Təhlükəsizliyin milli dayanıqlıq modeli və yeni risklər

Təhlükəsizliyin milli dayanıqlıq modeli və yeni risklər

I məqalə

Müasir dövrdə təhlükəsizlik anlayışının ən mühüm konseptual xüsusiyyətlərindən biri klassik formatdan fərqli olaraq xeyli geniş yanaşma tələb etməsidir. Təhlükəsizlik yalnız sərhədi qorumaq, ordunun döyüş qabiliyyətini artırmaq və mümkün hərbi təcavüzün qarşısını almaqdan ibarət deyil. Burada iqtisadi müstəqillik, müdafiə qabiliyyəti, ideoloji dayanıqlıq, informasiya məkanının qorunması, enerji və nəqliyyat imkanları, sosial rifah və müstəqil xarici siyasət bir-birini tamamlayan vahid sistemin elementləri kimi iştirak edir. Siyasi müstəqillik sərbəst qərarvermə, iqtisadi müstəqillik davamlı siyasi iradə, hərbi potensial isə həmin iradəni qoruyan bacarıqlar yaratmaqla təhlükəsizlik siyasətinin ardıcıllıqlarıdır.

Bu paradiqmadan yanaşdıqda məlum olur ki, strateji düşüncəsinin mühüm cəhəti təkcə mövcud təhlükəyə cavab vermək deyil, təhlükənin formasının dəyişəcəyini öncədən görmək və buna uyğunlaşma qabiliyyətini ehtiva edən funksional dinamikliyi əvvəlcədən yaratmaqdır. Hazırkı dünyamızda ölkələrin var olması üçün müdafiə, enerji, rəqəmsal-texnoloji (süni intellekt, çip) qida və ideoloji (media-informasiya) təhlükəsizliklərini müstəqil təmin etməsi zəruri və kafi şərtdir. Ərazisi və əhalisi böyük olmayan ölkələr üçün isə bu asan məsələ deyil.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında təhlükəsizliyin hərbi, iqtisadi, informasiya, ideoloji və sosial ölçülərinin eyni sistem daxilində təqdim edilməsi məhz belə qabaqlayıcı yanaşmanın parlaq ifadəsidir. Səslənən təhlükəsizlik tezisləri ilə Azərbaycanın 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyası arasında mühüm strateji paralellər mövcuddur. Həmin sənəddə də təhlükəsizlik yalnız müdafiə məsələsi ilə məhdudlaşdırılmırdı: iqtisadi sabitlik, investisiya mühiti, nəqliyyat, informasiya infrastrukturu, sərhəd təhlükəsizliyi, sosial rifah, təhsil və texnoloji potensial milli təhlükəsizliyin tərkib elementləri kimi müəyyən edilirdi. Lakin bu günün təhlükəsizlik mənzərəsi 2007-ci ildəkindən qat-qat mürəkkəbdir. Kiberhücumların, süni intellektin, informasiya manipulyasiyalarının və geosiyasi qarşıdurmaların miqyası artıb, təkcə əraziyə deyil, cəmiyyətlərin şüuruna, iqtisadi sistemlərinə və kritik infrastrukturlarına təsir imkanları əldə edilib.

Dövlət başçısının da qeyd etdiyi kimi, taktiki, hətta müəyyən strateji məqsədlər zamanla dəyişə bilər, lakin müstəqillik, dövlətçilik və öz imkanlarına arxalanmaq prinsipi dəyişməz qalır. Belə yanaşmanın üstünlüyü ondadır ki, əvvəlki təhlükəsizlik modelinin fundamental dayaqları qorunmaqla onun məzmunu yeni dövrün risklərinə uyğun genişləndirilir, yəni strategiyanın ana xətti dəyişmir, amma təhlükənin forması dəyişdikcə onun qarşısının alınması vasitələri yenilənir.

Beləliklə, bəlli olur ki, müasir təhlükəsizlik fəlsəfəsi “güclü ordu” anlayışı ilə məhdudlaşmır. Söhbət daha böyük konsepsiyadan, yəni dövlətin istənilən böhran şəraitində öz qərarını verə, öz əhalisini qoruya, iqtisadiyyatını işlədə və xarici təzyiq qarşısında strateji seçimindən geri çəkilməyə məcbur olmaya biləcəyi milli dayanıqlıq modelindən gedir.

