Ermənistanda müxalifət koalisiyası vətəndaşlar arasında yeni konstitusiyanın hazırlanması ilə bağlı məlumatlılığı artırmaq məqsədilə bir sıra tədbirlərə başlayıb. Bu haqda "Bakı-Xəbər" yazıb.
Baş nazir Nikol Paşinyanın əleyhdarları hesab edirlər ki, sənəd Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə hazırlanır və Ermənistanın müstəqilliyini "təhdid" edəcək. Onların əsas "arqumenti" Bakının Ermənistanın Qarabağla birləşməsini tələb edən İstiqlal Bəyannaməsinin mövcud konstitusiyanın preambulasından çıxarılması tələbidir. Hələlik müxalifətin fəaliyyəti müvafiq məlumatların yer aldığı vərəqələrin paylanması ilə məhdudlaşır, lakin gələcəkdə etirazların baş vermə ehtimalını da istisna etmirlər.
Bu təbliğat və gələcək günlərdə yeni konstitusiya əleyhinə aparılan kampaniya referendumda öz nəticəsini verə bilərmi? Risk nə qədərdir?
Siyasi təhlilçi Sona Əliyevanın bildirdiyinə görə, müxalifətin vərəqə paylamaqla başladığı kampaniya daha çox səs-küydür: “Amma bu səs-küyün arxasında başqa bir hesab var. Müxalifət referendumda qalib gəlmək yox, onun ümumiyyətlə baş tutmamasını istəyir. Baş tutarsa, onu iştirak həddinin altında boğmağa çalışacaq”.
Ekspert xatırladıb ki, 13 müxalifət qüvvəsi “Əliyev konstitusiyası” şüarı ətrafında birləşib: “Fəallar metro çıxışlarında 1991-ci il referendumunun bülletenlərinin surətlərini paylayırlar. Maraqlıdır ki, rədd etməyə çağırdıqları sənəd hələ dərc olunmayıb. Yəni müxalifət oxunmamış kitabı yandırmağa çağırır. Koalisiyanın Samvel Karapetyanın yeni cinayət işi üzrə həbs olunduğu gün qurulması da təsadüfi deyil. İyun seçkilərində məğlub olub parçalanan müxalifətə həm “təqib olunan lider” obrazı, həm də onu yenidən birləşdirəcək bir mövzu lazım idi. Milli qürura və məğlubiyyət travmasına toxunan “Bakı əmr edir” narrativi bu rolu oynayır. Bu qüvvələrin şimal qonşumuza yaxınlığını da unutmaq olmaz”.

Sona Əliyevanın fikrincə, Moskva üçün sülhün yubanması Cənubi Qafqazda qalan son təsir rıçaqlarından biridir: “Əsas döyüş isə küçədə yox, parlamentdə gedir. Paşinyanın partiyasının 64 mandatı var. Layihəni referenduma çıxarmaq üçün isə üçdə iki, yəni ən azı 70 səs lazımdır. Müxalifət çatışmayan altı səsi verməyəcəyini bəyan edib. İqtidar isə yerli səviyyədə müxalifət düşərgəsində görünən çatlara arxalanaraq nikbinliyini qoruyur. On üç qüvvəni bir şüar ətrafında toplamaq asandır, altı deputatı sona qədər intizamda saxlamaq isə çətindir. Referendum elan olunsa belə, risk “xeyr” səslərində deyil, hesabdadır. Layihənin qəbulu üçün iştirakçıların yarıdan çoxunun dəstəyi azdır. Lehinə səs verənlər bütün seçicilərin ən azı dörddə birini təşkil etməlidir. 2015-ci ildə bu hədd təxminən 637 min nəfər idi. Paşinyanın partiyası isə iyunda təxminən 727 min səs, yəni 49,7 faiz toplayıb. Ehtiyat payı böyük deyil. Deməli, müxalifətin əsl silahı boykot və laqeydlik olacaq. Bunun presedenti də var. 2005-ci il referendumunu müxalifət “kabuslar referendumu” adlandırmışdı və iştirak həddi əsas mübahisə mövzusuna çevrilmişdi”.
Həmsöhbətimiz hesab edir ki, erməni cəmiyyəti beş il əvvəlki cəmiyyət deyil: “Müharibədən və qapalı sərhədlərdən yorulan seçici iyunda sülh gündəliyinə səs verdi. Paşinyanın vətəni beynəlxalq səviyyədə tanınmış sərhədlərlə eyniləşdirən “Real Ermənistan” ideyası ilk dəfə seçkidə təsdiqini tapdı. Vaşinqtonda paraflanan sülh sazişi, açılacaq kommunikasiyalar və Türkiyə ilə normallaşma perspektivi seçicinin cibinə toxunan arqumentlərdir. Sülhün dividendləri emosional şüarlardan ağır gəlir”.
Onun fikrincə, burada üç variant var: “Birincisində müxalifət parlamentdə birliyini qoruyur və referendum baş tutmur. Belə olan təqdirdə Paşinyan prosesi uzadacaq, müxalifəti isə sülhə əngəl törədən qüvvə kimi təqdim edəcək. İkincisində iqtidar altı səsi tapır və layihə az fərqlə də olsa qəbul olunur. Üçüncüsündə referendum keçirilir, amma iştirak həddi aşılmır. Bu, Paşinyan üçün ağır zərbə olar, sülh prosesini də uzun müddət ləngidər. İndiki halda ikinci variant daha inandırıcı görünür, amma tez yox. Layihə bu ay dərc olunsa belə, ictimai müzakirələr və parlamentdəki səs mübarizəsi vaxt aparacaq”.
Siyasi təhlilçinin fikrincə, referendum 2027-ci ilin birinci yarısından tez keçirilməyəcək: “Müxalifətin vərəqələri yalnız o halda real təhlükəyə çevrilə bilər ki, iqtisadi çətinliklər, qalmaqallar və ya xarici təzyiqlər seçicinin sülhə inamını sarsıtsın. Bakının mövqeyi isə dəyişməyib. Ərazi iddiası konstitusiyada qaldıqca, sülh sazişi kağız üzərində qalacaq. Bu, kiminsə “göstərişi” yox, beynəlxalq hüququn tələbidir. Heç bir dövlət öz torpağına iddia edən qonşu ilə yekun sülh imzalamaz. Müxalifətin bunu “Əliyev konstitusiyası” adlandırması əslində bir etirafdır. Köhnə preambula ilə gələcəyə gedən yol bağlıdır. Bir sözlə, risk realdır, amma həlledici deyil. Onun ünvanı da küçə yox, parlamentdəki altı səs və iştirak həddidir. Deməli, Ermənistan bu dəfə də keçmişin xəritəsi ilə gələcəyin sülhü arasında seçim edəcək. İyun seçkiləri bu seçimin istiqamətini artıq göstərib”.
Cavanşir Abbaslı
Mənbə: musavat.com