Bir vaxtlar dövlət idarəçiliyinin ən mühüm simalarından biri olan Ramiz Mehdiyev 88 yaşında mühakimə ediləcək.
Bir azdan ilk məhkəmə iclası başlayacaq.
Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək həbs cəzası gözləyir (Qanun 65 yaşdan yuxarı şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə imkan vermir – red.)
Bu gün bir həqiqəti təkrar xatırladır: Azərbaycanda hamı qanun qarşısında bərabərdir. Heç kim üçün xüsusi status və ya imtiyaz yoxdur. Bunun ən bariz nümunələrindən biri də elə özünü “Boz kardinal” kimi tanıdan Ramiz Mehdiyevin hazırkı aqibətidir.
Geridə qalan birillik istintaq dövründə ev dustağı olan “Boz kardinal”ın özü ilə yanaşı, oğlu, qızı, kürəkəni və gəlini də Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilib. Nə Mehdiyev, nə də ailə üzvləri indiyədək baş verənlərlə bağlı açıqlama veriblər.
Mehdiyevin məhkəmə iclasında iştirak edib-etməyəcəyi də hələlik məlum deyil. Tam dəqiqləşdirilməmiş məlumata görə, Mehdiyev prosesə evindən videokonfrans vasitəsilə qoşulmaq istəyir.
Ölkə gündəmində olan bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. Məhkəmə iclasının saat 10:30-da başlaması gözlənilir.
“Qafqazinfo”nun əməkdaşı hazırda məhkəmədədir. Xəbər yeni daxil olan məlumatlarla yenilənəcək.
Mənbə: qafqazinfo.az