ABŞ-dan Yaponiyaya milyard dollarlıq tələb - Tokio razılaşmır

ABŞ-dan Yaponiyaya milyard dollarlıq tələb -

ABŞ prezidenti Donald Trampın administrasiyası Yaponiyadan ölkədəki Amerika hərbi bazalarının saxlanılması üçün ayrılan vəsaiti üç dəfə artırmağı tələb edib.

Bu barədə “Nikkei” nəşri məlumat yayıb.

Bildirilib ki, Vaşinqton növbəti beş il ərzində bu məqsədlə 19 milyard dollardan çox vəsait ayrılmasını istəyir.

Tokio isə hələlik maliyyələşməni ildə 1,9 milyard dollara çatdırmağa, yəni mövcud məbləği 1,4 dəfə artırmağa hazırdır. Tərəflər məsələ ilə bağlı yay aylarından bəri danışıqlar aparır və ilin sonunadək razılığa gəlməyi planlaşdırırlar.

Yaponiya xərclərin artırılmasına ümumilikdə müsbət yanaşsa da, Vaşinqtonun tələb etdiyi məbləğin yalnız yarısını ödəməyə hazırdır.

Qeyd edək ki, Okinava prefekturasının qubernatoru Denni Tamaki daha əvvəl bölgə sakinlərinin ABŞ hərbi bazalarından narazı olduğunu bildirib. Onun sözlərinə görə, amerikalı hərbçilərin iştirakı ilə baş verən insidentlər, yerli əhali ilə toqquşmalar və bölgədə ABŞ hərbi kontingentinin artması sakinləri ciddi narahat edir.

Müəllif: Roza

Mənbə: publika.az