Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı sual verən qadın jurnalisti təhqir etməsini sərt şəkildə pisləyib.
Keçmiş prezident bildirib ki, indiyədək heç bir ölkə rəhbəri özünü bu dərəcədə kobud aparmayıb.
Ter-Petrosyan Paşinyanın hərəkətini pisləyən Ermənistan Jurnalistlər İttifaqının bəyanatını alqışlayıb.
Keçmiş prezident beynəlxalq insan hüquqları təşkilatlarının da Paşinyanın jurnalistə qarşı davranışına lazımi qiymət verəcəyinə ümid etdiyini bildirib.
O, beynəlxalq qurumların baş nazirin demokratik dəyərləri tapdalamaq cəhdlərinə göz yummamalı olduğunu vurğulayıb.
Hadisə noyabrın 19-da Ermənistan hökumətinin iclasından sonra keçirilən brifinqdə baş verib. Jurnalist Ripsime Cebecyan Paşinyandan siyasi rəqiblərinə niyə nifrət etdiyini soruşub. O, həmçinin Qarabağ münaqişəsində məhv edilən erməni hərbçilərinin fotolarını göstərərək baş nazirə bu itkilərin kifayət edib-etmədiyi barədə sual ünvanlayıb.
Sualdan hiddətlənən Paşinyan jurnalistə bir neçə dəfə “Siz iyrəncsiniz” deyib. Baş nazir jurnalisti və müxalifəti “Yerablur” hərbi məzarlığından siyasi məqsədlərlə istifadə etməkdə ittiham edib.
Cebecyan təhqirə görə məhkəməyə müraciət edəcəyini bildirib. Paşinyan isə jurnalistə qarşı məhkəmə iddiası qaldırmaq üçün əsas axtaracağını söyləyib.
Hadisədən sonra Ermənistan Jurnalistlər İttifaqı baş nazirin davranışını pisləyərək hakimiyyəti jurnalistləri qorxutmaq cəhdlərinə son qoymağa çağırıb.
Mənbə: musavat.com