ARARAT DAĞINDA “İTƏN” NUHUN GƏMİSİ VƏ... - Paşinyanın gizli planı

ARARAT DAĞINDA “İTƏN” NUHUN GƏMİSİ VƏ... - Paşinyanın gizli planı

Ermənistanın yeni Konstitusiyasında nələr var?

Yeni Konstitusiya layihəsi Ermənistanda geniş rezonansa səbəb olub. Əsas müzakirələr 1990-cı ildə qəbul edilmiş və özündə “Qarabağın Ermənistana birləşdirilməsini” əks etdirən Müstəqillik Bəyannaməsinin yeni Konstitusiya mətnində yer almamasıdır. Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Müstəqillik Bəyannaməsinin çıxarılması rəsmi İrəvanın sülh prosesinin yekunlaşmasında maraqlı olması kimi qəbul edilə bilər. Ermənistan müxalifəti isə buna görə hakimiyyəti kəskin ittiham edir, hətta yeni Konstitusiya layihəsinin “Azərbaycanın sifarişi” olması iddialarını irəli sürürlər.

Əsas diqqət Müstəqillik Bəyannaməsinin Konstitusiyadan çıxarılmasına fokuslanması layihədə əksini tapımış digər mühüm məqamları arxa plana keçirib. Halbuki, Ermənistanın yeni ana qanununda diqqətçəkən dəyişikliklər yer alır.

“Qarabağ iddiası”ndan imtina və “sülhün təmin edilməsi”

Müstəqillik Bəyannaməsinin istinad edilmədiyi yeni Konstitusiyanın preambulasında bir sıra dəyişikliklər edilib. Mövcud konstitusiyada “erməni xalqı əsas qanunu Müstəqillik Bəyannaməsində təsbit edilmiş erməni dövlətçiliyinin təməl prinsipləri və ümummilli məqsədlər əsasında qəbul edir” sözləri mövcuddursa, yeni mətndə əsas qanunu qəbul edən subyekt kimi “erməni xalqı” yox, “Ermənistan Respublikasının xalqı” göstərilir.

Qeyd olunur ki, “Ermənistan Respublikasının xalqı Konstitusiyanı dövlətçiliyin davamlılığını və inkişafını təmin etmək naminə qəbul edir”. Beləliklə, Ermənistanın yeni Konstitusiyasında “Qarabağ iddiası” irəli sürülmür.

Bununla yanaşı, xarici siyasətin prioritetləri sırasında “sülhün təmin edilməsi” məqsədi də əksini tapır.


Kilsəyə nəzarət və “dünyəvilik” prinsipi

Mövcud Konstitusiyada olan “Ermənistan suveren, demokratik, sosial və hüquqi dövlətdir” qeydinə “dünyəvi” sözləri də əlavə edilib. Erməni Apostol Kilsəsi ilə bağlı da “məcburilik” şərti irəli sürülür. Hazırki Konstitusiyada erməni kilsəsi ilə dövlət arasındakı münasibətlərin qanunla tənzimlənə biləcəyi nəzərdə tutulursa, yeni layihədə “kilsə-dövlət münasibətlərinin qanunla tənzimlənməsi məcburi xarakter” alır.

Bu, Ermənistan hakimiyyətinə rəqibi olan kilsəni nəzarətə götürmək və fəaliyyətini tənzimləmək imkanları yaradır. “Dünyəvilik” ifadəsinin layihəyə daxil edilməsi də kilsənin siyasətə və dövlət idarəçiliyinə müdaxiləsinin qarşısını almağa hesablanıb.

Ararat dağı yoxa çıxdı, “krallıq simvolları” silindi

Ən mühüm yeniliklərdən biri də dövlət rəmzlərinin təsvirinin yeni konstitusiyada əks olunmamasıdır. Bayrağın rəngləri, eləcə də gerbdə Ararat dağı, Nuhun gəmisi və uydurma “dörd krallığın simvolları”nın təsvirinin yer aldığı mövcud Konstitusiyadan fərqli olaraq, yeni layihədə dövlət rəmzləri və gerbin referendum yolu ilə qəbul ediləcəyi bildirilir.

Lakin yeni Konstitusiya layihəsi qəbul ediləcəyi təqdirdə dövlət rəmzlərinin təsdiqlənməsi üçün ayrıca referendumun keçirilib-keçirilməcəyi qeyri-müəyyən olaraq qalır.

Ermənistanda Ağrı dağının gerbdə təsvir olunması Türkiyəyə qarşı ərazi iddiasına hesablanıb. Ötən ilin noyabrında hakimiyyət Ermənistanın sərhəd-keçid möhürlərindən və yeni biometrlik pasportlardan Ağrı dağının təsvirini çıxartdı. Yeni Konstitusiya layihəsi bu təsvirlərin gerbdən də çıxarılmasını nəzərdə tutur. Bunu Paşinyan hakimiyyətinin Türkiyə ilə münasibətlərin normallaşması üçün “hər şey edərik” mesajı hesab etmək olar.

