“New York Post”un araşdırmasına görə, Rusiya 2022-ci ilin fevralından bəri Ukraynaya qarşı müharibədə 700 mindən çox hərbçisini itirib. Bu, təxminən hər 200 Rusiya vətəndaşından birinin müharibədə həlak olması deməkdir.
Bizim.Media xəbər verir ki, araşdırma Rusiyanın müstəqil “Mediazona” və “Meduza” nəşrləri tərəfindən aparılıb.
Hakerlər tərəfindən əldə edilmiş Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatlarının təhlili nəticəsində 2026-cı ilin sentyabr ayının sonuna qədər rəsmi qeydlərdə azı 490 min hərbçinin ölümünün əks olunduğu müəyyən edilib.
Tədqiqatçılar məlumatların qeydə alınmasındakı gecikmələri və həlak olmuş hesab edilən itkin hərbçiləri də nəzərə alaraq, real ölüm sayının 720 mini keçdiyini bildiriblər.
Yaralılar da nəzərə alınarsa, Rusiya ordusunun ümumi itkilərinin 2 milyonu ötdüyü təxmin edilir.
Araşdırmaya əsasən, Rusiya 2026-cı ildə ordusuna təxminən 409 min yeni hərbçi cəlb etməyi planlaşdırır. Bunun üçün könüllülərə yüksək maaş və müxtəlif maddi stimullar təklif olunur.
Qeyd edək ki, göstərilən rəqəmlər Rusiyanın rəsmi açıqlamaları deyil, sızdırılmış sənədlər və statistik hesablamalar əsasında aparılmış müstəqil araşdırmanın nəticələridir.
Bizim.Media
Mənbə: bizim.media