Sülh vəziyyəti mütləq deyil, nisbi anlayışdır

Siyasi konsepsiyaların, ideologiyaların mübarizəsi olan sülh siyasəti mübarizliyin və sayıqlığın dayandırılması kimi anlaşılmamalıdır. Ümumilikdə sülh vəziyyəti mütləq yox, nisbi anlayış olduğundan sülh tam qarşılıqlı anlaşma və maraqların adekvat uyğunluğu demək deyil. Gerçək sülhün reallaşması üçün onun tərkib hissəsi olan müharibə kimi sülh özü də sırf hərfi mənada olmayan səfərbərlik tələb edir. Dövlət başçısının çıxışında vurğuladığı kimi, Azərbaycanla Ermənistan arasında hazırda müharibə yoxdur, sərhəddə sakitlik mövcuddur, sülh sazişi paraflanıb və tərəflər arasında praktiki təmaslar başlayıb. Buna baxmayaraq Prezident hərbi qüdrətin artırılmasını konkret strateji prioritet kimi əsas vəzifələrdən biri elan edir. Bu yanaşmada son illər ərzində Azərbaycan siyasətində nümayiş etdirilən strateji realist düşüncənin davamını görmək mümkündür.

Təhlükəsizlik nəzəriyyəsində çəkindirmə məntiqinin mahiyyətinə görə hərbi gücün ən böyük funksiyası həmişə müharibə aparmaq deyil, müəyyən mərhələdə müharibəni mümkünsüz və ya potensial rəqib üçün imkansız etməkdir. Dövlət elə potensiala malik olmalıdır ki, ona qarşı təcavüzü düşünən tərəf əvvəlcədən qarşılaşacağı nəticəni hesablaya və belə addımdan imtina edə bilsin. Hazırda ölkəmiz kiminləsə müharibə etmək niyyətində deyil. Amma elə şərait yaratmaq istəyirik ki, kimsə bizimlə müharibə etmək barədə düşünməsin. Prezidentin “heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək” fikri məhz bu mühüm strateji prinsipi ifadə edir.

Azərbaycanın təhlükəsizlik planlaşdırması sadəcə Azərbaycan-Ermənistan münasibətlərinin bugünkü vəziyyəti ilə məhdudlaşdırılmır. Dövlət başçısı Şimalda, Cənubda və Yaxın Şərqdə davam edən müharibə və qarşıdurmalara diqqət çəkərək təhlükəsizlik strategiyasının bütövlükdə dəyişən beynəlxalq sistemə uyğunlaşdırılmasının vacibliyini qeyd etdi. Beynəlxalq hüququn və mövcud mexanizmlərin münaqişələri dayandırmaq qabiliyyətinin zəiflədiyi barədə sərt qiymətləndirmə də məhz bu kontekstdə xüsusilə təqdirəlayiqdir.

Beləliklə, bu qənaətə gəlirik ki, müasir müdafiə planlaşdırması yalnız məlum təhlükəyə cavab modeli deyil, proqnozlaşdırılması çətin olan regional və beynəlxalq risklərə qarşı strateji ehtiyat yaratmaq siyasətidir. Məhz buna görə də sülh əldə edildikdən sonra hərbi potensialın zəiflədilməsi deyil, onun yeni şəraitə uyğun təkmilləşdirilməsi uzaqgörənlik kimi dəyərləndirilməlidir.

Tarixdə strateji liderlər hərblə başladıqları işi, yəni müharibəni qazandıqdan sonra nisbi sülhün yenidən müharibəyə çevrilməsinə imkan verməyən güc balansını quruculuqla yaradanlardır. Bu mənada 2027-ci ilin müzakirə olunan dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təxminən 9 milyard manat vəsaitlə yanaşı Qarabağ və Şərqi Zəngəzurun bərpası, sosial proqramlar, infrastruktur və digər böyük xərc istiqamətlərinin mövcudluğu həmin yanaşmanın maddi ifadəsidir. Dövlətçilik fəlsəfəsinin ən güclü tezislərindən biri kimi dəyərləndirilən fundamental prioritet son dərəcə dəqiq və məharətlə müəyyənləşdirir: dövlət özünü müdafiə edə bilməzsə, digər inkişaf layihələrinin təhlükəsizliyi də təmin olunmayacaq. Burada təhlükəsizlik inkişafın rəqibi deyil, onun ilkin şərti kimi təqdim olunur.

