Rusiya Milli Şuranı istifadə edib, bir küncə atdı, bəlkə bir daha da lazım oldu, deyə…

Rusiya Milli Şuranı istifadə edib, bir küncə atdı, bəlkə bir daha da lazım oldu, deyə…

2013-cü ildə Milli Şura necə yarandı, İctimai Palatada hansı mübahisələr getdi və bu proses Rauf Arifoğlunun İlham Əliyevə münasibətini necə dəyişdi? Rauf Arifoğlu bu suallara hələ 28 sentyabr 2019-cu ildə, «Yeni Müsavat»ın 30 illiyi münasibətilə yazıçı Əli Əkbərə verdiyi müsahibədə cavab verib.

Əli Kərimlinin məhkəməsində şahid qismində ifadəsindən sonra Rauf Arifoğlu bildirib ki, istintaqda və məhkəmədə həmin müsahibədə açıq şəkildə səsləndirdiyi fikirləri təkrarlayıb.

Musavat.com müsahibənin Milli Şura ilə bağlı hissəsini olduğu kimi təqdim edir.

Sual: Müqayisə çox yerində, hətta maraqlı oldu, amma mən daha çox İlham Əliyevə münasibətinizin dəyişməsinin arxa planını nəzərdə tutmuşdum.

Cavab: Arxa plan-filan yoxdu. Hər şey çox şəffafdı və proses də şəffaf gedib. Bayaq sizə anlatdım – 2013-dən sonra çox şeyləri ölçdüm-biçdim. Bu düşərgə ilə davam edə bilməyəcəyim yəqin idi: gözümün qabağında, mənim birbaşa informasiya almaq imkanlarımın məsafəsindəcə onların bir qismi vətəni satmağa bərabər hərəkət etmişdi. Söhbət Milli Şura layihəsindən gedir. Azərbaycan tarixində ilk dəfə idi ki, siyasi müxalifətə xarici ölkə paytaxtında – konkret olaraq, Moskvada hazırlanan bir model təklif olunurdu. Mən bütün prosesin içində olmuşam – məsələni dəqiqliyi ilə bilirəm.

Təklif olunan modelin başındakı yeni sima da Rusiya vətəndaşı idi. Və bunu müxalifətin o zamankı liderləri də bilirdilər. “Milyarderlər İttifaqı” şərti adı ilə adlanan bir oluşum qurulmuşdu, bu oluşum Azərbaycan kökənli zənginlərdən ibarət idi; lakin təşkilat Moskvada yerləşirdi, məqsədi də Qarabağı qurtarmaq deyildi…

Sual: Nə idi, bəs onların məqsədləri?

Cavab: Azərbaycan siyasətinə, o platforma vasitəsi ilə, Azərbaycana müdaxilə etmək. Moskvada yaradılan “Milyarderlər İttifaqı” Bakıda Milli Şura qurdu və onun da başına dünya şöhrətli yerlimiz – kinodramaturq Rüstəm İbrahimbəyovu təklif etdi. Lakin, Rüstəm bəy Bakıya kino çəkməyə gəlmirdi – dərhal da elan etdi: onun məqsədi prezident İlham Əliyevi devirmək imiş. Bakıdakı müxalif avtoritetlər həyəcanlandılar, tez, İbrahimbəyovun ətrafında sıx birləşdilər, onu tənqid edən hər kəsi, eləcə də məni, hədəfə aldılar, lənətlədilər və vətən xaini, iqtidar adamı və s. elan etdilər… Sonra ictimaiyyətə də məlum oldu ki, İbrahimbəyov Rusiya vətəndaşıdı, prezidentliyə namizəd ola bilməz; sonra ağsaqqal heç Bakıya da gəlmədi. Dedi, məni tuta bilərlər, gəlmirəm… Cəmi bir dəfə “ac hərifləri” Tiflisə yığdı, danışdılar, ayrıldılar…

Sual: Bəs, sizdən başqa bu prosesə etiraz edən yox idi?

Cavab: Hamı atmosferə düşmüşdü. Durmadan belə bir propoqanda yayılırdı ki, Putin İlham Əliyevi devirir, hakimiyyət dəyişir, burada da əsas alət Milli Şuradır və s. Bunun təsirləri böyük idi. Çoxları olası hakimiyyət dəyişikliyindən kənarda qalmaq istəmirdi. Bilə-bilə, düzünə qəsdlə Rusiya xüsusi xidmət orqanlarının avantürasına gedirdilər: bəlkə də oldu, ümidi ilə… Bəzi dostlarımız isə, “Milli Şuraya gedək, orada çoxluğu və nəzarəti ələ götürək, Rusiya layihəsinə imkan verməyək”, devizi ilə oraya doğru yön almışdı. Milli Şuraya qədər biz İctimai Palata modeli ilə birləşmişdik və bu model Azərbaycanın demək olar ki, bütün müxalifət düşərgəsini əhatə edirdi. Son iclaslarda Əli Kərimli təklif etdi ki, İP-i buraxaq, Milli Şuraya gedək. İP-in Milli Şuraya çevrilməsi ilə bağlı müzakirələri kiminsə bağ evində, telefonlar söndürülərək, müzakirə etdik. Qızğın müzakirələr gedirdi, hətta söz davaları düşürdü…

SUAL: Kimin bağ evində toplaşmışdınız?

CAVAB: Bu, o qədər də önəmli deyil.

SUAL: Milli Şura Azərbaycan üçün konkret hansı təhlükə yaradırdı?

