözlərinə görə, əgər ana körpənin təhlükədə olduğunu əvvəlcədən duyur, amma səhlənkar yanaşırsa, məsələn, hərəkət məhdudiyyəti olan uşağı xüsusi mühafizə etmirsə, pəncərə kənarında görüb onu uzaqlaşdırmırsa, ehtiyat tədbiri görmürsə, riskin qarşısını almağa imkanı olduğu halda bunu etmirsə onun hərəkətlərinə Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürməyə dair müddəaları üzrə hüquqi qiymət verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə görə ehtiyatsızlıqdan adam öldürmə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə nəticələnir.

Mənbə: bizim.media