2003-cü ildən bu strateji məqsədə nail olmaq üçün aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi də tam bərpa edildi.

Güclü institutlar – görünməyən təhlükəsizlik qalası

Zəif dövlət institutlarının varlığı milli təhlükəsizlik üçün nə qədər böyük risk yaratdığı bəllidir. 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi vəziyyət – separatizm, parçalanma təhlükəsi, iqtisadi böhran, dövlət çevrilişi cəhdləri və kütləvi qaçqın-məcburi köçkün probleminin eyni vaxtda mövcudluğu tarixi şansın əldən getməsinə səbəb ola bilərdi. Lakin böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasət meydanına qayıtmasından sonra müstəqillik tədricən möhkəmləndirildi və dönməzliyinin təmini üçün iqtisadi, siyasi və mədəni-mənəvi təməl yaradıldı. Daha sonra həmin böhrandan çıxışın əsas komponentləri olan dövlətçiliyin əsasları formalaşdırıldı, beynəlxalq təcriddən çıxışı təmin edildi, investisiyalar cəlb edildi və ümumi inkişaf strategiyası müəyyənləşdirildi.

Bu tarixi paralel bugünkü təhlükəsizlik siyasəti üçün ciddi analitik əhəmiyyət kəsb edir.

Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası da daxili təhlükəsizliyin möhkəmləndirilməsini dövlətin ən vacib vəzifələrindən biri kimi müəyyən edir və davamlı daxili təhlükəsizliyi sosial rifah, qanunun aliliyi, dövlət institutlarının effektivliyi və vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqələndirir. Sənəddə daxili dayanıqlığın dövlətin xarici risk və təhdidlərə cavab vermək qabiliyyətini gücləndirdiyi açıq şəkildə bildirilir. Məhz bu baxımdan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik siyasətində müşahidə olunan ən mühüm strateji keyfiyyətlərdən biri uzunmüddətli səbəb-nəticə əlaqələridir. Ərazi bütövlüyünün bərpası və qazanılan Zəfərimizin arxasında illərlə qurulan iqtisadi baza, enerji layihələri, hərbi modernləşmə, dövlət idarəçiliyinin mərkəzləşdirilmiş qərarvermə imkanları və xarici siyasətdə genişlənən manevr imkanları dayanır.

Qərar qəbul edə bilməyən siyasi sistem, işləməyən iqtisadiyyat, zəif ictimai institutlar və böhran zamanı koordinasiyasını itirən idarəetmə mexanizmi ən güclü ordunun imkanlarını belə məhdudlaşdıra bilər. Başqa sözlə 44 gün + 23 saat ərzində qazanılan nəticənin infrastrukturu xeyli daha əvvəl qurulmuşdu.

Uzaqgörənlik gələcəyi sadəcə proqnozlaşdırmaq deyil, gələcəkdə yarana biləcək imkan və təhlükələrə uyğun resursları illər öncə yaratmaq bacarığıdır. Dövlət başçısı çıxışında 1990-cı illərin əvvəllərində zəif dövlət modelindən bugünkü öz qərarını özü verən dövlət modelinə strateji transformasiyanın mahiyyətini “öz taleyimiz öz əlimizdədir” sözləri ilə ifadə edir. Bu sadə cümlə ilə təhlükəsizlik konsepsiyasının siyasi mahiyyəti çox dəqiq şərh olunur, yəni suverenlik yalnız bayraq, sərhəd və beynəlxalq tanınma deyil. Əsl suverenlik dövlətin iqtisadi qərarını, xarici siyasət kursunu, təhlükəsizlik prioritetini və inkişaf modelini kənar diktədən asılı olmadan özünün müəyyən etmək qabiliyyətidir. Məhz Prezident İlham Əliyevin çıxışından da aydın olur ki, məqsəd təkcə bugünkü sabitliyi qorumaq deyil, gələcək böhranların dövlətin inkişaf trayektoriyasını dəyişdirə bilməyəcəyi qədər möhkəm sistem yaratmaqdır.

