Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmirlər – Ananyandan kin dolu məktub

Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmirlər –

Ermənistanda revanşist müxalifətin Nikol Paşinyana qarşı istefa çağırışları intensivləşir. Bu dəfə Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan baş nazirə açıq məktub ünvanlayaraq onun hakimiyyətdən getmək üçün müxtəlif geosiyasi güc mərkəzlərindən təminat almağa çalışdığını iddia edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ananyan Paşinyanın noyabrın 18-də parlamentdə səsləndirdiyi istefa təklifinə münasibət bildirib.

“Düşünürəm ki, hazırda özünüz üçün məqbul şərtlərlə hakimiyyətdən getmək məqsədilə müxtəlif geosiyasi mərkəzlərdən təminat almağa çalışırsınız. Bunun üçün vaxt lazımdır. Lakin sizin qazandığınız vaxt Ermənistanın itirdiyi vaxtdır”, – deyə Ananyan bildirib.

Keçmiş komitə sədri Paşinyanın hazırkı addımlarının öz siyasi ömrünü uzatmağa hesablandığını iddia edib. Onun fikrincə, baş nazir nə sülh müqaviləsinin imzalanmasında, nə də təklif etdiyi referendumun keçirilməsində səmimidir.

Ananyan Paşinyanın yeni Konstitusiya layihəsinin referenduma çıxarılması üçün müxalifətdən çatışmayan altı deputat səsini istəməsini siyasi şantaj adlandırıb.

O, Paşinyanın gözlədiyi təminatları ala bilməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinə gedə biləcəyini də ehtimal edib.

Keçmiş komitə sədri məktubunda revanşist müxalifətin Azərbaycan əleyhinə ritorikasını da təkrarlayıb.

Azərbaycanı düşmən dövlət adlandıran Ananyan rəsmi Bakının Ermənistan Konstitusiyasında ərazi iddialarına hüquqi zəmin yaradan müddəaların aradan qaldırılması ilə bağlı mövqeyini ölkənin daxili işlərinə müdaxilə kimi təqdim etməyə çalışıb.

Ananyanın müraciətində diqqət çəkən məqam odur ki, o, Paşinyanın hakimiyyətdən getməsini istəsə də, bunun müqabilində belə Azərbaycanla sülh prosesində mühüm əhəmiyyət daşıyan konstitusiya islahatlarına razılıq vermək istəmir.

Mənbə: musavat.com