Kərki Ermənistanın xəritəsinə necə salınıb? - Ermənistan rəsmisi çaş-baş qaldı

Kərki Ermənistanın xəritəsinə necə salınıb? - Ermənistan rəsmisi çaş-baş qaldı

Ermənistan Kadastr Komitəsinin sədri Suren Tovmasyan Azərbaycanın Kərki kəndinin Ermənistan ərazisinə daxil olub-olmaması ilə bağlı jurnalistlərin sualına dəqiq cavab verə bilməyib.

Musavat.com xəbər verir ki, Tovmasyan Ermənistan parlamentində jurnalistlərlə söhbət zamanı bu barədə danışıb.

O, 2009-cu ildə qəbul edilmiş inzibati-ərazi bölgüsü haqqında qanunu xatırladaraq, Kərkinin Ermənistanın istifadə etdiyi “Tiqranaşen” adı altında həmin sənəddə qeyd olunduğunu bildirib. Lakin yaşayış məntəqəsinin qanuna hansı hüquqi əsasla daxil edildiyini izah edə bilməyib.

“Dəqiq xatırlamıram, orada Tiqranaşen yaşayış məntəqəsi, yoxsa rayon kimi göstərilib. Ancaq onun hansı əsasla həmin qanuna daxil edilməsi hüquqşünasların araşdırmalı olduğu məsələdir”, - Tovmasyan bildirib.

Tovmasyan bildirib ki, Ermənistanın kadastr xəritəsi 1997-1998-ci illərdən hazırlanmağa başlanıb. Onun sözlərinə görə, bəzi ərazilərdə kadastr xəritəsi çərçivəsində ölçmə işləri aparılmadığından həmin ərazilərin dəqiq sahəsini açıqlamaq çətindir.

Komitə sədri Ermənistanın işğalında olan Azərbaycan anklavlarının sahəsi barədə də danışıb. O qeyd edib ki, sərhədyanı ərazilərin dəqiq ölçüləri iki ölkə arasında əldə ediləcək razılaşmalar və müvafiq hüquqi sənədlər əsasında müəyyənləşdirilməlidir.

Tovmasyan Zəngəzur dəhlizi layihəsi üçün nəzərdə tutulan ərazinin eni barədə də məlumatının olmadığını söyləyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyəti çərçivəsində müəyyənləşdiriləcək.

Komitə sədri müavininin həmin komissiyanın tərkibində olduğunu, lakin aparılan işlərin təfərrüatlarını açıqlaya bilməyəcəyini bildirib.

Mənbə: musavat.com