Kobaxidze qəzəbləndi: Allah eləməsin bu məsələdə onları qabaqlayaq

Kobaxidze qəzəbləndi: Allah eləməsin bu məsələdə onları qabaqlayaq

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukrayna və Moldovanın ölkəsini yalnız mənfi göstəricilərdə qabaqladığını bildirib.

Kobaxidze bu barədə Avropa Komissiyasının Ukrayna, Moldova, Albaniya və Monteneqro ilə bağlı genişlənmə prosesinə dair hazırlıq sənədlərini təsdiqləməsini şərh edərkən danışıb.

Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Gürcüstanın hazırda yalnız kağız üzərində namizəd olaraq qaldığını və ölkəni Moldova və Ukraynanın səviyyəsində görmək istədiyini bildirib.

Kobaxidze isə bu fikrə münasibət bildirərək deyib: “Əgər Moldova və Ukrayna hansısa məsələdə Gürcüstanı qabaqlayırsa, bu, yalnız mənfi göstəricilərə görədir. Allah eləməsin ki, bu məsələdə Moldovanı və Ukraynanı qabaqlayaq. Bizim öz yolumuz var. Bu yol sülh və iqtisadi inkişaf yoludur və biz mütləq bu istiqamətdə davam edəcəyik”.

Baş nazir Avropa Komissiyasından Gürcüstana münasibətdə “ədalətli, düzgün və sağlam yanaşma” gözlədiklərini vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan Assosiasiya Sazişi üzrə öhdəliklərin 90 faizini yerinə yetirib və Avropaya inteqrasiya kursunu davam etdirir.

Kobaxidze qeyd edib ki, Avropa Komissiyası Gürcüstana sağlam yanaşma nümayiş etdirərsə, Avropaya inteqrasiya prosesi maneəsiz şəkildə davam edə bilər.

Mənbə: publika.az