Paşinyanın “2031-ci il hiyləsi” və ya sülh prosesinə təxribat - Ermənistan yenə də məkrli “kənar ssenarilər”in alətinə çevrilir

Paşinyanın “2031-ci il hiyləsi” və ya sülh prosesinə təxribat -

Bəzi kənar güclərin verdiyi qeyri-müəyyən vədlər Paşinyan hakimiyyətini Cənubi Qafqazda hərbi-siyasi şərtlərin Ermənistanın xeyrinə dəyişə biləcəyi ilə bağlı ümidləndirib... Ancaq hazırda yanlış mövqeyə yönələn rəsmi İrəvanın son davranışları Ermənistanı real risklərlə üzləşdirə, ən yaxşı haldasa, “əbədi blokada” vəziyyətinə məhkum edə bilər...

Cənubi Qafqazda geopolitik proseslər hazırda əsasən daha çox regional sülhün və sabitliyin üzərində indeksləşib. Belə ki, indiki regional hərbi-siyasi şərtlər dəyişməz qalarsa, Cənubi Qafqaz ölkələri yaxın gələcəkdə genişmiqyaslı inkişaf mərhələsini daha da dərinləşdirmək imkanları qazana bilərlər. Ancaq bu regionda sülhün və sabitliyin hökm sürməsi Cənubi Qafqazda geopolitik maraqları olan bəzi kənar dövlətlərə qətiyyən sərfəli deyil. Və məhz ona görə də, həmin kənar güclər Azərbaycan-Ermənistan yekun sülh sazişinin ümumiyyətlə, imzalanmasına əngəl törətməyə çalışırlar.

Bu baxımdan, hazırda Cənubi Qafqazda geriyədönməz səviyyədə sülh və sabitlik vəziyyətinin bərqərar olduğunu iddia etmək bir qədər çətindir. Əslində, Azərbaycan Prezidenti İlham Əliyevin “Sülh hələ də kövrəkdir...” mesajı da bu reallığı birmənalı şəkildə təsdiqləyir. Belə ki, Prezident İlham Əliyev Ermənistanla sülh vəziyyətinin məhz Azərbaycanın birbaşa təklifi ilə yarandığını xüsusi olaraq, vurğulayıb. Eyni zamanda, Azərbaycan lideri bir ildən artıq müddətdə hökm sürən sülh vəziyyətinin hələ də kövrək olduğunu qabardaraq, onu qorumağın və möhkəmləndirməyin vacibliyini də ön plana çəkib. Bu, o deməkdir ki, Azərbaycan hazırda Cənubi Qafqazda regional sülhün və sabitliyin əsas təminatçısı rolunda çıxış edir.

3ba0579e-4de5-4a19-8a61-d9c8b4f73457.jpg (179 KB)

Məsələ ondadır ki, Azərbaycan Cənubi Qafqazda əsas geopolitik iradə sahibidir. Rəsmi Bakı kənar təzirlərə və təzyiqlərə müqavimət göstərmək potensialına malikdir. Ona görə də, Azərbaycan hazırda həm tam müstəqil xarici siyəasət yürüdür, həm də regionda maraqları olan kənar dövlətlərin kobud müdaxilə cəhdlərinə müqavimət göstərir. Və bu baxımdan, Cənubi Qafqazda sülh prosesini pozmağa çalışan kənar güclərin Azərbaycana təzyiq göstərmək cəhdləri davamlı olaraq, iflasa uğrayır.

Ancaq Ermənistanla bağlı eyni fikirləri ön plana çəkmək qətiyyən mümkün deyil. Belə ki, Ermənistan hazırda Cənubi Qafqazda “geopolitik zəif bənd” rolunu oynayır. Çünki ərazisində hələ də xarici dövlətin – Rusiyanın hərbi bazası olan bu ölkə bütün sahələr üzrə şimal nəhəngindən asılı vəziyyətdədir. Ona görə də, son vaxtlar Rusiyanın sərt təzyiqləri intensivləşdikcə, rəsmi İrəvan Qərbə yönəlik xarici siyasət kursundan imtina etmək məcburiyyəti ilə üzləşməyə başlayıb. Üstəlik, Rusiya ilə yanaşı, rəsmi İrəvanın yaxınlaşmağa çalışdığı Avropa Birliyi də Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsində qətiyyən maraqlı deyil.

Ona görə də, Ermənistana nəzarət etməklə, Cənubi Qafqazda geopolitik mexanizmləri ələ keçirtməyə çalışan iki qlobal güc arasındakı kəskin qarşıdurma artıq təhlükəli həddə çatmağa başlayıb. Bu iki qlobal gücün Cənubi Qafqazda maraqlarının üst-üstə düşdüyü yeganə geopolitik istiqamət isə yalnız regional sülhün prosesinin pozulması ilə bağlıdır. Və böyük ehtimalla Cənubi Qafqazda sülh prosesinin gələcək taleyi də yəqin ki, məhz bu iki qlobal güc arasındakı qarşıdurmanın yekun nəticəsindən asılı ola bilər.

