Ukrayna vəd edilən yardımı ala biləcəkmi? ABŞ-da demokratların uğuru:

Ukrayna vəd edilən yardımı ala biləcəkmi?

ABŞ-da keçirilən seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresdə üstünlük əldə edib. "NBC News"un qiymətləndirməsinə görə, onlar Nümayəndələr Palatasında 258 yer (respublikaçıların 177 yerinə qarşı), Senatda isə 100 yerdən 54-nü qazanıblar. Lakin bu uğura baxmayaraq, Donald Tramp seçkidən dərhal sonra "VETO" yazılmış qırmızı papaq fotosu paylaşaraq yeni qanunverici orqanın qərarlarını bloklamağa hazır olduğunu nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu barədə energetika üzrə ekspert, "Energy Nation" ictimai hərəkatının lideri Anna Bon öz təhlilində yazıb.

Ekspertin sözlərinə görə, demokratların qələbəsi Ukrayna üçün yeni imkanlar açır: kömək haqqında qərarlar daha tez qəbul edilməli, Rusiyaya qarşı sanksiyaların təzyiqi isə artırılılmalıdır. Bununla belə, bu imkanların heç biri avtomatik olaraq reallığa, daha doğrusu silah və avadanlıq tədarükünə çevrilmir.

Qanunların qəbulunda əsas maneə prezidentin veto hüququdur. Vetonu dəf etmək üçün hər iki palatada səslərin üçdə ikisi — Nümayəndələr Palatasında 290, Senatda isə 67 səs lazımdır.
Demokratların təkbaşına gücü çatmadığı üçün Ağ Evin bloklamaq istədiyi hər bir qərar üçün onlarla respublikaçının dəstəyi tələb olunacaq.

Anna Bon diqqəti ona çəkir ki, Konqres tərəfindən vəsaitin ayrılması iki mərhələdən ibarətdir:

Xarici əlaqələr və Silahlı qüvvələr komitələri proqramın mövcudluğuna icazə verir.

Ayrılacaq real məbləği isə başqa bir orqan — Təxsisat komitəsi müəyyən edir.

Bu səbəbdən təsdiqlənmiş proqramın büdcəsində "boş sətir" qalması riski var. Prezident vetosundan yayınmaq üçün Ukraynaya aid müddəalar adətən dövlətin fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edən illik müdafiə siyasəti (NDAA) və ya hökumətin maliyyələşdirilməsi haqqında qanunlara əlavə olunur. Bütün ABŞ müdafiəsinin asılı olduğu qanuna veto qoymaq prezident üçün daha çətindir.

Konqresdə uğur qazanılsa belə icra mərhələsində gecikmələr yaşana bilər, çünki konkret müqavilələri və yardım paketlərinin tərkibini administrasiya formalaşdırır. Məsələn, bu payız Reuters-in məlumatına görə, USAI paketindən qalan 400 milyon dollar sentyabrın sonunda təsdiqlənsə də, Kiyevin istədiyi "Patriot" raketləri həmin paketə daxil edilməyib.

Kəşfiyyat komitəsindəki aparıcı demokrat Cim Hayms yeni çoxtərəfli Konqreslə paketlərin 9 aya deyil, 9 günə və ya 9 həftəyə keçəcəyini bildirsə də, real nəticələri yalnız yazda qiymətləndirmək mümkün olacaq.

Yeni Konqres fəaliyyətinə yanvarın 3-də başlayacaq. O vaxta qədər Ağ Evin əlləri kifayət qədər sərbəstdir. Bununla belə, komitələrin gələcək sədrləri artıq bu həftələrdə öz komandalarını formalaşdırırlar.

Ekspert hesab edir ki, Ukrayna artıq indidən üç əsas istiqamətdə təkliflər hazırlamalıdır:

Konqres üçün: Xərclərin əsaslandırılması, ABŞ istehsalçılarına sifarişlər və hər dolların nəzarət mexanizmi.

Administrasiya üçün: Mövcud səlahiyyətlər çərçivəsində dərhal atıla biləcək addımlar.

İnvestorlar üçün: Kapital, risklər və sığortalanması aydın olan layihələr.

Anna Bon vurğulayır ki, ABŞ ilə münasibətləri Ağ Evdəki bir soyad və ya Konqresdəki bir partiya ətrafında qurmaq olmaz. Dəstəyin real nəticələrini yarım ildən sonra bəyanatların sayına görə deyil, qəbul edilən qərarlar, imzalanan müqavilələr və real işləyən layihələrə görə qiymətləndirmək lazımdır.

Bizim.Media

Mənbə: bizim.media