Təhlükəsizlik modelinə strateji yanaşmaya əsasən də güclü dövlət təhlükə baş verəndə ona reaksiya göstərən dövlət deyil, təhlükəyə qarşı əvvəlcədən dayanıqlılıq yaradan dövlətdir.

Sərhədi olmayan əzəli və yeni təhlükə məkanı

Çağdaş dövrümüzdə ən diqqətçəkən və müasir təhlükəsizlik düşüncəsi baxımından ən mühümlərindən biri ideoloji təhlükəsizlikdir. Dövlət başçısı müasir dövrdə sərhədlərin texnologiya vasitəsilə etibarlı şəkildə qoruna bildiyini, lakin internet, kiberhücumlar və süni intellekt mühitində ideoloji və informasiya təsirlərinin sərhəd tanımadığını xüsusi vurğulayır.

Bu yanaşmanın strateji əhəmiyyəti ondadır ki, təhlükəsizlik obyektinin özü dəyişir. Əvvəllər dövlətin qoruduğu əsas məkan ərazi, sərhəd və kritik infrastruktur idisə, rəqəmsal dövrdə vətəndaşın informasiya mühiti, dünyagörüşü və qərarvermə qabiliyyəti də milli təhlükəsizlik sisteminin tərkib hissəsinə çevrilir. Süni intellekt texnologiyalarının generativ məzmun yaratmaq, həqiqətlə manipulyasiyanı bir-birindən ayırmağı çətinləşdirmək və xarici informasiya təsirinin miqyasını artırmaq imkanları bu məsələyə artıq nəzəri deyil, praktiki təhlükəsizlik problemi kimi yanaşmağı tələb edir.

Cənab Prezident İlham Əliyev bu sahədə yaranmış təhlükəni təsvir etmir, ona qarşı cəmiyyət səviyyəsində strateji müdafiə mexanizmini də konseptual yanaşma ilə müəyyənləşdirir: təhsil, bilik və vətənpərvərlik. İnformasiya hücumuna sadəcə texniki bloklama ilə cavab vermək kifayət etməz, daha dayanıqlı müdafiə modeli insanın özü ilə bağlıdır. Təhsilli, analitik və rasional düşüncə qabiliyyətinə malik cəmiyyət manipulyasiyaya qarşı ciddi təpki göstərmək iqtidarındadır.

Daxildə ictimai rəyin formalaşması olduqca vacibdir. Vahid istiqamətdə səfərbər olunmuş fikir xarici ölkələrdəki ictimai rəyə daha fəal təsir göstərə bilir. Ümumxalq işinə çevrilən hər hansı ideya beynəlxalq ictimai rəyin formalaşmasına müsbət təsir göstərir. Bu baxımdan da dövlətçilik şüuru xarici informasiya təsirinin daxili siyasi destabilizasiya vasitəsinə çevrilməsini çətinləşdirir.

Bu yanaşma son illərdə qəbul edilmiş institusional qərarlarda da qeyd olunur. Azərbaycan Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya” ölkənin informasiya məkanının müasir təhdidlərdən qorunmasını birbaşa milli təhlükəsizliyin əsas istiqamətlərindən biri kimi müəyyən edir və qabaqlayıcı müdafiə tədbirlərinin zəruriliyini vurğulayır.

Daha da əhəmiyyətlisi odur ki, 2025-ci ildə qəbul edilmiş Süni İntellekt Strategiyasında dövlət qurumlarında süni intellekt tətbiq edilən sahələr üzrə informasiya təhlükəsizliyi risklərinin ayrıca təhlili nəzərdə tutulub. 2026-cı ilin iyununda isə Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb və ölkə üzrə preventiv kibertəhlükəsizlik tədbirlərinin, məlumatlandırmanın və koordinasiyanın institusional əsası daha da gücləndirilib.

