2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatınsan sonra əsas məsələ artıq Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, iki dövlət arasında münasibətlərin hansı hüquqi və siyasi çərçivədə normallaşdırılması idi.
Bu mərhələdə Azərbaycanın diplomatik mövqeyinin əsas xətti dəyişmədi: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalı, qarşılıqlı ərazi iddialarından imtina edilməli və regionda kommunikasiyalar açılmalıdır.
Bu yanaşmanın mühüm nəticələrindən biri 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma oldu. Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətnini parafladılar. Eyni görüş çərçivəsində ATƏT-in Minsk prosesinin və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciət də imzalandı.
Vaşinqton Birgə Bəyannaməsində tərəflər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında kommunikasiyaların açılmasının vacibliyini təsdiqlədilər. Sənəddə Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz bağlantının yaradılması istiqamətində işlərin aparılması da qeyd olunur.
Bu, 2019-cu ildəki siyasi ritorika ilə müqayisədə prinsipial dəyişiklik idi. Bir vaxtlar Qarabağın Ermənistana birləşdirilməsi ideyasını səsləndirən Ermənistan rəhbərliyi 2025-ci ildə Azərbaycanla dövlətlərarası sülh sənədini paraflayan tərəfə çevrilmişdi.
Müharibənin digər tərəfi isə yalnız siyasi xəritə ilə ölçülmür.
İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin dağıdılması, mədəni irsə zərər vurulması, mina təhlükəsi və ekoloji fəsadlar Azərbaycanın qarşısında nəhəng bərpa və quruculuq vəzifəsi yaradıb.
Azərbaycan bu prosesi öz dövlət vəsaiti hesabına həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda yeni yolların, yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların və digər infrastruktur obyektlərinin tikintisi ilə yanaşı, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir.
“Böyük qayıdış” yalnız sosial layihə deyil. Bu proqram işğaldan azad edilmiş ərazilərin yenidən Azərbaycanın iqtisadi, demoqrafik və sosial məkanına inteqrasiyasının əsas mexanizmlərindən biridir.
Bununla paralel, Azərbaycanın maddi-mədəni irsinə dair Ermənistanda və digər platformalarda səsləndirilən iddialar da Bakı tərəfindən qəbuledilməz hesab olunur. Azərbaycan üçün suverenliyin bərpası yalnız əraziyə nəzarət məsələsi deyil, həmin ərazidəki tarixi və mədəni irsin qorunması hüququnu da əhatə edir.
2019-cu ilin Xankəndisi ilə 2025-ci ilin Vaşinqtonu arasında baş verənlər Cənubi Qafqazın siyasi reallığının necə dəyişdiyini göstərir.
2019-cu ildə Ermənistan rəhbərliyinin gündəmində Qarabağın Ermənistana birləşdirilməsi tezisi vardı. 2020-ci ildə Tovuz hadisələri hərbi eskalasiyanın yeni mərhələsini yaratdı. 44 günlük müharibə Azərbaycanın hərbi üstünlüyünü və ərazi bütövlüyünün bərpası iradəsini ortaya qoydu. 2020-2023-cü illər arasında diplomatik və hərbi-siyasi qarşıdurma davam etdi. 2023-cü ilin sentyabrında isə Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərpa etdi. 2025-ci ildə Vaşinqtonda tərəflər dövlətlərarası sülh sazişinin mətnini parafladılar və Minsk prosesinin bağlanması istiqamətində razılıq əldə etdilər.
Bu xronologiyanın Azərbaycan baxımından əsas nəticəsi ondan ibarətdir ki, ölkənin siyasi rəhbərliyi 1990-cı illərdən formalaşmış status-kvonu dəyişdirməyə nail oldu. Lakin bu dəyişiklik yalnız hərbi nəticə ilə məhdudlaşmadı. Azərbaycanın qarşısında indi daha mürəkkəb mərhələ dayanır: əldə edilmiş sülh çərçivəsinin hüquqi baxımdan tamamlanması, regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və azad edilmiş ərazilərin davamlı inkişafının təmin edilməsi.
Nəticədə Cənubi Qafqazda yeni reallıq yaranıb: Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunub, separatçı qurumun fəaliyyəti sona çatıb və Azərbaycan-Ermənistan münasibətlərinin gündəliyi artıq münaqişənin statusundan deyil, dövlətlərarası sülhün hüquqi və praktiki mexanizmlərindən formalaşır.
Bu baxımdan 2019-cu ildə Xankəndidə səsləndirilən “Artsax Ermənistandır” ifadəsi ilə 2025-ci ildə Vaşinqtonda imzalanmış sənədlərin məzmunu arasındakı fərq sadəcə siyasi ritorikanın dəyişməsi deyil. Bu, Cənubi Qafqazdakı siyasi reallığın dəyişməsinin göstəricisidir.
Mənbə: unikal.az