Azərbaycanda aktiv vergi ödəyicilərinin sayının 4,2 faiz artması iqtisadi fəallığın və biznes fəaliyyətinin genişləndiyini göstərən amillərdən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı vergi və mühasibatlıq eksperti Anar Bayramov “Bakupost”a bildirib ki, ilin əvvəli ilə müqayisədə aktiv vergi ödəyicilərinin sayının artması bazara yeni investorların daxil olduğunu, yeni biznes sahələrinin yaradıldığını və yeni vergi ödəyicilərinin fəaliyyətə başladığını göstərir.

Ekspert qeyd edib ki, artımın müəyyən hissəsi artıq bazarda fəaliyyət göstərən sahibkarların əlavə biznes sahələri yaratması ilə bağlı ola bilər. Onun sözlərinə görə, təcrübədə sahibkarların müxtəlif fəaliyyət sahələrini ayrı-ayrı şirkətlər vasitəsilə həyata keçirməsinə rast gəlinir. Məsələn, sahibkar istehsal və turizm sahəsində fəaliyyət göstərirsə, bu biznesləri eyni şirkət daxilində birləşdirməyərək ayrı-ayrı hüquqi şəxslər və VÖEN-lər vasitəsilə fəaliyyət göstərə bilər.
A.Bayramov əlavə edib ki, vergi ödəyicilərinin sayının artmasının digər səbəblərindən biri də vergidən yayınma məqsədilə bizneslərin bir neçə hissəyə bölünməsi ola bilər. Onun sözlərinə görə, təcrübədə bəzi sahibkarların daha aşağı vergi dərəcələrindən və güzəştlərdən yararlanmaq üçün bizneslərini ayrı-ayrı subyektlərə böldüyü hallara da rast gəlinir.
Ekspert vurğulayıb ki, bütün bu amillərlə yanaşı, xarici investorların və yerli investisiyaların hesabına bazara yeni vergi ödəyicilərinin daxil olması da ümumi artımda rol oynayır.
ƏDV ödəyicilərinin sayının 6,2 faiz artmasına toxunan A.Bayramov bildirib ki, burada könüllülük prinsipi də mühüm rol oynayır. Onun sözlərinə görə, əvvəllər ƏDV ödəyicisi olmayan bəzi vergi ödəyiciləri artıq ƏDV uçotuna alınmaq üçün müraciət edə bilərlər.
O qeyd edib ki, vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də ƏDV ödəyicilərinin sayının artmasına təsir edir. Bu tədbirlərin həm stimullaşdırıcı, həm də cəza mexanizmlərini əhatə etdiyini bildirən ekspertin sözlərinə görə, nəticədə sahibkarlar dövriyyələrini daha şəffaf göstərir və uçotlarını düzgün qururlar. Bu isə onların könüllü və ya məcburi şəkildə ƏDV ödəyicisi kimi uçota alınmasına səbəb olur.
Aktiv təsərrüfat subyektlərinin sayındakı artımı da şərh edən ekspert bildirib ki, bu göstərici də yeni vergi ödəyicilərinin bazara daxil olması və mövcud sahibkarların əlavə biznes fəaliyyəti yaratması ilə əlaqəlidir.
Onun sözlərinə görə, ölkədə yeni biznes və yaşayış ərazilərinin salınması da təsərrüfat subyektlərinin artmasına şərait yaradır. Ekspert Ağ Şəhər və Sea Breeze kimi əraziləri buna nümunə göstərib. O qeyd edib ki, bu ərazilər yaşayış üçün nəzərdə tutulsa da, potensial biznes sahələri üçün də əlverişli imkanlar yaradır.
A.Bayramovun sözlərinə görə, Bakıda və ölkənin digər ərazilərində gedən iqtisadi inkişaf fonunda yeni təsərrüfat subyektlərinin sayında artımın müşahidə olunması təbii haldır.
Vüsalə Hüseynova,
BakuPost
Mənbə: www.bakupost.az