Ermənistanda hansı vətəndaşlar səs verə biləcək?

Yeni Konstitusiya layihəsində seçkilər və parlamentdə sabit çoxluqla bağlı müəyyən dəyişikliklər edilib. Hazırki Konstitusiyada seçkilərdən sonra parlament çoxluğu formalaşmadıqda ikinci turun keçirilməsi tələbi var. Yeni layihədə isə qeyd olunur ki, seçkidən sonra iki həftə ərzində koalisiya formalaşdırılmadığı halda, müəyyən edilmiş müddətin başa çatmasından 30–45 gün sonra ölkədə yenidən parlament seçkiləri keçiriləcək. Bununla yanaşı, qanunvericilik təşəbbüsü üçün tələb olunan 50 min imza sayı 40 minə endirilir. Bu o deməkdir ki, 40 min vətəndaşın dəstəyi ilə qanunvericilik təşəbbüsü irəli sürmək mümkün olacaq.

Yeni layihəsinin 20-ci maddəsində isə bildirilir ki, seçkilərdə səs vermək və referendumlarda iştirak etmək hüququ yalnız səsvermədən əvvəlki iki il ərzində azı bir il Ermənistanda daimi yaşamış vətəndaşlara veriləcək.

Paşinyanın səlahiyyətləri genişlənir

Yeni Konstitusiya layihəsində Ermənistan parlament respublikası olaraq qalır, idarəetmə modeli də əsaslı şəkildə dəyişdirilmir. Lakin bir sıra yeniliklər təklif edilir. Misal üçün, parlament deputatların azı beşdə üçünün səsi ilə özünü buraxmaq hüququ əldə edəcək. Bununla yanaşı, parlament təkcə baş nazirə yox, baş nazirin müavinlərinə, nazirlərə və səfirlərə də etimadsızlıq göstərə biləcək.

Baş nazirin səlahiyyətləri isə mövcud konstitusiyada olduğu kimi saxlanılır. Üstəlik baş nazirin bütün səlahiyyət müddətində Silahlı Qüvvələrin Ali Baş Komandanı olması öz əksini tapıb. Halbuki, mövcud konstitusiyada baş nazir yalnız müharibə dövründə Ali Baş Komandan hesab edilir. Baş nazir vəzifəsinə namizəd olanlarla bağlı da müəyyən dəyişikliklər edilib. Yeni qaydaya görə, baş nazirliyə namizədlər yalnız parlamentə seçilmiş deputatlar arasından ola bilər. Prezidentliyə namizədlərin yaş həddi isə 40-dan 35-ə endirilib.

İstənilən siyasi partiyanı bağlaya bilərlər

Yeni layihədə Konstitusiya Məhkəməsinə bəzi hallarda siyasi partiyaların fəaliyyətini qadağan etmək hüququ verilir.

Bunun hansı hallarda baş verəcəyi də qeyd olunur: Konstitusiya quruluşunun zorakı yolla devrilməsini təbliğ etmək; Konstitusiya quruluşunu devirmək məqsədilə zorakılığa əl atmaq; dövlət müstəqilliyindən imtina olunmasına çağırış; milli və ya dini nifrətin təbliği; seçicilərin azad iradəsini ifadə etməsinə mane olmaq; xarici mənbələrdən maliyyə vəsaiti almaq.

Bu məqamlar Nikol Paşinyan hakimiyyətinə opponentləri üzərində güclü nəzarət mexanizmi yaratmaq imkanı verir.

Referendum qərarına gedən yol asanlaşdırılır

Əsas yeniliklərdən biri parlamentdə konstitusion çoxluqla bağlı edilən təklifidir. Mövcud konstitusiyaya əsasən, parlamentdə deputatların üçdə ikisi “mütləq çoxluq” olaraq qəbul edilir. Yeni layihədə isə bu, beşdə üç olaraq göstərilir. Bu, əsasən referendumun keçirilməsi qərarının qəbul edilməsini asanlaşdırmağa hesablanıb. Mövcud konstitusiyaya görə, parlamentdə referendum qərarının çıxarılması üçün deputatların üçdə ikisinin – 70-nin səs verməsi lazımdır. Qanunverici orqanda 64 mandata sahib olan hakim “Mülki müqavilə” partiyası buna görə çətinliklə üzləşib. Əgər yeni Konstitusiya layihəsi qəbul edilərsə, gələcəkdə referendum qərarının çıxarılması üçün deputatların üçdə ikisinin yox, beşdə üçünün səs verməsi kifayət edəcək.

İndi Ermənistanın önündəki əsas məqsəd referendum keçirmək və yeni Konstitusiya layihəsini qəbul etdirməkdir. Bunun üçün Paşinyan hakimiyyəti revanşistlərin parlamentdə yaratdığı maneəni aşa bilməlidir.

Nəriman

Mənbə: azpolitika.info