"Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi Bakı və Dehli arasında son illərdə formalaşmış geopolitik soyuqluğun aradan qaldırılması və ikitərəfli münasibətlərin yenidən təsbit olunması baxımından prinsipial siyasi-hüquqi əhəmiyyət kəsb edir. Beynəlxalq hüququn suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsipləri işığında, bu diplomatik təmas iki dövlət arasında mövcud olan strateji, iqtisadi və nəqliyyat marşrutlarına dair maraqların yenidən qiymətləndirilməsi üçün hüquqi və siyasi baza yaradır".
Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, siyasi analiz nöqteyi-nəzərindən, tərəflər arasında gərginliyin əsas kökündə Hindistanın Cənubi Qafqazda güclər nisbətinə təsir göstərən silahlandırma siyasəti və Ermənistana hərbi-texniki dəstəyi dayanır:
"Bu strateji uyğunsuzluqlar Cənubi Qafqazda regiondankənar aktorların nüfuz mübarizəsini kəskinləşdirmiş və Bakı-Dehli xəttində praqmatik tərəfdaşlıq imkanlarını məhdudlaşdırmışdı. Lakin diplomatik səviyyədə birbaşa dialoqun bərpa olunması göstərir ki, hər iki tərəf regional təhlükəsizlik reallıqlarını və geosiyasi dəyişiklikləri nəzərə alaraq kənar faktorların ikitərəfli münasibətlərə təsirini minimuma endirmək niyyətindədir. Hüquqi müstəvidə isə ali və yüksək səviyyəli görüşlər dövlətlərarası münasibətləri tənzimləyən ikitərəfli müqavilə-hüquq bazasının yenilənməsinə, iqtisadi, ticarət və investisiya sazişlərinin icra mexanizmlərinin canlandırılmasına hüquqi zəmin yaradır. Bu kontekstdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi xüsusi geoiqtisadi və hüquqi əhəmiyyətə malikdir".
Deputat onu da diqqətə çatdırıb ki, Hindistan üçün Avrasiya bazarlarına çıxışda Azərbaycanın tranzit-loqistik imkanları əvəzolunmaz strateji aktivdir:
"Azərbaycan üçün isə Hindistan böyük iqtisadi, texnoloji və energetika bazarı olaraq öz cəlbediciliyini qoruyur. Tərəflərin iqtisadi və loqistik maraqlarının uzlaşdırılması, hərbi-siyasi sahədəki fikir ayrılıqlarının diplomatik kanallarla neqativ təsirini neytrallaşdıran əsas hüquqi-siyasi ling rolunu oynayır. Bu mənada, cənab İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşü Bakı-Dehli münasibətlərindəki siyasi soyuqluğun birdəfəlik aradan qalxması demək olmasa da, münasibətlərin böhrandan çıxarılması və praqmatik əməkdaşlıq fazasına keçməsi üçün zəruri diplomatik təkan verir. BMT və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda çoxtərəfli hüquqi mexanizmlər çərçivəsində qarşılıqlı hörmətin nümayiş etdirilməsi, gələcəkdə hər iki dövlətin milli maraqlarına cavab verən konstruktiv dialoq modelinin formalaşmasına yol aça bilər".
Cavanşir Abbaslı
Mənbə: musavat.com