Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında barışıq prosesini dəstəkləyir.
Qazaxıstan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə axşamı Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Cənubi Qafqazın nümunəsi uzaqgörən liderliyin hansı nəticələrə nail olmağa imkan verdiyini aydın şəkildə nümayiş etdirir.
“Onilliklər boyu davam edən dərin fikir ayrılıqlarından sonra tərəflərin bu yaxınlaşması yeni perspektivlər açır, Şərqlə Qərb arasında körpülərin qurulması üçün imkanlar yaradır. Güclü siyasi iradə və mühüm iqtisadi potensial sayəsində AQEM iri transsərhəd layihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər.
Buna görə də AQEM-in nəqliyyat əlaqələrinin inkişafı üzrə Strategiyasının birgə hazırlanmasını təklif edirəm. Bu strategiya regionumuzun əsas beynəlxalq nəqliyyat marşrutlarının, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsünün, Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin, Orta Dəhlizin və TRIPP təşəbbüsünün potensialını öyrənməyə imkan verəcək”, – deyə Prezident bildirib.
Tokayev həmçinin hazırda dünyanın enerji təhlükəsizliyinin tamamilə pozulması təhdidi ilə üzləşdiyini vurğulayıb.
“Transsərhəd enerji infrastrukturu getdikcə daha çox münaqişələrin təsirinə məruz qalır. Nəticədə bütün dünyada enerji bazarlarında qeyri-sabitlik hökm sürür. Bu qeyri-müəyyənlik baş verən hadisələrin birbaşa təsirinə məruz qalan ölkələrin hüdudlarından xeyli kənarda iqtisadi artımın yavaşlaması təhlükəsi yaradır.
Məhz buna görə də Qazaxıstan tərəfdaşlığa üstünlük verir. Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerjinin təchizatı sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bununla da enerji sistemlərimizi birləşdirəcək və gələcəkdə Qara dəniz vasitəsilə Avropa bazarları ilə əlaqələndirəcək Xəzər Yaşıl Enerji Dəhlizinin yaradılması üçün zəmin formalaşdırılıb”, – deyə o bildirib.
Mənbə: az.trend.az