Rusiya ordusu bu gecə Ukraynaya rekord sayda dron və raketlərlə - 728 pilotsuz uçuş aparatı (PUA), 13 ədəd “İskəndər” və “Kinjal” raketi ilə hücum edib.
Ukrayna ordusunun açıqlamasına görə, bu hava obyektlərindən 718-i, o cümlədən bütün 7 “İskəndər” qanadlı raketi, hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri ilə vurulub və ya zərərsizləşdirilib. Buna baxmayaraq, dörd hədəfə zərbə dəyib, vurulmuş dron və raketlərin qalıqları 14 fərqli əraziyə düşüb.
Lutsk şəhərində raket hücumu nəticəsində qaraj kooperativi və şəhərdəki özəl müəssisələrdən birində yanğın baş verib. Yanğınsöndürənlər alovu söndürə bilib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Xmelnitski vilayətinə də dron və raket zərbələri endirilib. “RBK-Ukrayna”nın yazdığına görə, bölgə rəhbərliyi bir fərdi evin damı və divarının zədələndiyini bildirib. İnsan tələfatı qeydə alınmayıb.
Zaporojye vilayətində Stepnogorsk icmasında bir sakin dron zərbəsi nəticəsində yaralanıb, bir neçə yaşayış evi dağılıb, bu barədə vilayət administrasiyası məlumat yayıb.
Kiyev vilayətində, xüsusən Brovarı rayonunda da dron zərbələri nəticəsində bir qadın yaralanıb. Həmçinin hücumdan sonra bir neçə yerdə yanğınların başladığı bildirilib.
Ukrayna prezidenti Volodimr Zelenski qeyd edib ki, bu, hava hədəflərinin sayı baxımından ən genişmiqyaslı hücumdur.
Aysel,
BakuPost
Mənbə: www.bakupost.az