Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin ləğvi ilə 1992-ci ildə, ümumilli lider Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış qurumun 34 illik fəaliyyətinə son qoyulub.
Musavat.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Baş nazir Cabbar Musayev tərəfindən imzalanmış 5 noyabr 2026-cı il tarixli, 49 nömrəli qərarı ilə nümayəndəlik ləğv edilib.
Daimi Nümayəndəlik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 24 fevral 1992-ci il tarixli, 139-XII nömrəli qərarı ilə yaradılmışdı. Həmin vaxt Ali Məclisin sədri Heydər Əliyev idi.
Qurumun yaradılması olduqca mürəkkəb tarixi şəraitə təsadüf edirdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Naxçıvan blokada vəziyyətinə düşmüş, muxtar respublikanın ölkənin əsas ərazisi ilə dəmir yolu və avtomobil əlaqələri kəsilmişdi. Elektrik enerjisi və qaz təchizatında da ciddi problemlər yaranmışdı.
Belə bir vəziyyətdə Bakıda xüsusi nümayəndəliyin yaradılması Naxçıvanla Azərbaycanın mərkəzi dövlət orqanları arasında əlaqələrin təmin edilməsi, əhalinin problemlərinin həlli və muxtar respublikaya dəstəyin əlaqələndirilməsi məqsədi daşıyırdı.
Maraqlıdır ki, nümayəndəlik ilk fəaliyyətinə Nazirlər Kabinetinin binasında ayrılmış kiçik bir otaqda başlamışdı. Sonrakı illərdə qurumun fəaliyyəti genişləndirilmiş, 2002-ci ildə isə təmirdən çıxmış yeni inzibati binası istifadəyə verilmişdi. Açılış mərasimində Prezident Heydər Əliyev də iştirak etmişdi.
Nümayəndəlik fəaliyyət göstərdiyi illərdə Naxçıvanın dövlət qurumları ilə Bakının müvafiq strukturları arasında əlaqələri təmin edib, muxtar respublikadan paytaxta gələn vətəndaşlara, tələbələrə və ezamiyyətə göndərilən şəxslərə müxtəlif məsələlərdə köməklik göstərib.
2010-cu il aprelin 21-də nümayəndəliyin yeni Əsasnaməsi təsdiqlənmişdi. Hətta 2026-cı il yanvarın 13-də qurumun işçilərinin say həddinin müəyyən edilməsi barədə ayrıca qərar qəbul olunmuşdu.
Lakin noyabrın 5-də imzalanan yeni qərarla həm nümayəndəlik, həm də onun fəaliyyətini tənzimləyən əvvəlki hüquqi aktlar ləğv edilib.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi beş iş günü ərzində müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaratmalıdır.
Mənbə: musavat.com