5eedec4c-0cc1-4e02-9a08-3742412b3247.jpg (189 KB)

Onu da qeyd etmək lazımdır ki, Ermənistan artıq bu iki güc – Rusiya və Avropa Birliyi arasında pronsipial geopolitik seçim etmək məcburiyyətində qalmış kimi görünür. Belə ki, bütün sahələr üzrə Rusiyadan asılı vəziyyətdə olan rəsmi İrəvan Kremlin sərt təzyiqləri qarşısında davam gətirməkdə çətinlik çəkir. Eyni zamanda, Paşinyan hakimiyyəti son vaxtlar Avropa Birliyinin Ermənistana Rusiyanın təzyiqlərinə tab gətirmək üçün yetərli ola biləcək səviyyədə maliyyə-iqtisadi dəstək verəcəyinə şübhə ilə yanaşmağa başlayıb.

Digər tərəfdən, Avropa Birliyinin nə vaxtsa, Ermənistanı öz sıralarına qəbul edib-etməyəcəyi də qeyri-müəyyən məsələdir. Hətta bəzi geopolitik, geostrateji və geoiqtisadi faktorları da nəzərə almaqla, Ermənistanın heç vaxt Avropa Birliyinin sıralarına qatıla bilməyəcəyini də iddia etmək mümkündür. Rusiyadan bütün sahələr üzrə asılı vəziyyətdə olan Ermənistan üçün hazırda Avropa Birliyinə böyük ümudlər bəsləmək ciddi risk xarakteri daşıyır. Və bu baxımdan, rəsmi İrəvanın yaxın vaxtlarda tədricən yenidən Kremlin orbitinə geri dönmək məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil.

Əslində, Paşinyan hakimiyyətinin bəzi təmsilçilərinin son açıqlamalarında bunun ilkin əlamətləri də sezilməyə başlayıb. Belə ki, rəsmi İrəvan Rusiya ilə münasibətləri nisbətən yumşaltmağa can atdığını biruzə verir. Baş nazir Nikol Paşinyanın prezident Vladimir Putinlə son görüşündən sonrasa, rəsmi İrəvan ümumiyyətlə, Kremlin tələblərinə daha həssas yanaşmağa başlayıb. Bəzi iddialara görə, Paşinyan hakimiyyəti Rusiyanın müqavimət göstərdiyi regional sülh prosesindən geri çəkilmək üçün müəyyən manevrlər etməyə də hazırlaşır.

6fa946c2-ef74-486e-ae04-1071cddfb6ec.jpg (202 KB)

Məsələ ondadır ki, rəsmi İrəvan yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın yeganə şərti olan Ermənistan konstitisyasının dəyişdiriməsi, ölkəmizə qarşı ərazi iddialarından imtina olunması ilə bağlı referendum keçirmək əvəzinə artıq sülh prosesini qeyri-müəyyən müddətə uzatmaq cəhdləri göstərir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yekun sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanla yekun sülh sazişinin bağlanması Ermənistan hökumətinin ən önəmli vəzifələrindən biridir: “Mən özüm üçün konkret tapşırıq və qrafik müəyyənləşdirmişəm - 2031-ci ilə qədər bu məsələnin həllinə nail olmaq lazımdır”.

Göründüyü kimi, erməni baş nazir dolayısı ilə yaxın vaxtlarda yekun sülh sazişinin imzalanma ehtimalının olmadığına eyham vurur. Böyük ehtimalla bunun iki önəmli səbəbi ola bilər. Birincisi, rəsmi İrəvana kənar güclər tərəfindən Azərbaycanla yekun sülh sazişinin imzalanmasından yayınmaq tələbi diqtə olunur. Paşinyan hakimiyyəti isə bu tələblərin qarşısında müqavimət immunitetinə malik deyil. Digər tərəfdənsə, son vaxtlar Cənubi Qafqaz ətrafında yaranmaqda olan yeni situasiya rəsmi İrəvanı revanş üçün şirnikləndirmiş də ola bilər.

Ola bilsin ki, kənar güclərin verdiyi bəzi vədlər Paşinyan hakimiyyətini Cənubi Qafqazda hərbi-siyasi şərtlərin Ermənistanın xeyrinə dəyişə biləcəyinə ümidləndirib. Halbuki, rəsmi İrəvan kənar güclərə bağlı belə ümidlərin ucbatından dəfələrlə sarsıdıcı geopolitik zərbələrə məruz qalıb. Azərbaycanın hərbi-siyasi potensialının hazırda yüksəlişdə olduğunu, rəsmi Bakının qlobal məkanda nüfuzunun daha da artdığını və əksər regional geopoltik fakrorların məhz Ermənistanın əleyhinə olduğunu nəzərə aldıqda, rəsmi İrəvanın növbəti dəfə taleyüklü səhvə yol verdiyi qətiyyən şübhə doğurmur. Və rəsmi İrəvanın son davranışları Ermənistanı real risklərlə üzləşdirə, ən yaxşı haldasa, əbədi blokada vəziyyətinə məhkum edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Mənbə: musavat.com