Hazırda ölkəmizdə ideoloji və informasiya təhlükəsizliyi hüquq-mühafizə məsələsi kimi deyil, təhsil, texnologiya, milli identiklik və rəqəmsal suverenliyin kəsişməsində yer alan çoxqatlı yanaşma ilə kompleks dövlət siyasəti kimi formalaşdırılır.

Siyasi müstəqilliyin maddi təminatı – həlledici təhlükəsizlik xətti

Təhlükəsizlik konsepsiyasının ikinci mühüm xüsusiyyəti də iqtisadi və maliyyə sabitliyinin sadəcə rifah göstəricisi kimi deyil, dövlətin siyasi müstəqilliyinin maddi təminatı kimi qiymətləndirilməsidir.

Bu yanaşmanı şərh etmək üçün rəqəmlərin arxasındakı strateji mənaya nəzər salmaq kifayətdir. Xarici borcun ÜDM-in 5,6 faizinə qədər endiyi, valyuta ehtiyatlarının isə xarici borcu təxminən 20 dəfə üstələdiyi məlumdur. Cənab Prezident isə Azərbaycanın xarici borcunu mövcud ehtiyatları hesabına faktiki olaraq bir gün ərzində sıfırlana biləcəyini xüsusi vurğulayıb.

İqtisadi nəzəriyyə baxımından aşağı borclanma özü avtomatik olaraq güclü iqtisadiyyat hesab olunsa da geosiyasi baxımdan yüksək likvid ehtiyatlar və aşağı xarici borc dövlətə mühüm strateji üstünlük qazandırmış olur. Bu isə xarici kreditorlardan, beynəlxalq maliyyə institutlarının şərtlərindən və böhran dövründə xaricdən təcili maliyyələşmə ehtiyacından asılılığı azaldır. Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində iqtisadi müstəqillik əvvəlcədən yaradıldığından onun siyasi dividendi böhranlar zamanı aydın görünür: Azərbaycan dövləti müstəqil xarici siyasət aparır, müdafiə xərclərini artırır, genişmiqyaslı bərpa proqramları həyata keçirir və eyni zamanda sosial öhdəliklərini qorumaq üçün xarici maliyyə mərkəzlərindən siyasi razılıq almağa məcbur qalmır.

Ölkəmizdə olan siyasi sabitlik, iqtisadi sabitlik, güclü və suveren maliyyə sistemi investor etimadının əsas şərtlərini təmin edir və xarici kapitalın cəlbi üçün maneə yaratmır. Eyni zamanda dövlətin maliyyə dayanıqlığı həmin kapitaldan həyati asılılıq yaratmamağa imkan verir.

Xarici investisiyanın cəlbi ilə strateji qərarvermə azadlığını məhdudlaşdıracaq borc və maliyyə asılılığı bir-biri ilə qarşılıqlı tərs mütənasibdir. Bu nöqteyi-nəzərdən geosiyasi qeyri-müəyyənliyin artdığı dövrdə Azərbaycanın iqtisadi təhlükəsizlik yanaşmasının mühüm xüsusiyyəti bunların arasında “qızıl orta”nı müəyyən etməklə balans yaratmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində maliyyə ehtiyatlarının yaradılması və xarici borcun azaldılmasına üstünlük verilməsi dünyada baş verən müharibələr, sanksiyalar, böhranlar zamanı beynəlxalq maliyyə və kapital bazarlarında yaranan məhz belə risklərə qarşı qabaqlayıcı sığorta mexanizmi kimi dəyərləndirilə bilər.

Beləliklə, bir daha yəqin olur ki, güclü iqtisadiyyat orduya resurs verir, sosial sabitliyi qoruyur, xarici siyasətə manevr imkanı yaradır və dövlətin böhran zamanı qərarvermə azadlığını saxlayır. Bu mənada deyə bilərik ki, yaradılmış iqtisadi müstəqillik ölkəmizin təhlükəsizlik fəlsəfəsində hərbi qüdrətin arxa cəbhəsi deyil, onun bərabərhüquqlu dayağıdır.

Hümbət Musayev

Mənbə: qafqazinfo.az