CAVAB: Bir qismini bayaq dedim. Bu, xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər. Elə mübahisələrimiz də bu məqamlarda doğurdu. Biz deyirdik, axı, bu açıq-aşkar vətənə xəyanət layihəsidir. Buna imkan vermək olmaz. Layihəyə “ok” deyənlərinsə arqumenti bu idi ki, biz Rusiya vasitəsi ilə İlham Əliyevi devirək, iki illik koalision hökuməti quraq, məhz bu zaman xalqla birlikdə İbrahimbəyovu və digər Rusiya adamlarını uzaqlaşdırıb, bütün təşəbbüsü özümüz ələ alarıq… O zamanlar sonradan “Ərəb baharı” adlanan proses də Azərbaycana çox təsir edirdi, müəyyən ictimai fəallaşmalar var idi; liderlər düşünürdülər ki, 1988-92-ci illərdə Azərbaycanda və 2010-cu illərdə Ərəbistan yarımadasında olduğu kimi, məhz xalq hərəkatları vasitəsi ilə, küçə rıçaqlarını işə salaraq, hər şeyi tənzimləyə biləcəklər. “Rusiyanı Azərbaycandan biz qovmadıqmı, indi də onun adamlarını, Abbas Abbasovu qovarıq. Hələ bir İlham Əliyevi devirək…” Düşüncə, arqument və həm də təhlükə… bunlar idi.

SUAL: Və nəyə qərar verdiniz?

CAVAB: Gördüm və əmin oldum ki, İlham Əliyev Əli Kərimlidən, hətta müxalifətin bir çoxundan daha vətənpərvər liderdir. Bunu öncə, Wikileaks təlatümü zamanı da- məxfi sənədlər açılarkən, faktoloji olaraq görmüşdüm… Əli Kərimli və tərəfdarları isə hakimiyyət naminə hər şeyi – ölkəmizi belə, qurban etməyə hazır, qorxulu və güvənilməz bir dəstədir. Milli Şura layihəsi Azərbaycana çox baha başa gəldi. Mən prosesin görünməyən tərəflərindən də xəbərdaram, lakin çox şeyləri də deyə bilmirəm, az qala dövlət sirridir. Onu deyə bilərəm ki, İlham Əliyev hakimiyyətini və ölkədəki sabitliyi, hətta böyütmədən deyirəm, Azərbaycanı qorumaq üçün 2013-cü ildə bəzi qurbanlar verdi. O zaman yazırdıq ha, Rusiya Bakıya Xəzərdən gəmilərlə gəldi (girdi)… Bax, ondan danışıram… İlham Əliyev bacardı, Rusiya Milli Şuranı istifadə edib, bir küncə atdı, bəlkə bir daha da lazım oldu, deyə…

SUAL: Ümumiyyətlə, sanki müxalifəti iqtidardan daha həvəslə qınayırsınız. Yoxsa səhv təəssüratdır?

CAVAB: Elə deyil. Ya da hamısını deyil. Baş verənlərin sadəcə, bir qismini anlatdım. Bu gün məni hər hansı xəyanətdə suçlayanların başında gələnlərin özlərinin kim olduqlarını göstərməyə çalışdım. Amma müxalifət düşərgəsində mənim keçmiş və indiki dostlarım, çox hörmət etdiyim layiqli, fədakar insanlar var. Normal siyasi partiyalar, perspektivli gənclər də çoxdur. Əksinə, mən iqtidara deyirəm ki, müxalifətin nəfəsini kəsmək olmaz, onu sıradan çıxartmaq təhlükəlidir, müxalifət dövlətin strateji nöqtəsidir. Müxalifətə büdcədən maliyyə ayırmaq, qərargahla təmin etmək, qayğılarına qalmaq, müxalif liderləri protokola salmaq lazımdır. Ölkədə sekulyar, sivil müxalifətin güclənməsini təmin etmək şərtdir. Hakimiyyətin efir və media siyasəti qədər də, daxili siyasətdə səhvləri var. YAP-çılar qürurla öyünür ki, ölkədə müxalifət yoxdur. Belədirsə, çox pis. Belə deyilsə, bunu belə görməyi arzulayırlarsa, daha da pis. Buyur, ölkədəki müxalifəti, medianı sıxışdır, sənə Avropada müxalifət cəbhəsi açıb, üstünə təhdid və söyüşlər yağdıracaqlar. Avropada mövcud Azərbaycan iqtidarına qarşı qurulan aqressiv virtual müxalifətdən başqa, hər mənada xarici paytaxtlardan qidalanan başqa güclər də var. Və onlar ən müxtəlif dini-ideoloji cərəyanlar adı altında, icmalar şəklində Azərbaycanda təşkilatlanırlar.

İqtidar ölkənin daxilində ictimai-siyasi həyatın aktivləşməsində, narazı elektoratın baxış bucağının ölkə daxilinə yönlənməsində özü maraqlı olmalıdır. Düşünürəm ki, müxalifətin tanınmış simaları televiziyalara çıxmalı, fikirlərini çəkinmədən söyləməli və Azərbaycan insanı, alternativ xəbər, fikir arayan hər kəs onları dinləməlidir.

Nəinki Orduxanı, Vidadini və başqa söyüşlə, jarqonla xitab edən yeni “Avropa müxalifəti”ni. Parlament seçkiləri 6 ay qabağa çəkilməli, seçkilərin azad və ədalətli keçirilməsinə imkan yaradılmalı, bunu da əsasında, Milli Məclis yenidən təşkil olunmalıdır. Növbəti parlament seçkisi ilə Ana müxalifətin lideri bəlirlənməlidir. Prezident qədər, ana müxalifət liderinin də kim olmasının, nə vəziyyətdə olmasının böyük əhəmiyyəti var dövlətimiz, müstəqilliyimizin təminatı baxımından.

28 sentyabr 2019-cu il.

Mənbə: www.musavat.com