2021-ci ildə paytaxtın Nərimanov rayonunda piyadanın öldüyü yol qəzasına görə mühakimə edilən və daha sonra bəraət alan sürücü Maliyyə Nazirliyini məhkəməyə verib.
Sürücü Taleh Məmmədov nazirlikdən üzləşdiyi hadisəyə görə təzminat tələb edib.
Nəsimi Rayon Məhkəməsinə mülki qaydada müraciət edən 1989-cü il təvəllüdlü şəxs bildirib ki, işlədiyi “Bolt” taksi şirkətindən 2000-2021-ci illərdə işlədiyi dövr üçün aldığı əməkhaqqı və bonuslar barədə arayış tələb olunmalıdır. Ona vurulmuş maddi zərərə görə 45000, mənəvi zərərə görə 15000, hüquqi yardım üçün 2500 manat və digər xərclər dövlət tərəfindən qarşılanmalıdır.
Mülki iddianın ümumi məbləği 63 min manat təşkil edib.
Araşdırmalarla müəyyən edilib ki, hadisə 26 sentyabr 2021-ci il tarixdə Ziya Bünyadov prospektində inşaat mağazalarından birinin qarşısında baş verib. Taleh həmin vaxt idarə etdiyi “Kia Rio” markalı avtomobillə yolu keçən İ.Həsənovu vurub. Ağır xəsarət alan şəxs vəfat edib.
Hadisə ilə bağlı videomüşahidə kamerasının görüntülərinə baxılarkən müəyyən edilib ki, mərhum İ.Həsənov yolu keçərkən 7 metrlik məsafəni 3,5 saniyəyə keçir. Hadisə anında taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitəsinin sürəti saatda 84,7 kilometr olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, açılmış iş üzrə zərərçəkmiş tərəf sürücüdən şikayətçi olmayıb. Nərimanov Rayon Məhkəməsi sürücüyə 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib.
Lakin 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək ona bəraət verib və cəzadan azad edib. Daha sonra Ali Məhkəmə bəraəti qüvvədə saxlayıb.
Taleh daha sonra mülki qaydada məhkəməyə müraciət edərək 3 il işsiz qalması və ona dəymiş maddi-mənəvi zərərə görə təzminat almaq qərarına gəlib. Nəsimi Rayon Məhkəməsinə müraciət edən şəxs iddia ərizəsində tələb etdiyi 63 min manatlıq təzminatı belə əsaslandırıb: “Əsassız məhkum olunmağımla bağlı həm maddi, həm də mənəvi ziyan çəkmişəm. Hadisə baş verənə qədər “Bolt” şirkətində taksi sürücüsü kimi işləyərək hər gün 80 manat qazanc əldə edirdim. Hadisə baş verən gündən Ali Məhkəmədə bəraət hökmü çıxarılan tarixədək qazancımdan məhrum olunmuşam, iş yerimi itirmişəm. Yəni 26 sentyabr 2021-ci ildə hadisə baş verən gün ibtidai istintaq orqanına çağırılaraq idarə etdiyim avtomobil və sürücülük vəsiqəm istintaq orqanı tərəfindən alınıb, sürücülük hüququm məhdudlaşdırılıb. Ali Məhkəmənin qərarı qəbul edildikdən sonra taksi fəaliyyəti ilə məşğul olmağa başlaya bildim. Eyni zamanda hadisə baş verən gündən qeyd olunan tarixədək əssasız məhkum olunmağım səbəbindən ailəm, ətrafım, qohumlarım, dostlarımın yanında stres və sarsıntı çəkirdim. Bu gün də mənim taksi fəaliyyəti ilə işə başladığımı görən ətrafım avtomobilimə oturub getmək istəmirlər. Növbəti avto-nəqliyyat hadisəsinin olacağı səbəbi ilə ehtiyat edirlər. Bu hallar bu gün də mənə həm mənəvi, həm də maddi ziyan vurmaqda davam edir. Günahım olmadığı halda ətrafımın münasibətini görüb məyus oluram.
Hadisənin baş verdiyi tarixdən 29 ay 27 gün işsiz qalmışam. Gəlir vergisi və digər çıxılmalardan sonra xalis gəlir 50 manat qazancımdan məhrum olmuşam. Gündəlik qazancım 50 manat x 30 gün= 1500 manat, 30 ay işsiz qaldığı müddət x 1500 manat = 45000 manat. Vurulmuş mənəvi zərəri 15000 manat qiymətləndirirəm. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi üçün 2500 manat, Ali Məhkəmədə hüquqi yardım göstərilməsi üçün 200 manat və Nəsimi Rayon Məhkəməsində hüquqi yardım göstərilməsi üçün 320 manat ödənilmiş xidmət haqqının əvəzi də cavabdehdən alınınaraq mənə ödənilməlidir. “Bolt” şirkətindən dəfələrlə hadisə baş verən ana qədər son bir illik əməkhaqqı və verilən bonuslar barədə arayış tələb etsəm də, imtina olunub. Bu barədə arayış məhkəmə tərəfindən onlardan tələb olunmalıdır”.
Bu il iyulun 8-də Nəsimi Rayon Məhkəməsində hakim Nail Abbasovun sədrliyi ilə sürücü Taleh Məmmədovun mülki iddiası ilə bağlı qətnamə çıxarılıb. Məhkəmə iddianı qismən tələb edib.
Sürücüyə dövlət büdcəsinin vəsaiti hesabına 8700 manat məbləğində mənəvi zərərin və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 3020 manatın ödənilməsi qət edilib. İddiadakı 45 min manatlıq maddi zərər hissəsi isə təmin edilməyib.
Nizam Rza
Mənbə: qafqazinfo.az