Tbilisi, 26 oktyabr, AZƏRTAC
Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia Türkiyədə keçirilən 9-cu İstanbul Vasitəçilik Konfransında iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, konfrans qlobal və regional münaqişələrin sülh yolu ilə həlli, preventiv diplomatiya və vasitəçiliyin rolunun gücləndirilməsi məsələlərinə həsr olunub.
Tədbir çərçivəsində Laşa Darsalia “Sülhə ortaq öhdəlik: təcrübələr və perspektivlər” adlı panel müzakirəsində çıxış edib. O, münaqişələrin sülh yolu ilə həllində tərəflər arasında dialoqun, qarşılıqlı hörmətin və beynəlxalq hüququn fundamental prinsiplərinə riayət olunmasının vacibliyini vurğulayıb. Nazir müavini Gürcüstanın bu sahədəki təcrübəsindən və regionda sülhün və sabitliyin təmin olunmasındakı rolundan danışıb. O, həmçinin Cənubi Qafqaz ölkələri arasında ortaq maraqlara əsaslanan əməkdaşlığın inkişafı istiqamətində Gürcüstanın səylərini diqqətə çatdırıb.
Nazir müavini, həmçinin davam edən geosiyasi dəyişikliklər fonunda Asiya ilə Avropa arasında əlaqələrin təmin edilməsində Orta Dəhlizin artan əhəmiyyətini və Gürcüstanın tranzit mərkəzinə çevrilmək potensialını vurğulayıb.
Mənbə: azertag.az